ON DÖRD CANAVAR...

Dostum İskəndər Şəkinskiyə minnətdarlıqla

Elçin ŞIXLI

“Ayazlı, şaxtalı bir qış axşamı,

Yeddi yoldaş olub, yola düzəldik”

Səməd Vurğun

Bu yazıda söhbət nə Yusif Səmədoğlunun “Yeddi oğul istərəm”indən, nə böyük Akira Kurosavanın “Yeddi samuray”ından, nə də Hollivud incisi “Möhtəşəm yeddilik”dən gedir. Söhbət on dörd canavardan gedir…

Yelloustoun Milli Parkı (Yellowstone National Park – ing.) 1872-ci ildə ABŞ Prezidenti Uliss S. Qrant (Ulysses S. Grant – ing.) tərəfindən qorunan təbii ərazi haqqında imzalanmış qanuna əsasən milli park elan edilmişdir. Dünyanın və ABŞ-ın ilk milli parkı olan Yelloustoun Vayominq (Wyoming – ing.), Montana və Aydaho (İdaho – ing.) ştatlarının ərazisində yerləşir.

Ərazisi 898,3 min hektardır. Çoxsaylı geyzerləri, zəngin flora və faunası, əsrarəngiz təbiəti ilə məşhurdur. 1976-cı ildə Yelloustoun beynəlxalq biosfer qoruq elan edilmiş, 1978-ci ildə isə UNESCO Ümumdünya İrsi siyahısına daxil edilmişdir.

Hal-hazırda Yelloustounda 60-dan çox məməli, o cümlədən canavar, vaşaq, qrizli, dağ aslanı, bizon yaşayır. Maralların sayı isə 30 mindən çoxdur.

Ötən əsrin əvvəlində isə vəziyyət tam başqa cür idi. O zamanlar maralları qorumaq məqsədi ilə canavarlara qarşı amansız mübarizə aparılırdı. Və nəhayət 1926-cı ildə insan övladı istədiyinə nail oldu – Yelloustounda canavarların kökünü kəsdi və meydan xırda gəmiricilərdən başqa heç nəyi ovlamağa qadir olmayan yerli çaqqallara – koyotlara qaldı…

Artıq marallar rahat otlaya və arta bilərdilər. Elə belə də oldu. Amma…

Onlar çoxaldıqca həm bitkiləri yeyərək tükədir, həm də təbii düşmənləri olmadığından, yəni sanitar-canavarlarsız zəifləyir, xəstələnir və cılızlaşırdılar. Və bu marallar Yelloustounu başlarına almışdılar. Artıq o iri, pərri-budaqlı buynuzlu marallardan da əsər-əlamət qalmamışdı.

İnsanlar nə qədər çalışsalar da, cılızlaşmış maralların sayını azalda bilmirdilər. Milli Parkda flora və fauna arasında insanın nadanlığı üzündən tarazlıq pozulmuş, disbalans yaranmışdı. Nəhayət, 1973-cü ildə ABŞ Konqresi nəsli kəsilməkdə olan heyvanların qorunması barədə xüsusi Akt qəbul etməli olur. Xoşbəxtlikdən həmin siyahıya canavarların da adı düşür…

1995-ci ildə Yelloustuna 14 canavar buraxılır və az sonra, əziz oxucu, görün nələr baş verir.

70 il canavar ayağı dəyməyən yerlərdə ekosistem kökündən dəyişməyə başlayır. Təbii ki, 14 canavar bütün maralları yeyə bilməzdi. Sadəcə marallar daha əvvəlki kimi rahat bəslənə bilmirdilər – daha təhlükəsiz otlaq yerləri seçir, bəzi ərazilərdənsə tamamilə uzaq dururdular.

Və həmin yerlərdə bitkilərin sürətli artımı başlandı. Altıca il ərzində yalnız ağaclar beş dəfə artdı. Nəticədə çay və arxların qarşısında ağaclardan bənd quran qunduzlar geriyə döndü, onların yaratdığı axmazlarda isə ondatra, ördək və balıqlar üzüşməyə başladı.

Canavarlar çaqqalların da sayını tənzimlədi, bu isə meşələrdə dovşan və siçanların sayını artırdı. Onların arxasınca da qırğı, tülkü və gəlinciklər qayıtdı. Artıq bu meşələrdə onların da yeyə biləcəkləri vardı.

İnanılmaz olsa da, Yelloustouna ayılar da dadandı. Artıq yeməyə kifayət qədər giləmeyvə vardı. Bədhəbəddə isə canavarların ovunu əllərindən almaq olardı. Maral ovlamaq ayılar üçün çətin bir işdi.

