Ötən ilin sentyabr ayında keçmiş qayınatası - 1953-cü il təvəllüdlü Bəhruz Dilbazini Binəqədi rayon İcra şöbəsində icra məmurunun otağında 2 azyaşlı nəvəsinin gözü qarşısında döyərək, ağır xəsarətlər yetirən kikboks üzrə 5 qat dünya çempionu Ehram Məcidovun məhkəmə prosesi yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə Ehram Məcidova 3 il 6 ay həbs cəzası kəsilib.
Qeyd edək ki, Ehram Məcidova qarşı Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə), 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma; ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə) və 221.3 -cü (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi) maddələri ilə ittiham irəli sürülmüşdü.
Ötən prosesdə dövlət ittihamçısı çıxış edərək, E.Məcidovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Zərərçəkmişin vəkilləri isə prokurorun az cəza istədiyini deyərək etiraz etmişdilər.
Ancaq hakim hətta prokurorun istədiyi cəzanı da xeyli azaldıb. Belə ki, hakim Eldar İsmayılov, qəribə də olsa, Ehram Məcidova qarşı irəli sürülən ittihamları yüngülləşdirib. Onun ittiham edildiyi Cinayət Məcəlləsinin 126.2.3-cü (hansı ki, 9 ildən 12 ilədək cəza kəsilməsi nəzərdə tutulur) maddəsini 126.1-ə (hansı ki, 3 ildən 8 ilədək cəza kəsilməsi nəzərdə tutulur) tövsiv edib. Bundan əlavə, E.Məcidovun ittiham edildiyi CM-in 221. 3-cü maddəsini (iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) 221.1 maddəsi ilə (1000 manat cərimədən 1 ilədək həbs nəzərdə tutulur) tövsiv edib.
Bundan sonra da E.Məcidova həmin maddələr üzrə nəzərdə tutulan ən aşağı cəzanı verib. Belə ki, Ehram Məcidova 126.1–lə ittiham olunan şəxsə verilə biləcək ən aşağı cəzanı kəsib – 3 il. 221.1 maddə ilə isə E.Məcidova 6 ay həbs cəzası kəsib. Bu da, təbii ki, həm zərərçəkmişin, həm də onun vəkillərinin etirazına səbəb olub.
"AzPolitika.info"ya açıqlama verən zərərçəkmiş Bəhruz Dilbazi məhkəmənin qərarı ilə qətiyyən razılaşmadığını bildirdi. Onun sözlərinə görə belə qərarın verilməsi cinayətə bəraət qazandırmaq hesab oluna bilər: “Ehram Məcidov ötən il icra məmurunun otağında, 2 azyaşlı körpənin gözü qarşısında, xüsusi amansızlıqla mənə ağır xəsarətlər yetirib. Mənim üzərimə soyuq silahla - beşbarmaqla hücum edib. Düşünürəm ki, məqsədi məni öldürmək olub. Müəyyən fiziki hazırlığım olduğundan bunu həyata keçirə bilmədi. Ancaq beşbarmaqla vurduğu zərbələr nəticəsində koma vəziyyətinə düşdüm. Ondan sonra uzun müddət müalicə almışam. Dəfələrlə əməliyyat olunmuşam. Başımın iç hissəsi hazırda da plastiklə əvəzlənib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılov mənə belə bir amansızlıqla xəsarət yetirən adamın heç bir əsas olmadan ittiham olunduğu maddələrini dəyişərək, ona yüngül cəza vermişdir. Eldar İsmayılov hakim kimi deyil, qarşı tərəfin vəkili kimi davranmışdır. Hakim absurd olaraq belə qənaətə gəlmişdir ki, İcra Şöbəsində, müvafiq icra hakimiyyətinin mövcud olduğu təşkilatda Ehram Məcidovun etdikləri xuliqanlıq deyil. Eləcə də azyaşlı uşaqların gözü önündə məni dəfərlə beşbarmaqla vurmasında xüsusi amansızlıq yoxdur. Beşbarnmaqla mənə ölümünə zərbələr vurduğu halda hakim bunu 221.1-ci maddə ilə tövsiv etmişdir.”.
Bəhruz Dilbazi mətbuat vasitəsilə ölkə prezidentinə müraciət edərək bildirdi ki, bu gün Ehram Məcidovun idmançı olduğu üçün və ya başqa bir səbəbdən ədalətli cəzadan yayındırılması sabah ölkədə cəzasızlıq mühiti yarada bilər: “İdmançıların bütün davranışı əslində ictimaiyyətə nümunə olmalıdır. Ancaq Ehram Məcidovun adı, əsasən, “razborkalarda” iştirakla gündəmə gəlib. Dəfələrlə başqalarına xəsarət yetirib. 2012-ci ildə qoşulduğu davalardan birində özü də xəsarət almışdı. Qızımın ondan ayrılmasının səbəbi də ona qarşı daim şiddət uyğulaması olmuşdur. Dəfələrlə qızımı öldürəcəyi ilə hədələmişdi. Bıçaqla, qayçı ilə uşaqlarının gözü qarşısında qızımı hədələyirdi. Uşaqlar ata kimi ondan qayğı görməyib. Dəfələrlə qızım bununla bağlı “102”yə məlumat verib. Araşdırıb baxa bilərsiniz. Bütün bunlara görə qızım 2014-cü ildə boşanmaq qərarı aldı. Əlbəttə, başqa səbəblər da var, bununla bağlı da lazım gələrsə açıqlama verə bilərəm.
