“Məni həbs edə bilərlər” - Qubad İbadoğlu -MÜSAHİBƏ

"Kimlərsə mənim bu prosesdə iştirakımı istəmir və yaradılmış baryerlərlə, əngəllərlə bunu həyata keçirir" \

Müsavat Divanının üzvü, bu partiyanın başqanlığına iddiaçı, İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu 28 avqustda Respublika Prokurorluğuna çağırılıb. İqtisadçı alimi orada 6 saat ərzində dindiriblər. Avqustun 29-da “Yeni Müsavat” qəzetinin qonağı olan Q. İbadoğlu bu barədə və eyni zamanda, Müsavat başqanlığına iddiaçı olaraq şansları, fəaliyyət proqramı barədə danışıb. Həmin müsahibənin birinci hissəsini təqdim edirik.

- Nədir çətinlikləriniz? Müsavat başqanlığına namizədliyinizlə bağlıdır, yoxsa başqa çətinlikdən söhbət gedir?

- Hər iki istiqamətdə var. Birincisi, mənim peşəkar fəaliyyətimlə bağlıdır. Bildiyiniz kimi, mən də vətəndaş cəmiyyəti institutlarından birində - İqtisadi Tədqiqatlar Mərkəzində çalışıram. Uzun müddətdən bəri vətəndaş cəmiyyəti ilə hökumət arasında bir gərginlik var və bu barədə geniş danışmaq istəmirəm, çünki məlumat vermişik. Hökumətin təzyiqlərinə, vətəndaş cəmiyyətinə təsirlərinə hər zaman öyrəncəli olmuşam. Bilirsiniz ki, bu istiqamətdə ən çətin problemlərdən biri də vətəndaş cəmiyyəti içərisində həmrəylik və səfərbərliyin təşkili ilə bağlı idi. Bir müddət əvvəl biz bir qrup vətəndaş cəmiyyəti adından mətbuat konfransı keçirdik və mövqeyimizi ortaya qoyduq ki, təzyiqlər vətəndaş cəmiyyətinin sıradan çıxarılmasına yönəlib Bu arada təmsil etdiyim təşkilat hesabı blokda olsa - fəaliyyətimiz iyunun 27-dən dayansa da, son iki gündə daha ciddi təzyiqlərlə üzləşmişik.

- Mən bu arada oxucular üçün bir arayış verim ki, Qubad bəyi dünən - avqustun 28-də redaksiyaya dəvət etmişdik. Amma belə məlum oldu ki, onu dünən başqa bir yerə də dəvət etmişdilər və 6 saatını orda keçirib. Sirr deyilsə, hara getmişdiniz və 6 saatınızı harda keçirmişdiniz?

- Mən dünən bura gəlməyə hazırlaşırdım. Amma sonra məlum oldu ki, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə getməliyəm.

- Dindirildinizmi?

- Bəli, dünən demək olar ki, bütün günümü orda keçirdim. Günün birinci və ikinci hissəsində dindirilmə davam etdi. Bu da mənim qeyd etdiyim problemlə - vətəndaş cəmiyyətindəki mövcud problemlə bağlı idi.

- Sizi ilk dəfədir dindirirlər?

- Bu istiqamətdə ilk dəfədir dindirilmə olub. Doğrusu, mən indiyə qədər belə dəvəti gözləyirdim. Çox maraqlıdır ki, bu dəvət məhz Müsavat Partiyasında başqanlığa iddiaçıların öz namizədliklərini qeydiyyata keçirmək və eyni zamanda təbliğat üçün elan edilən gün başladı. Həmin günü Respublika Prokurorluğunda keçirdim.

- Sizcə, bu, təsadüf idi?

- Sadəcə, prokurorluğa dəvətlə bu iş bitsəydi, bunu təsadüf hesab edərdim. Amma öz ofisimizə qayıdanda bəlli oldu ki, Səbayel və Nəsimi məhkəmələri eyni tarixdə, eyni məzmunda qərarla mənim çalışdığım İqtisadi Tədqiqatlar Mərkəzinin bank hesabına həbs qoyublar. Bu azmış kimi, mənim şəxsi bank hesablarıma - bütün fərdi, cari, kart hesablarına dünəndən həbs qoyulub.

- Bu, necə ola bilər? Məhkəmə qərarı olmadan...

- Məhkəmə qərarında elə bu cür də yazılıb ki, təşkilatın, konkret olaraq mənim bank hesabıma həbs qoyulur. Bu istiqamətdə də bizim məhkəməyə dəvət, orada iştirak etmək barədə hər hansı danışığımız olmayıb.