Ən inanılmaz və ağlasızmaz məqam isə canavarların çayların axarını dəyişməsidir. Bəli-bəli, yanlış oxumadınız. Çayların yatağı düzələrək sabitləşmiş, sahillərin yuyulması azalmışdı. Çünki canavarların marallara təsiri və belə demək mümkünsə, təzyiqi nəticəsində çayboyu ağac və bitkilər sürətlə artaraq sahillərin bərkiməsinə gətirib çıxarmışdı.

Beləliklə, 20 il əvvəl milli parka buraxılmış on dördcə canavar parkın coğrafiyasını əməlli-başlı dəyişə bilmişdi.

İnsan cəmiyyəti də belədir - əsil-nəcabətli, kübar, ləyaqətli, dişli adamlara, sözün düzünü deyənlərə yer olmayanda, onları qovub-qovub namərdə çevirəndə çaqqal-çuqqallar artır və millət məhv olur… (Ayna.az)

635x100

Şərhlər

AAgahuseyn 2019-07-18 20:23:16

ALLAH SİZİ rəhmət etsin İSMAYIL ŞIXLI.Elcin müəl.son dövürdə belə yıqcam-mənalı nakişilərin yeddi qatından kecən yazı oxumamışdım.Ot kökü üstə bitər deyib ATALAR.

veten dashi 2019-07-18 20:23:16

Cox sağ olun Elcin bəy, allah babalarınıza rəhmət etsin.Təbiət və cəmiyyət azad və təbii rəqabət qanunları ilə tənzimlənir və inkişaf edir.Azad rəqabət sözün əsl mənasında milli burjua yaradır.Xalqını sevən onu acliqdan ,səfalətdən ,cəhalətdən qoruyan Hacı Zeynalabdin Tağıyev misallı milli burjaziya......Yoxsa haramxor,soysuz oğru "burjua" bu millətə nə verəcək....

Paşayev Gunddüz 2019-07-18 20:23:16

Ot kökü ustə bitər.Allah İsmayıl Şıxlını rəhmət eləsin siz həqiqətən Azərbaycan xalqının əsil ziyalısı və vətənpərvər övladısız.Bizlerdə siznən fəxr edirik.Həqiqət,düşüncəli yazılar coxlarının xoşuna gəlmir ümumiyyətlə dərs vericı bu fikirlər savadsızlar və nankorlar ücün arzu olunmaz bir faktdır.Həyatda hər kəs səhv edə bilər amma ziyanın yarsindanda qayıtmaq qənimətdir.Bunun üçün bir insan ömrünü çürütmək lazım deyil.Sonrakı peşmançılıq fayda verməz.Xahiş edirəm bu yazıların ardı gelsin.

dadaşyev 2019-07-18 20:23:16

Əhsən!Halal olsun!Son onilliklərdə heç bunca ləzzətli yazı oxumamışdım.Fikrin qısa,aydın,səlis və düz onluğa vuran ifadəsi belə olar.Hər cür təmtəraqlı cümlələrdən uzaq,süni sədaqət nümayişi üçün partiya qurultayları qərarlarından,tapşırıqlardan sitat gətirilmədən yazılan super yazı.Oxucunu ilk cümlədəncə intizar içində öz arxasınca aparıb sonunda bir tək cümləylə oxu "tak" deyə hədəfə vuranda yazı bax beləcə ləzzətli olar.Hünü toyuğu arxasınca aparıb axırda toyuğun başını divara çaxdırar ha,bax onnan.

Yengibar 2019-07-18 20:23:16

Mükemmel benzetmedir! Terbiye yox, tehsil yox, mütexessis yox! Beş km bayraq daşıyan (niyesini özü biler) komandirin postda esgeri terksilah olur, dövlet bankından on milyardlar oğurlanır, ele bil bele de lazımdır.Bu veten bizi bağışlamayacaq.

Eldar 2019-07-18 20:23:16

Elçin bəy sizdən sonra Yuterborq komendaturasında mən xidmət etmişəm. Nədənsə mənə İliç deyə müraciət etməyə başladılar. Sonradan mənə izah etdilər ki, məndən əvvəl burda Elçin adlı azərbaycanlı xidmət edib Kravçuk kefli olanda onun adını İliç deyə çağırırdı. Sizdən sonra elə dilində qalmışdı...

Elçin- İLİÇ-ə 2019-07-18 20:23:16

MÖHTƏŞƏM!!!

qaçqın 2019-07-18 20:23:16

Allah kömək olsun ! ! ! Təşəkkürlər

Son yazılar