Ağdaş rayonunun Kotanarx kəndi sakini Həsənov Faiq Bədrəddin oğlu üzləşdiyi haqsızlıqla bağlı “AzPolitika.info” saytına müraciət edib. Faiq Həsənovun şikayəti Qarabağın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə ağır yaralanmasına baxmayaraq, müharibə əlili və yaxud müharibə veteranı statusu ala bilməməsi ilə bağlıdır.

Müraciətdə bildirilir: “1993-cü ilin 18 oktyabr tarixində həqiqi hərbi xidmətə çağırılmışam. N saylı hərbi hissədə 18 gün qulluq etdikdən sonra başqa bir hərbi hissəyə keçirilib döyüşlərə qatıldım. Həmin illər Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşdum. Döyüş yollarım Fizulidən, Murovdan keçib.

16 mart 1994-cü il tarixdə Qarabağın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə ağır yaralanıb,  Gəncədə yerləşən hospitala gətirilmişəm. 2-aylıq müalicədən sonra hərbiyə yararsız kimi tərxis edilmişəm. Bütün qanunu sənədlərimin olmasına və döyüş yoldaşlarımın bunu təsdiq etmələrinə baxmayaraq, indiyə qədər əlillik və yaxud veteran statusu ala bilmirəm”.

Faiq Həsənov bildirir ki, indiyə qədər ona nə Qarabağ müharibəsi əlili, nə də müharibə veteranı statusu verilməməsi ilə bağlı aidiyyatı qurumlara dəfələrlə müraciət etsə də, nəticəsi olmayıb: “Müdafiə Nazirliyinə və digər orqanlara etdiyim müraciətlərə başdan sovdu cavablar verilir. Eşidirəm ki, rüşvət verəcəyim halda mənə ya Qarabağ müharibəsi əlili, yaxud veteranı statusu verərlər. Ancaq himayəmdə olan 3 azyaşlı uşağımı güclə dolandırıram. Maddi imkanım yoxdur”.

Müraciətinin sonunda torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda canından keçməyə həmişə hazır olduğunu bildirən Faiq Həsənov prezident İllham Əliyevdən kömək istəyir: “Mətbuat vasitəsi ilə Ali baş komandan, Prezident İlham Əliyevə , müdafiə naziri Zakir Həsənova və Şəxsi Heyət Baş İdarəsinin rəisi Kərim Vəliyevə müraciət edib, xahiş edirəm mənim Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə yaralanaraq hərbidən tərxis edildiyimi nəzərə alıb, qanunu statusla təmin olunmağıma köməklik göstərəsiniz.”

Faiq Həsənov məktubuna əlaqə telefonu da əlavə edib: 051 783-21-13

Vaqif

AzPolitika.info