Qızım boşandıqdan sonra da təhdidləri davam etdirir, hətta mənə dəfələrlə hədə-qorxu gəlmişdi. Ən dəhşətlisi odur ki, bu hədələrini açıq şəkildə indi də davam etdirir. Binəqədi rayon Məhkəməsində, telefonla arayaraq təhdid edir ki, “hazırlaş, qısa zamanda gəlib səni öldürəcəyəm”. Bununla bağlı mənim vəkilim Baş Prokurorluğa da müraciət edib. Ancaq, təəssüf ki, nəinki buna görə məsuliyyətə cəlb olunub, hətta prokurorluq da ona yüngül cəza istədi. Onun əməllərinə 15 il cəza düşdüyü halda, cəmi 8 il iş istənildi. Niyə? Mən Ehram Məcidovun cəzasını çəkməsini tələb edirəm. Cinayətkarın cəzası mütləq verilməlidir. Bundan əvvəl də o cinayət məsuliyyətinə cəlb olunub. Bir idmançı iki dəfə ağır cinayət törətdiyi üçün məsuliyyətə cəlb olunur, ancaq layiqli cəzasını almır. Kimdir bu?”.
Bəhruz Dilbazi ölkə prezidentindən bu işi nəzarətə götürməsini xahiş edir: “Belə ağır cinayəti törədən şəxs 6 aydan sonra azadlığa çıxacaq. Üstəlik də çıxıb məni öldürəcəyini bildirdiyi halda... Beş qat dünya çempionudur deyib, cinayət törədib azadlıqda gəzməlidir? Mən isə əmək qabiliyyətimi itirmişəm. Aldıığm zərbələrdən başımda ciddi xəsarətlər qalıb. Eşitmə, görmə qabiliyyətimi böyük ölçüdə itirmişəm. Bu necə hüquqdur? Mən ədalət tələb edirəm. Ölkə rəhbərliyindən bu işi nəzarətə götürməyi xahiş edirəm! ”


Vəkil Ceyhun Yusifov bildirdi ki, Bəhruz Dilbazi tanınmış ziyalıdır, alimdir: “Müharibə vaxtı xeyriyyəçiliklə məşğul olub. Qazaxda özünümüdafiə batalyonuna şəxsi vəsaiti hesabına köməklik göstərib. Ehram Məcidov belə bir insana ağır xəsarətlər yetirərək, onu demək olar ki, şikəst edib. Bəhruz müəllimin həyatda qalması belə möcüzədir. Allah saxlayıb. Bəhruz müəllim Ehram Məcidovun ona yetirdiyi ağır xəsarətlərdən sonra dəfələrlə əməliyyat olunub. Yaxınlarda daha 2 əməliyyat keçirəcək. Bütün ailə ağır vəziyyətə düşüb. Ehram Məcidov bir ailənin həyatını qaraldıb. Belə bir adama bu qədər yüngül cəza verilməsi nə hüquqa sığır, nə də vicdana. Ümid edirəm ki, yuxarı məhkəmə inistansiyası bu ədalətsizliyi aradan qaldıracaq.”
Yazıdakı ittihamlarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
R. Əliyev
AzPolitika.info

Şərhlər
Ehram kimi 1000 Idmanci var meger bu kimdense ustundu.niye biz idmancilarin adini korlayir...
Ehram cezasini almalidir. Gelin bu cur adamlardan qorunaq
Hakimlər sifarişlə işləyir deyirdilər mən inanmırdım buda nəticə. Düzqərar çıxarmayan hakimin özünə ittiham irəli sürülməlidir ki,diğərlərinə dərs olsun.
heyif bu döyüşçüyə......çox heyif
Mən Bəhruz müəllimi tanıyıram, çox ziyalı və alicənab bir adamdır. Ailəsinə və övladlarına daim doğru yol göstərən bir insandır. Çox maraqlıdır hakim öz qanuna istinad edib qərar çıxarıb. Belə çıxır ki, Milli Məclisdə olan deputatlarımızın səs verdiləri Qanun boş şeymiş. Bu qədərdə QANUNSUZLUQ VƏ ÖZBAŞINALIQ OLMAZ!!! Özgə vaxtı Məhkəmə Hüquq Şurasına şikayət edən kimi, adamı başlarından edirlər və deyillər ki BİZLİK DEYİL. BƏS SİZ NƏ ÜÇÜNSÜZ ay MƏHKƏMƏ HÜQUQ ŞURASI???????
.... Cəzasızlıq. İmkanın var , vur,öldür keyf elə.
EHRAM VETENINI MILLETINI AILESINI SEVEN BIR IDMANCI QARDASDIR !HEYIF EHRAMA .... EHRAM ALLAH QAPINI ACSIN TEZ!....
Deyəsən Məhkəmə-hüquq Şurasının da FEMİDA kimi gözləri bağlıdır.Yoxsa o hakimi dərhal işdən azad edib məsuliyyətə cəlb edərdilər.
Hakimin ədalətsiz qərarına,Məhkəmə hüquq şurası tərəfindən hüquqi qiymət verilməlidir ?