Menu

"Elinanın vəfatı ilə əlaqədar istintaq tədbirləri davam etdirilir" - Baş Prokurorluq

30.05.2019, 18:17
"Elinanın vəfatı ilə əlaqədar istintaq tədbirləri davam etdirilir" - Baş Prokurorluq

Məktəblinin vəfatı ilə əlaqədar intensiv istintaq tədbirləri davam etdirilir. Bu barədə Baş Prokurorluğun yaydığı açıqlamada bildirilib.Məlumatda xatırladılıb ki, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə Bakı şəhər prokurorluğunda başlanmış cinayət işi üzrə məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib:

"İstintaq qrupu tərəfindən cinayət işi üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədi ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mütəxəssisləri cəlb edilməklə intensiv istintaq tədbirləri həyata keçirilir.

Belə ki, iş üzrə çoxsaylı şahidlər, o cümlədən Elina Hacıyevanın təhsil aldığı məktəbin vəzifəli şəxsləri, müəllimləri və sinif yoldaşları dindirilib, videomüşahidə kameralarına, mobil telefonlara, sənədlərə baxış keçirilib, mobil telefonlarla aparılan danışıqlara, yazışmalara dair məlumatlar əldə edilməklə təhlil olunub.

Cinayət işi üzrə yüksək ixtisaslı, böyük elmi və iş təcrübəsi olan peşəkar ekspertlər cəlb edilməklə komisyon məhkəmə-tibbi, məhkəmə-xətşünaslıq, məhkəmə kompüter-texniki, məhkəmə-psixoloji, məhkəmə-fonoskopik ekspertizaları təyin edilib, müvafiq sorğular verilib.

E.Hacıyevaya tibbi yardım göstərilməsi məqsədilə təcili tibbi yardım xidmətinə vaxtında müraciət olunması, hadisə yerində və xəstəxanada lazımi tibbi yardımın göstərilməsi, müalicəsinin diaqnoza uyğun aparılması, xəstəxanaya gec çatdırılmasının ölümü ilə səbəbli əlaqəsinin olması və sair əhəmiyyət kəsb edən halların aydınlaşdırılması istiqamətində zəruri prosessual tədbirlər həyata keçirilir.

Hazırda cinayət işi üzrə bütün xüsusatlar tam və hərtərəfli araşdırılmaqla toplanmış mötəbər sübutlara əsasən təqsiri müəyyən olunacaq bütün şəxslərin əməllərinə hüquqi qiymət verilməsi təmin olunacaq".

Şərhlər

Elli 2019-05-30 18:17:15

Heyf uşaqdan. Ürəyimiz xarab olur. Göz görə-görə yes yekə balamız tələf oldu. Barı günahkarlar həbs olunaydı, əgər ədalət var idisə. Allahtaaladan valideynlərinə başsağlığı diləyirəm. Ədaləti isə çox gözlədikkkk!

t.ədalət 2019-05-30 18:17:15

İstintaq yəqin ki məktəbin direktorunu və İHB-nın müavini Xalidə Bayramovanı cinayətdən kənarlaşdırmaq üçün bir az uzanır.Əlbəttə,bu dünyada haqqı qoruya bilməyənlərin hər iki dünyada Allah qarşısında cəzası var.Körpənin qanını batıranların öz körpələri üçün belə hadisənin olmayacağına zəmanət vermək çətindir."Gərdişi-dövranı gəcrəftar" hər şeyi dəyişdirə bilir..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol