Bakı Apellyasiya Məhkəməsi İqtisadi Tədqiqatlar Mərkəzinin və bu mərkəzin qurucusu olan iqtisadçı alim Qubad İbadoğlunun Səbail Rayon Məhkəməsinin qərarlarından verdiyi apellyasiya şikayətini də təmin etməyib.
Şikayət İqtisadi Tədqiqatlar Mərkəzinin və Qubad İbadoğlunun “Bank Respublika”dakı hesablarına həbs qoyulması barədə Səbail Rayon Məhkəməsinin çıxardığı qərarlardan verilmişdi.
İqtisadi Tədqiqatlar Mərkəzinin və Qubad İbadoğlunun Beynəlxalq Bankdakı hesablarına da həbs qoyulub. Beynəlxalq Bankdakı hesablara həbs qoyulması haqda qərarları Nəsimi Rayon Məhkəməsi çıxarıb. Nəsimi məhkəməsinin qərarlarından da apellyasiya şikayəti verilmiş və o da təmin olunmamışdı.
Səbail məhkəməsinin “Bank Respublika”dakı hesablara qoyduğu həbs qərarlarından verilmiş apellyasiya şikayətinə sentyabrın 9-da Bakı Apellyasiya Məhkəməsinin hakimi Faiq Qasımovun sədrliyi ilə baxılıb.
Qubad İbadoğlu “musavat.com”a açıqlamasında deyib ki, prosesdə Baş Prokurorluğun nümayəndələri də iştirak ediblər: “Proses zamanı biz aşağı instansiya məhkəməsinin qanunsuz qərarlar verdiyini bildirdik, qeyd etdik ki, heç bir istintaq hərəkəti olmadan hesablara həbs qoyulub. Biz bunun qanunsuz olduğunu göstərən əsasları göstərdik, digər əsaslar da ortalığa qoyuldu, təqdim olundu. Ancaq qarşı tərəf heç bir arqument gətirmədi. Onlar hakimə istintaq materialları arasından bir məktub verdilər və bildirdilər ki, bu, məxfi məktubdur. Hakim məktubu oxudu, bizə heç nə demədilər. Sadəcə məhkəmə məşvərət apardı və qərarını elan etdi ki, aşağı instansiya məhkəməsinin qərarını qüvvədə saxlayır. Eyni zamanda, qərar verildi ki, bizim daha şikayət etmək hüququmuz yoxdur. Yəqin ki, Azərbaycanda şikayət verə bilməyəcəyik. Avropa Məhkəməsində bu işi qaldırmaq niyyətindədiyk. Ədalət bərpa olunanadək işi davam etdirəcəyik”.
Qubad İbadoğlu Müsavat Partiyasının üzvüdür. O, Müsavatın bu ay keçirilməsi nəzərdə tutulan qurultayında partiya başqanı postuna iddiaçılardan biridir.


Şərhlər