İyulun 6-da səhər saatlarında hərbi hissələrdən birində bədbəxt hadisə baş verib.
Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Tank mərmisinin atımının hərbi qulluqçunun əlindən yerə düşməsi nəticəsində partlayış olub.
Nəticədə iki hərbi qulluqçu - gizir Ağalarov Amiddin Şahmalı oğlu və kiçik çavuş Salahov Samir Çingiz oğlu həlak olub.
Müdafiə Nazirliyinin rəhbərliyi həlak olanların yaxınları və əzizlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyir.
Hadisə nəticəsində gizir Məmmədov Nurlan Rəhim oğlu ağır yaralanıb.
Faktla bağlı araşdırma aparılır.

Şərhlər
Şəhid sayılmayır
Gün vuran əsgər,
Şəhid sayılmayır
Don vuran əsgər.
Şəhid sayılmayır –
Qoy hamı bilsin!
Qoy gül balaların
Anası ölsün!
Məgər kef-damaqda
Gün vurdu onu?
Məgər qarlı dağda
Don vurdu onu?
Məgər turist idi,
Nəydi bu uşaq, –
İşi dağı-daşı
Boş-boş dolanmaq?!
Şəhidlik zirvəsi
Qanlı döyüşdə –
Əlbəttə!
Vətən uğrundakı
Şanlı döyüşdə –
Əlbəttə!
Bəs bərkə, bəs boşa
Salan təlimlər
Çevrilib olmalı
Müdhiş zülümlər?
Dözümün həddi var –
İnsan-insandır;
Həddinsə həddini
Aşmaq yamandır.
Əsgər döyüşlərə
Qanadlanmalı, –
Yoxsa gün altında
Bişib yanmalı?..
Əsgəri Vətənə
Verir əmanət
Ata-analar.
Vətən də əsgərə
Versin zəmanət,
Versin iqtidar.
Hər zabit cənab
Qoy versin cavab.
Əsgərə deməyin:
– Vəfat eylədi! –
Onu gün vuranda,
Don vuranda da –
Öz şəhidliyini
İsbat eylədi.
Başına ildırım
Şaxıyanda da,
Üstünə quzğunlar
Şığıyanda da.
Şəhidlik qanunu
Nədən ibarət?
Torpağa, bayrağa,
Xalqa sədaqət!
Adı bir, şəkli min.
Qəhrəmanlığın
Daş-tərəzisimi,
Arşınımı var? –
Deyin! Axı deyin, –
Qəhrəmanlığın?!
Şəhid sayılmayır
Hər ölən əsgər,
Şəhidlik meyarı –
Döyüş və səngər.
Səngərə, döyüşə
Gedən yolları
Əsgər tabutları
Bağlayır axı;
Nakam ömürlərin
Nakam baharı
Vallah, ürəkləri
Dağlayır axı.
Əsgər çayda batır –
Şəhid sayılmır.
Qasırğada itir –
Şəhid sayılmır.
Əsgər özbaşına
Batmayıb axı,
Əsgər özbaşına
İtməyib axı.
Bəs döyüş təlimi
Döyüş deyilmi?
Düşmənin üstünə
Yürüş deyilmi?
Əsgər çimərlikdə
Boğulmayıb ki...
Hərami düzündə,
Murov dağında
Səngərsiz ölməkçin
Doğulmayıb ki...
Əndazə verilir
Köçkün-qaçqına
Bir əsgər təlimdə
Düşür uçquna.
– Şəhid oldu! – demir,
– Öldü! – deyirik.
– Tabutu hörmətlə
Gəldi – deyirik.
Gəldi öz evinə,
Öz ünvanına.
Ananın cırılır
Siri-sifəti,
Atanın qolları
Düşür yanına.
Ay ananız ölsün,
Adsız igidlər!
Dad-ləzzət görməyən
Sütülcə əsgər.
Hələ də titrəyir
Daşkəsəndəki
Əsgərlər gömülən
Torpağın təki...
Bəlkə lap hələ də
Uşaqlar diri, –
Şəhid sayılmayır
Fəqət heç biri.
Şəhid sayılmayır
Hər ölən əsgər, –
Vətən çağrışına
Hər gələn əsgər.