Müdafiə Nazirliyinə məxsus Cəlilabad rayon Göytəpə şəhərində yerləşən N saylı hərbi hissənin şəhərciyində 2013-cü ilin sentyabr ayından telefon xəttləri kəsilib. Bu barədə AzPolitika.info-ya şəhərciyin sakinlərindən olan Zaur Ələkbərov məlumat verib. Onun dediyinə görə, telefon xətti təmir adı ilə kəsilib, lakin üzərindən bir ilə yaxın vaxt keçsə də, 27 abonentin telefon xəttinin bərpasına nail olmaq mümkün olmur.
Z.Ələkbərov deyir ki, yerli rabitə şöbəsinə müraciətlərdən sonra şöbə rəisi hərbi hissə komandanlığı ilə görüşüb və sakinlərə məlumat verib ki, komandanlıq hərbi hissənin şəhərciyində yaşayan keçmiş hərbi qulluqçuların şəhərcikdən çıxarılacağını, ona görə telefon xəttlərinin bərpa olunmadığını bildirib. Lakin Müdafiə Nazirliyinə müvafiq sorğuya belə cavab verilib ki, onlarda hərbi hissənin köçürülməsi ilə bağlı məlumat yoxdur. Bundan sonra sakinlər yenidən Rabitə və Müdafiə nazirliklərinə rəsmi müraciət ediblər. “Nəhayət 1 ay yarımdan sonra Müdafiə Nazirliyinin Lənkaran Mənzil İstismar hissəsindən belə bir cavab gəldi: “Hərbi hissə komandanlığı tərəfindən internetdən istifadə qadağan olunduğundan mənzillərə telefon xəttinin çəkilişi dayandırılmışdır”.
Z.Ələkbərov deyir ki, bu məntiqsizliyi anlamaqda çətinlik çəkirlər. Nədən ki, onsuz da şəhərcikdə hamı mobil operatorların data kartları vasitəsilə internetə qoşulur. Belə olduğu halda hərbi hissə rəhbərliyinin məqsədini anlamaq çətindir.
V.Nəsibov

Şərhlər