- Müdafiə olunmadan, prosesdə iştirak etmədən bank hesablarınıza həbs qoyulub. Bəs əsas nədir?

- Əsas çox ümumidir. Azərbaycanda xeyli müddətdir başlanmış qeyri-hökumət təşkilatlarının fəaliyyətinin yoxlanması ilə bağlıdır. Oradakı istiqamətlərdən biri çirkli pulların yuyulması, terrorizmə qarşı mübarizə kimi bəndlərdir.

- Necə? Sizə qarşı bu sadaladığınız ittihamlar var?

- Bu, ümumi yanaşmadır. İstintaq o yöndə gedir. Məsələ bundan ibarətdir ki, biz hələ məhkəmə qərarını da götürə bilməmişik. Biz bu gün ona cəhd etdik. Gözləyirik, nahardan sonra bir daha müraciət edəcəyik. Biz dedik ki, məhkəmənin qərarını götürüb ondan apelyasiya şikayəti vermək istəyirik. Məhkəmənin qərarı ilə bağlı məlumatı bizə bank çatdırıb.

- Hansı banklardır?

- Respublika Bankı və Beynəlxalq Bank.

- Siz bir iqtisadçı alim kimi beynəlxalq təcrübədə bunun analoqunu görmüsünüzmü? Banklar ilk olaraqmı istintaqda vətəndaş üçün zərbə nöqtəsi ola bilər?

- Bu, beynəlxalq hüquq normalarına ziddir. Hətta belə bir istintaq getmiş olsaydı belə, zərərçəkən tərəf bu barədə məlumatlandırılmalı idi. Ola bilər ki, məhkəmə qapalı keçirilsin, hansısa qərarlar olsun. Amma məhkəmə qərarı nəyinsə əsasında verilməlidir, istintaq materiallarına istinad etməlidir. Əgər istintaq gedibsə, müəyyən materiallar yığılıbsa, bu materiallar fərd olaraq mənim və çalışdığım təşkilatın fəaliyyəti ilə bağlıdırsa, təşkilat və həmçinin mənimlə bağlı qərar çıxarılıbsa mənim özümün məlumatım olmalıydı. Amma xəbərdarlıq etmədən, heç bir istintaq fəaliyyəti olmadan belə bir qərarın çıxarılması qanunvericiliyə ziddir.

- Yəni sizin bütün maddi ehtiyatlarınız həbs altındadır...

- Bəli. Sizə deyim ki, mənim elə böyük maddi ehtiyatlarım yoxdur. Amma həm əməkhaqqı aldığım kart, cari hesabım, təşkilatın hesabı bağlıdır. Bu, yalnız mənim maddi vəsaitlərimə həbs qoyulması ilə bitmir. Bilirsiniz ki, təşkilat varsa, bunun sabit xərcləri var - aylıq kommunal, ofis xərcləri... Bu isə o deməkdir ki, indiki halda heç bir maliyyə mənbəyi olmadan təşkilat bu xərcləri müəyyən müddət qarşılamaq zorunda olacaq. Bu, yalnız mövcud maliyyənin həbs altına alınması yox, eyni zamanda yeni xərclərin yaradılması deməkdir. Bu iki gündə baş verənlər məni xeyli qayğılandırır.

- Müsavat başqanlığına iddiadan geri çəkilməyi düşünürsüzmü? Bəlkə kimlərsə sizin namizədliyinizi irəli sürüb kampaniya aparmağınızı istəmir.

- Hər halda, belə qənaətə gəlmək olur ki, kimlərsə mənim bu prosesdə iştirakımı istəmir və yaradılmış baryerlərlə, əngəllərlə bunu həyata keçirir. Hesab etmirəm ki, bu, dünən və srağagünkü proseslərlə yekunlaşacaq.

- Həbsinizi gözləyirsinizmi? Siz daha çox informasiyalısınız. Daha çox hansı mövzularda suallar verilib? Şəxsi hesablarınız, təşkilatın hesabları bağlı, istintaq altında saatlarla qalmısınız. Yeri gəlmişkən, ölkədən çıxmaq haqda qadağa varmı?

- Yoxdur, amma istisna deyil... (fikrini dəyişir) İndi yoxdur deyirəm, amma bəlkə də var, mənim məlumatım yoxdur.

- Qayıdaq suala: Qubad İbadoğlu özünün həbsini gözləyirmi?

