4 İYUN QİYAMINDAN 26 İL KEÇİR... - “Baş qiyamçı” hələ də sağ və cəzasız gəzir!

Bu gün 4 iyundur. İndi bəlkə də küçəyə çıxıb sorğu keçirsək, yaşı 25-dən az olan gənclər 4 iyunun nəylə əlamətdar olduğunu bilməyəcəklər, amma 20-26 il öncə ölkə əhalisinin yetkin qismi bu gün haqqında hər şeyi bilirdi.

Qiyam günüdür 4 iyun. Hərbi qiyam günü. Ölkəmizdə başlanmış, amma ardı gəlməyən vətəndaş müharibəsinin ilk günü. Dövlət çevrilişinin başlanğıc günü.

Günün “qəhrəman”ı hələ də sağdır, Surət Hüseynov bu qanlı, faciəvi günə görə layiq olduğu cəzanı almayıb.

Hər şey, silahlı qiyam, hakimiyyət dəyişikliyi-filan bir yana dursun, təkcə Prezident Qvardiyasının igid əsgərlərinin aldadılaraq tərk-silah edilməsi və az sonra sərnişin olduqları avtobusda namərdcəsinə gülləbaran edilərək qətlə yetirilməsi epizoduna görə Surət də, onun yardımçıları da ciddi şəkildə cəzalandırılmalıydılar.

Düzdür, onlardan bir neçəsi törətdikləri qiyamın və qırğının ikinci həftəsinin tamamında bir-birini İH başçısının kabinetində güllələyib öldürdülər, bəziləri türmələrdə öldü, bir neçəsi içəridən yarımcan çıxdı,  didərgin düşənlər oldu, amma “baş qiyamçı” hələ də sağ və cəzasız gəzir.

Onun da başına çox iş gəldi, ilyarım oyuncaq baş nazir oldu, sonra daha bir qiyam törədərək prezident olmaq istədi, alınmadı, Rusiyaya qaçdı, amma ovaxtkı iqtidar, Rusiya ilə daha köhnə və güclü əlaqələri olan Heydər Əliyev onu ruslardan aldı, qolubağlı qara qul kimi ölkəyə gətirdi, mühakimə etdirdi, türməyə saldı.

Ancaq bu adamın çəkdiyi 10 illik cəza heç də əsl cinayətinə görə olmadı, sonrakı əməllərinə görə oldu.

İndi danışdırsan, deyəcək ki, 4 iyunda Gəncə camaatını qızışdırıb (“şəhərimizi işğal etməyə gəlirlər”), silahlandırıb, qiyam qaldırdığına görə peşman deyil. Havayı söhbətdir. Surət Hüseynov başına gələn ağrı-acılara, çəkdiyi iztirab və məhrumiyyətlərə görə vaxtilə törətdiyi əməllərdən çoxdan peşman olmuş olmalıdır.

Yox, əgər doğrudan da peşman deyilsə, demək, ona nə ediblərsə, haqq ediblər.

Bu adam Azərbaycan adlı, artıq düz və hamar rels üstünə oturmuş qatarın yolunda bomba partlatdı, o qatarı durdurdu, sonra da relsinin dəyişib başqa istiqamətə getməsinə səbəb oldu. 27 ildir ki, o qatar öz yoluna qayıda bilmir.

Yuxarıda ötəri dedik, bir daha təkrar edək, 4 iyun qiyamının bilavasitə iştirakçılarının, birinci və ikinci dərəcəli rol oyunçularının heç biri xoşbəxt olmadı, uğur qazanmadı, normal həyat yaşaya bilmədi.

Bəs Surətin və çetesinin, eləcə də himayədarlarının devirdiyi Elçibəy hökuməti ideal idimi? Deyildi. Fəqət bu birillik hakimiyyət düz yoldaydı, nəsə etməyə çalışırdı, bacardığı qədər də edirdi. Məsələn, hələ bu gün də yüz minlərlə gəncin yararlandığı test üsulu ilə tələbə qəbulu o iqtidarın parlaq islahatının əsəri idi.

