Menu

MTN-dən İlham Əliyevə sui-qəsd xəbərinə reaksiya

24.10.2013, 20:07
MTN-dən İlham Əliyevə sui-qəsd xəbərinə reaksiya

Milli Təhlükəsizlik Nazirliyi İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev Daşqın Gülməmmədovun Azərbaycan prezidenti İlham Əliyevə sui-qəsd hazırlanması ilə bağlı bəyanatını şərh edib. Yada salaq ki, D.Gülməmmədovun bu bəyanatı Gürcüstan mətbuatı tərəfindən bu gün yayılıb.

A.Babayev bildirib ki, MTN Azərbaycan Respublikasına qarşı yönələ biləcək bütün mümkün təhlükə və təhdidləri diqqətlə izləyir, onları dərindən təhlil edib zəruri qabaqlayıcı tədbirləri həyata keçirir. O deyib ki, Azərbaycan Respublikasının milli maraqlarına və təhlükəsizliyinə təhlükə və təhdid xarakteri daşıyan hər cür addımlarla bağlı bütün önləyici tədbirlər görülür: “Vəziyyət nəzarət altındadır”.

Xatırladaq ki, virtualaz.org saytının xəbərinə görə, Gürcüstanın saqinform.ge informasiya agentliyi Ukrayna Türk-Qaraqalpaqları Milli Şurasının sədri Daşqın Gülməmmədova istinadən İlham Əliyevə sui-qəsd hazırlandığını iddia edib:

“Özəl mənbələrdən mənə məlum olub ki, Azərbaycan prezidenti İlham Əliyevə sui-qəsd hazırlanır. Sui-qəsddə məqsəd “inqilab tamaşası”nı səhnələşdirməkdir. Plana görə, bu inqilab sonradan genişlənərək Qazaxıstan, Türkmənistan və Özbəkistanı da bürüməlidir".

"Bəzi dairələr Azərbaycanda da “ərəb baharı” prosesləri sayaq inqilab törətməyə çalışırlar. Həmin dairələr daha sonra bu inqilabı yuxarıda adıçəkilən Orta Asiya ölkələrinə, daha sonra isə Rusiyaya ixrac etmək istəyirlər. Azərbaycanın xüsusi xidmət orqanları təcili olaraq xüsusi müvafiq tədbirlər görməlidir. Sonra gec ola və bunun nəticələri bütün Cənubi Qafqaz və Orta Asiya regionu üçün fəlakətli ola bilər” - deyə D.Gülməmmədov bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol