Ukraynanın eks-prezidenti Pyotr Poroşenkonun Avropa Həmrəyliyi Partiyası Krım tatarlarının lideri Mustafa Cəmiloğlunun namizədliyini Ali Radanın vitse-spikeri vəzifəsinə irəli sürəcək. Bu barədə qərar partiyanın deputatları tərəfindən qəbul edilib.
Deputatlar arasında keçirilən səsvermə zamanı yalnız bir millət vəkili bitərəf qalaraq Cəmiloğlunun vitse-spiker vəzifəsinə namizədliyini dəstəkləməyib. Krım tatarlarının lideri barədə sabiq prezidentin partiyasının verdiyi qərar çoxsaylı müzakirələrə səbəb olub. Türk dünyasında bu addım rəğbətlə qarşılanıb. M.Cəmiloğlunun vitse-spiker olub-olmayacağı yönündə müxtəlif mülahizələr səslənir.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu M.Cəmiloğlu seçiminə bu cür şərh verdi: “Türk dünyasının yaşayan əfsanəsi sayılan Mustafa Cəmiloğlunun Ukraynada nüfuzu böyükdür. Təəssüf ki, Ukraynadakı siyasətçilər Krım türklərinin və Mustafa bəyin dəyərini Krım ilhaq olunduqdan sonra tam mənada anladılar. Kiyevdə yanlış olaraq düşünürdülər ki, Krımda türklərin artımı Ukraynaya gələcəkdə torpaq bütövlüyü ilə bağlı problem yarada bilər. Ancaq təhlükə başqa istiqamətdən gəldi, Krımın rus əhalisi separatçılığa baş vuraraq Rusiyaya birləşmənin lokomotivi rolunda çıxış etdilər. Bunun əksinə olaraq Krım türkləri sona qədər mübarizə apardılar, Rusiyanın ilhaqını qəbul etmədilər. Bu hərəkatın başında keçmişdə olduğu kimi ilhaq günlərində də Mustafa bəy dayanırdı. Rusiya Mustafa bəydən qorxduğuna görə ona qarşı cinayət işi açıb və onun doğma Krımına yolunu bağlayıb.
Mustafa bəy Kiyevdə özü mənə danışmışdı ki, Rusiya prezidenti Vladimir Putin Krımın ilhaqına hazırlaşanda Tatarıstanın keçmiş lideri Mintimer Şaymiyev vasitəsilə onunla əlaqə saxlayıb. Putin Mustafa bəyə təklif edib ki, o keçsin Rusiya tərəfə və bu halda nə isə onun üçün edəcək. Mustafa bəyin cavabı qısa olub: ”Mən millətimi və dövlətimi satmıram". Onun bu hərəkəti Ukraynanın bütövlüyü uğrunda mübarizənin tərkib hissəsinə çevrilib. Ona görə də Ukraynada siyasi partiyalar və tanınmış siyasətçilər Mustafa bəyi yanlarında görmək istəyirlər. Mustafa bəy son prezident seçkisində indiki prezident Vladimir Zelenskiyə müxalif mövqedə olub, onun rəqibi Petro Poroşenkonu dəstəkləyib. Buna baxmayaraq, Mustafa bəyin yeni parlamentin vitse-spikeri seçilməsi şansı az deyil".
Elxan Şahinoğlu: “Poroşenko incə gediş edib”
Politoloq Poroşenkonun M.Cəmiloğlu ilə bağlı jestini yüksək dəyərləndirir: “Poroşenko incə gediş edib. O, vitse-spikerliyə istənilən namizədi versəydi, həmin şəxsin seçilməsi şansı yüksək olmayacaqdı. Çünki Poroşenkonun partiyasının yeni parlamentdə tərəfdarı azdır. Buna baxmayaraq, o biri partiyaların Mustafa bəyin əleyhinə səs verməsi problematikdir. Mustafa bəyin əleyhinə səs versələr belə çıxacaq ki, o biri partiyalar Krım türklərinin mübarizəsini dəstəkləmirlər. Bu isə Zelenskinin və onun partiyasının reytinqinə mənfi təsir edəcək. Başqa bir variant ondan ibarətdir ki, Zelenski Krım türkləri arasında öz namizədini tapıb onu irəli çəkə bilər. Ancaq hələ ki Krım türkləri arasında Mustafa Cəmiloğlu və onun yardımçısı Rifat Çibarov qədər populyar olanı yoxdur. Əslində Mustafa bəyin vitse-spiker olması Zelenskinin də maraqlarına xidmət edir. Birincisi, Krımın geri qaytarılması uğrunda mübarizə ümumukrayna mübarizəsidir və Mustafa bəy bu mübarizədə Ukraynanın əsas simvoludur. İkincisi, Mustafa bəy yeni hakimiyyətin Krım siyasətində Zelenskiyə lazımi dəstək verə bilər. Digər tərəfdən, Mustafa bəy Zelenski ilə qonşu Türkiyə ilə münasibətlərdə vacib körpü rolunu oynaya bilər”.


Şərhlər