Dövlət müstəqilliyi qazandığımızdan 20 il keçəndən sonra yaradılmış idarəetmə üsullarını, tətbiq edilən yeni icra mexanizmlərini, yenilikləri əsas götürərək, “birillik hakimiyyət”lə müqayisə aparmaq nəinki qüsurlu müqayisədir, ümumiyyətlə, müqayisə predmeti olacaq bir şey deyil.

4 iyun qiyamı olmasaydı necə, ölkə güllük-gülüstanlıq olacaqdımı? Xeyr, buna çatmaq asan olmayacaqdı.

Sadəcə, hakimiyyət komandaları bir-birini əvəz edəcək, bir-birindən yaxşı olmağa çalışacaq, daima inkişaf, tərəqqi hayında olacaqdılar.

Ancaq yaxın və bənzər ölkələrin təcrübəsi göstərir ki, cəmiyyət demokratiyaya hazır olmadıqca, əvvəl-axır hakimiyyətə bir “dəmir əl” sahibi gəlir, demokratik institutları boğur, insan azadlıqlarını məhdudlaşdırır.

Bugünkü prizmadan baxanda və oturub təhlil edəndə görürsən ki, 4 iyun qiyamı olmasaydı da, 4 oktyabr, 4 fevral qiyamları, yaxud da istənilən bir təqvim günündə qüdrətli qonşu dövlətlərin dəstəyi ilə dövlət çevrilişləri, “qırmızı”, “yaşıl” inqilablar ola bilərdi.

Ona görə ki, yeni təşəkkül tapmış Azərbaycan dövləti çox gənc və köməksiz idi, üstəlik, müharibə aparırdı. Daxilində ciddi ixtilafları olan cəmiyyət həm yeni dövləti, həm də özünün səs verib dövlət başına keçirdiyi iqtidarı qorumağa qadir deyildi.

Bugünkü ağılla keçmişə qiymət vermək asandır, amma bu, obyektiv qiymət olmayacaq. O dövrdə yaranmış tarixi şəraitdən ən ağıllı və ən optimal çıxış yolunu tapmaq çox çətin idi...

Xalid KAZIMLI(musavat.com)

635x100

Şərhlər

Zabil Həsənov 2019-06-04 11:09:16

Bütün bunların başlıca səbəbi, bir millət kimi ictimai şüur səviyyəmizin aşağı olması idi. Çox təəssüf ki, keçən bu 26 ildə də elə bir siyasi inkişafa nail olmamışıq. ...

Qarabağ dərsliyi 2019-06-04 11:09:16

"Cəmiyyət demokratiyaya hazır olmadıqca . , . iqtidarı qorumağa qadir deyildi" frazları 30 il icra olunmayan Müstəqillik, Qarabağa azadlıq, Demokratlya şüarlarına yekun bəhanədir! Bəzi öz-özünə siyasətçi və filosoflara baxmayaraq hər cəmiyyət daim haqq və demokratiya sorağında olub! Hörmətli X.Kazımlı, "Kəlbəcər zəbt olunanda, ATƏT gəlib qaytaracaq!" zikri, "Köçəryan terrorçudur, ya siyasi lider?" seçilməyəndə Surət kimi fədai və ya cinayətkar zəruriləşir.

Hörmət 2019-06-04 11:09:16

Təki o zaman Sürət Hüseynov kimi vətənpərvər insanlar çox olaydı.Qiyam adlandırdığınız Gəncə hadisələrinin başında duranları xalq çox gözəl tanıyır.Zaman gələcək hamısının adları açıqlanacaq.

omer 2019-06-04 11:09:16

Yazara soruram eger Suret siz deyen derecede gunahkar idise onu niye bas nazir teyin etdiler?

барон 2019-06-04 11:09:16

Xalid KAZIMLI-qərəzsiz olduğunuza görə çox sağolun,həqiqətən sürət milli qəhrəman deyil tam əksidir

Şəkidən 2019-06-04 11:09:16

Baş qiyamçının yaxın silahdaşı olan Seyran Abduləlimov hələ də Şəki Poçt filialının rəisisdir.......?istədiyi vaxt işə gəlir,istədiyi vaxt gedir...Öz kefi ilə Rabitəni idarə edir...? onun qanunsuz əməllərinıə göz yumulur.......?

Son yazılar