Soner Cagaptay Foreign Affairs məcmuəsində “Yeni Davutoglu” məqaləsində Türkiyənin yeni baş naziri Ahmety Davutoglu haqda yazır ki, Davutoglu 1990-cı illərdə öz karyerasına beynəlxalq münasibətlər üzrə professor kimi başlayıb.
2003-cü ildə xarici işlər naziri Abdulla Gülün müşaviri olsa da yenə az tanınırdı. Müəllif yazır ki, 2005-ci ildə onunla Ankarada görüşəndə təəssüratı belə olub ki, Osmanlı tarixini dərindən bilən Davutoglu Türkiyəni regional gücə çevirmək əzmindədir.
Ancaq müəllifin fikrincə, Osmanlını canlandıran Davutoglu Türkiyənin xarici siyasətində Atatürkçülüyü aradan qaldırdı.
Bunun nə demək olduğunu geniş izah edən müəllif yazır ki, Mustaf Kamal Atatürkün bir şüarı vardı: “Qərbə gedin”.
Atatürk və ondan sonra gələn ölkə başçıları Türkiyəni Avropa ölkəsinə çevirmək istəyirdilər.
Bunu etmək üçün bütün türk sivilizasiyasını, Yaxın Şərqdə Osmanlının rolunu, ölkənin müsəlman irsini yenidən qiymətləndirmək lazım idi.
Nəticədə Türkiyə yeni dünyəvi milli mənliyi olan, xarici siyasətdə qarışmamaq mövqeyindən çıxış edən müasir ölkə olmalı idi. Və bir gün o, Avropa ölkələri sırasına qoşulmalı idi.
Davutoglu Atatürkçü deyil. Onun baxışları - Osmanlı dövrünün dövlətçiliyini ideallaşdırmaq, Yaxın Şərqlə Türkiyənin əlaqələrini möhkəmləndirmək və Türkiyənin regionda hakimiyyətini gücləndirməkdir.
Müəllifin fikrincə, Osmanlının yenidən dirçəldilməsi Türkiyənin regiona qaynayıb-qarışması Türkiyəni regional təhlükələrə həssas etdi.
Cagaptay yazır ki, Davutoglunun xarici işlər naziri kimi siyasəti Türkiyəni Yaxın Şərqin bir hissəsinə çevirib və Ankaranın bundan yaxa qurtarması artıq gecdir.
Türkiyə indi Yaxın Şərq reallığının bir parçasıdır, Yaxın Şərqin bütün problemləri ilə Türkiyə də üz-üzədir.
Müəlliufin fikrincə, indi Davutoglunun cəmi bir yolu var: Atatürkün mantrası – “Qərbə gedin”.
Bu halda Türkiyə özünün həqiqi müttəfiqləri – ABŞ, Avropa ölkələri ilə birlikdə regional təhlükələrə sinə gərə bilər. /AzadlıqRadiosu


Şərhlər