- İndiki şərtlər çərçivəsində həbs təhlükəsi gözləniləndir. Mən gözləyirəm. Nəzərə alsaq ki, Qubad İbadoğlu indiki halda ölkəni tərk etmək, eyni zamanda danışmaq, hərəkət etmək niyyətindədir. Bilirəm ki, belə olan hallarda ssenarilərdən, təkliflərdən biri ondan ibarətdir ki, biz susaq, bu barədə danışmayaq.

- Konkret Sizə təklif olunubmu?

- Yox, bu mənə təklif olunmayıb.

- Bəs “Müsavat başqanlığına namizədliyinizi verməyin” deyə təklif almısızmı?

- Xeyr, o barədə də mənə heç bir təklif, işarə olunmayıb və müzakirələr də keçirilməyib.

- Azadlığınız müqabilində təklif olunsa ki, namizədliyinizi verməyin, nə edəcəksiniz? Əks halda tutulacağınızı bilsəniz...

- Yox, indiki halda Müsavat başqanlığına iddiamı gerçəkləşdirib, onu namizədlik statusuna gətirmək niyyətindəyəm. Heç bir şərtlə, təkliflə onu dəyişmək niyyətində deyiləm. Həbs olunmaqdan da heç bir qorxum yoxdur. Nəzərə almaq lazımdır ki, bu həbs mənim fəaliyyətimin, əlaqələrimin, malik olduğum resursların daha ciddi şəkildə məhdudlaşdırılması deməkdir. İndiki halda mən görürəm ki, resurslarımın məhdudlaşdırılması prosesi gedir. Söhbət təkcə maliyyə resurslarından getmir. Söhbət vaxtdan, eyni zamanda kampaniya üçün müəyyən hazırlıq işlərindən gedir. Hesab edirəm ki, indiki vaxtda bu istiqamətdə fəaliyyət göstərməliyəm, amma məni başqa müstəviyə çəkiblər. Hansı ki, 3 aydır bu proses başlayıb və mən hər zaman gözləmişəm ki, müəyyən müzakirələrdə iştirak edəcəm. Amma çox maraqlıdır ki, bu müddət ərzində mənə elə bir müraciət olmur. İddianı ortaya qoyanda bəlli olur ki, mən bu işlə bağlı ifadə verməliyəm, bank hesablarıma həbs qoyulmalıdır. Hesab edirəm ki, bu, siyasi qərardır və bir qrup tərəfindən mənim Müsavat başqanlığına iddiamın - hələ ki, elan etməmişəm - geri götürülməsinə bir təzyiqdir. Amma mən iddiamı ortaya qoymuşam və yaxın zamanda namizədliyimi qeydə aldırmaq niyyətindəyəm. Bunun gecikməsinin müəyyən səbəbləri vardı. Çünki biz partiya daxilində də qurultaya hazırlıq üzrə təşkilat komitəsinin iclasında bir sıra təkliflər irəli sürmüşdük. Məqsəd Müsavat Partiyasında başqanlıq və digər yerlərlə bağlı keçiriləcək seçkilərdə iştirak edən namizədlərin bərabər hüquq və imkanlarının təminatı ilə bağlı idi. Bildiyiniz kimi, mən iki gün əvvəl Müsavat Partiyasının Divan üzvlüyündən istefa verdim. Düşündüm ki, iddiamı ortaya qoyub, namizədliyimi irəli sürürəmsə, digər namizədlərlə eyni statusda olmağım daha düzgündür. Təbii ki, eyni imkan və hüquqlardan danışmaq mümkündür. Bununla da mesaj yolladım ki, mənimlə bu prosesə qoşulan dostlar da eyni qərarı qəbul etsinlər. Məndə olan məlumata görə, Səxavət Əlisoy da müşavirlikdən istefa verib. Düşünürəm ki, digərləri də yaxın günlərdə seçkilərdə bərabər şəraitin yaradılması üçün hazırkı statuslarından geri çəkilib fəaliyyətlərini dayandıracaqlar. Bir təklif bundan ibarətdir. İkinci qrup təklif isə ondan ibarət idi ki, Müsavat Partiyasında da bir qurum olduğuna, orda inzibati resurslar formalaşdığına görə təklif verdik ki, icra strukturu seçki prosesində iştirak etməsin. Bilirsiniz ki, Müsavatda İcra Aparatı var. Bu aparat geniş maliyyə imkanlarına malik deyil. Amma İcra Aparatı bir statusdur və tənzimləmə imkanlarına malikdir. Eyni zamanda informasiyaya çıxış, qurultay nümayəndələri ilə əlaqələrin yaradılması, müəyyən təsirlərin edilməsi baxımdan İcra Aparatı əlavə inzibati resurslar yaradır. Təklif etdim ki, İcra Aparatı seçki prosesinə qarışmasın. Hətta Azərbaycanda bizim razılaşmadığımız seçki prosesində də Azərbaycan hakimiyyət dairələri çalışır ki, açıq şəkildə icra strukturlarının seçki prosesinə qarışmasına yol verməsinlər. Düşünürəm ki, bu, seçkinin çox sadə və vacib normalarından biridir. Müsavatda keçirilən seçkilərdə də bu, nəzərə alınmalıdır. Bilirsiniz ki, Müsavat başqanlığına namizədlərdən biri İcra Aparatına rəhbərlik edir. O status eyni zamanda imkan verir ki, qurultay nümayəndələrinə müəyyən dərəcədə təsirlər olsun. Eyni zamanda nəzərə almaq lazımdır ki, İcra Aparatının bütün üzvləri Müsavatın qurultaya hazırlıq üzrə təşkilat komitəsinin üzvləridir.

