Türkiyədə hakim partiyanın namizədi, ötən gün martın 31-də keçirilən bələdiyyə seçkilərində İstanbul böyük şəhər bələdiyyəsinin başqanı uğrunda mübarizəni Yüksək Seçki Kurumunun açıqladığı rəqəmlərə görə uduzan Binəli Yıldırım təslim olmaq istəmir.
Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, ötən gün öz qələbəsini elan və istanbullulara təşəkkür bildirən, lakin daha sonra rəqibinin onu üstələdiyi haqda xəbərlərdən sonra “kölgəyə çəkilən” Yıldırım nəhayət jurnalistlərin qarşısına çıxıb.
O, az əvvəl AKP-nin İstanbul şöbəsinin qərargahında brifinq keçirib və deyib ki, son məlumatlara görə rəqib namizəd Əkrəm İmamoğlu 25 minə yaxın səslə öndə gedir. Lakin aradakı fərqin 10 qatından çox etibarsız səs var. “Bu, çox önəmli detaldır. Şübhəsiz ki, YSK mandatı kimə versə başqan o olacaq. Etibarsız sayılan səslər aradakı fərqin 10 qatıdır. Nəticələri dəyişdirə bilər”-Yıldırım bildirib.
AKP-nin namizədi deyib ki, hazırda İstanbulda səslərin sayılması davam etməkdədir və 14 seçki qutusunda səslər sayılacaq. Habelə bəzi pozuntular, məlumatların xətalı şəkildə daxil edilməsi halları var.
“Etibarsız səslərin sayı 319 minə yaxındır. İstanbul xalqına təşəkkür edirəm, qazanan kim olursa olsun, çox gözəl seçki kampaniyası keçirdik”--Yıldırım bildirib.


Şərhlər