- Siz çox rahat şəkildə partiya daxilində rəqiblərlə bağlı apardığınız kampaniyanı, şərtləri danışırsınız. Sizə həsəd aparmamaq mümkün deyil. Amma vəziyyət başqa istiqamətlərdə tamam fərqlidir. Biz bir qəzetçi olaraq o istiqaməti çözməyə daha maraqlıyıq. Niyə? Sizi istintaqa çağırıblar, hesablara həbs qoyublar? Bayaq anons verdiniz ki, çirkli pulları Sizdəmi axtarırlar? O zaman suallar yaranır: sizdən nə istəyirlər? Sizə hansı suallar veriblər? Bu “QHT işi” hansı istiqamətə doğru gedir? Niyə bu adamları tuturlar?

- Əvvəla, hesab edirəm ki, bu, uzunmüddətli hazırlanmış strateji məsələdir. Azərbaycan hakimiyyət dairələri strateji olaraq qərar verib ki, Azərbaycanda vətəndaş cəmiyyətini sıradan çıxarsınlar. Bu qərarın reallaşdırılması istiqamətində çox müxtəlif addımlar var. Bir addım mövcud QHT-lərin fəaliyyətini dayandırmaqdır. Bunun üçün çox sadə variantlardan biri bank hesablarının dondurulması, eyni zamanda bank hesablarına həbsin qoyulmasıdır. Bunu bütün təşkilatlar üçün etmirlər təbii ki. Seçirlər, hansı təşkilatlar ki, onların siyahısındadır, onlara qarşı edirlər. Bu təşkilatların sayı 20-dən çoxdur, onların bank hesabı dondurulub və ya həbs qoyulub. İkinci istiqamət isə mən hesab edirəm ki, yalnız təşkilatın fəaliyyətinin məhdudlaşdırılması deyil. Eyni zamanda vətəndaş cəmiyyəti institutunun rəhbərinin, liderinin fəaliyyətinin məhdudlaşdırılmasıdır. Təbii ki, təşkilatın fəaliyyətinin məhdudlaşdırılması texniki vasitələrlə mümkündür. Amma liderin fəaliyyətinin məhdudlaşdırılması üçün siyasi qərarlar qəbul edilməlidir. Artıq bu istiqamətdə bizim həmkarların, QHT rəhbərlərinin həbsi baş tutub. Bu, o deməkdir ki, cəza təkcə onların fəaliyyətinin dayandırılması ilə yox, həm də özlərinin məhbəsə salınması ilə davam etməlidir.

- Bu, nəzəri tərəfi... Bəs praktiki tərəf nədən xəbər verir? Sizdən istintaqda nə soruşdular?

- Mən bunu detallı şəkildə açıqlaya bilmirəm.

- Niyə? Hamı belə deyir, amma nəticə eyni olur. Onsuz da axırda tuturlar...

- Biz orda öhdəlik götürürük. Əvvəlcədən sənəd imzalanır ki, bu istiqamətdə danışıqları ictimailəşdirsək, Azərbaycan qanunvericiliyinə görə cəzalandırılacağıq. Onu bizə imzalatmadan buraxmırlar.

- Amma bizə də bəzi məlumatlar daxil olur. Məsələn, doğrudurmu ki, orda inqilabdan söhbət gedir?

(ardı var)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar