Azərbaycana səfər edən Qərb diplomatlarının davranışında dəyişən bir şey yoxdur, əvvəlcə rəsmilərlə görüşüb fikir mübadiləsi aparırlar, sonra səfirlikdə ya müxalifət liderlərini, ya da vətəndaş cəmiyyəti nümayəndələrini qəbul edir, axırda mətbuat konfransında diplomatik ifadələrlə səfərlərinə yekun vururlar.
Keçən həftə Azərbaycana gələn Avropa Birliyinin genişlənmə və qonşuluq siyasəti komissarı Ştefan Füle də bu ənənəyə sadiq qalaraq prezident və xarici işlər naziri ilə görüşdən sonra vətəndaş cəmiyyətinin nümayəndələri ilə bir araya gəldi, ictimai fəalların çıxışları əsasında bəzi qeydlər etdi.
Bu, Ştefan Fülenin Azərbaycana özəl səfəri deyildi. Avropalı diplomat sentyabrın 9-da Avropa Birliyinin Şərq tərəfdaşlığı proqramında iştirak edən ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünə qatılmışdı. Azərbaycan Gürcüstan, Moldova və Ukraynadan fərqli olaraq Avropa Birliyi ilə assosiativ saziş imzalamasa da, Füle toplantıdakı çıxışında Azərbaycanla tərəfdaşlığı yüksək qiymətləndirdiyini bildirdi. Deməli, Brüssel Azərbaycanın Avropa Birliyi ilə assosiativ saziş imzalamamasından narazı deyil.

Buna baxmayaraq Avropa Birliyi Azərbaycanda bəzi müstəqil QHT-lərin sıxışdırılmasından narahatdır. İş o yerə çatıb ki, Avropa Komissiyasından qrant alan bir neçə QHT-yə də cinayət işi açılıb. Füle Brüsselin narahatlığını Azərbaycan rəsmilərinin diqqətinə çatdırıb. Ancaq Füle və digər avropalı, o cümlədən amerikalı rəsmilərin və diplomatların bu prosesi əngəlləyəcəyini proqnozlaşdırmaq çətindir.
Rəsmi Bakı qərarını verib və dayanmaq fikir yoxdur. Qərar bundan ibarətdir ki, vətəndaş cəmiyyəti yalnız yerli imkanlar hesabına fəaliyyət göstərməli, bütün xarici qrant və donor təşkilatların Azərbaycandakı fəaliyyəti dayandırılmalıdır. Qərbin donor təşkilatları Bakıda filiallarını 1990-cı illərdə açmışdılar. O illər Azərbaycan zəif idi, Qərblə əməkdaşlığa ehtiyacı vardı. Ona görə də hakimiyyət xarici donor təşkilatların yerli QHT-lərin layihələrini maliyyələşdirməsinə mane olmurdu. İndi isə vəziyyət dəyişib, neft və qaz satışı hesabına Azərbaycanın maliyyə imkanları artıb, Qərbdən asılılığı yoxdur və xarici donor təşkilatlara da ehtiyac duymur. Hakimiyyət vətəndaş cəmiyyətinə dəstək məsələsini özü həll etmək istəyir.
Rəsmi Bakı heç bir dövlətdən və təşkilatdan çəkinmir. Həm də Azərbaycan hakimiyyətinə daxildən və xaricdən ciddi təzyiq yoxdur. Əksinə, Qərb ölkələri və beynəlxalq təşkilatlar Azərbaycanla əməkdaşlığı genişləndirməyə çalışırlar. Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi isə bu ay bitir.
Bir neçə aydan sonra vəzifəsi ilə xudahafizləşəcək Füle avropalı məmurdur. O, Avropanın maraqları çərçivəsində hərəkət edir. Avropanın maraqları isə Azərbaycanla enerji və təhlükəsizlik sahəsində ciddi əməkdaşlığı diktə edir, insan haqları və demokratik islahatlar tələbi arxa plana keçib. Fülenin xarici işlər naziri Elmar Məmmədyarovla birgə mətbuat konfransında söylədiyi “anlayıram ki, Azərbaycan dövlətinin iddia və maraqlarını nəzərə almalıyıq” cümləsini belə başa düşmək lazımdır: Avropa Birliyi rəsmi Bakının daxili siyasətinə korrektələr etməsini istəyir, ancaq Azərbaycanın daxili işlərinə qarışmayacaq. Rəsmi Bakıya da elə bu lazımdır. Brüssel sadəcə yumşaq şəkildə məsləhət verir ki, rəsmi Bakı müstəqil QHT-lər sıxışdırmasın, ictimai debatlara şərait yaratsın. Yəni bu, bir məsləhətdir, Azərbaycan hakimiyyətinə qarşı sanksiya xəbərdarlığı deyil. Rəsmi Bakı Brüsselin bu məsləhətini eşitməycək.
Bakının Qərbin Azərbaycandakı təşkilatlarına və qrantlarına qarşı sərt tədbirləri gücləndirməsinə iki amil də təsir edib: Ukrayna və Dağlıq Qarabağ münaqişəsi. Azərbaycan hakimiyyətində belə bir düşüncə var ki, Ukraynanın indiki ağır vəziyyətə düşməsində, Krımın itirilməsi və Ukraynanın vətəndaş müharibəsinə sürüklənməsində Avropa Birliyinin də günahı var. Çünki Qərb Ukraynanı Rusiyanın hücumlarından qoruya bilmədi. Avropa Birliyi ölkələri və ABŞ Ukrayna ordusuna vacib məqamda müasir silah və texnika vermədi. Buna görə də Azərbaycan hakimiyyəti düşünür ki, ağır məqamda Qərb Azərbaycanı da xarici təhlükələrdən qorumayacaq. Belədə rəsmi Bakı Avropa Birliyi ilə assosiativ sazişi imzalamamağı doğru addım sayır. Yəni Azərbaycan da Ukrayna kimi Avropa Birliyi ilə assosiativ saziş imzalasaydı, Kremlin Bakıya qarşı təzyiqi artacaqdı, Azərbaycana qarşı müxtəlif planlar işə salınacaqdı və bu halda Qərb Azərbaycana real olaraq heç bir kömək etməyəcəkdi. Azərbaycan hakimiyyətində düşünürlər ki, Avropa Birliyi ilə saziş imzalamaq hesabına Azərbaycanı təhlükə altına atmağa dəyməz.
ABŞ və Avropa Birliyinin Dağlıq Qarabağ probleminin həllində Azərbaycana əməli dəstək verməməsi də rəsmi Bakının narazılığına səbəb olur. Azərbaycan hakimiyyəti Qərbin diqqətinin və maliyyəsinin Azərbaycanda vətəndaş cəmiyyətinin qurulmasına yox, Dağlıq Qarabağ probleminin həllinə yönəldilməsinin vacib olduğu qənaətindədir. Dağlıq Qarabağ probleminin həllinə maraq olmadığına görə rəsmi Bakı Qərbin qrantları hesabına fəaliyyət göstərən QHT-ləri sıxışdırır.
Azərbaycan hakimiyyəti bu ilin sonuna qədər Avropa Birliyi ilə Strateji Modernləşmə Planı imzalamalıdır. Planda siyasi islahatlarla bağlı da maddələrin yer alacağı ehtimal edilir. Ancaq bu o demək deyil ki, rəsmi Bakı mütləq şəkildə həmin maddələri yerinə yetirəcək və yerinə yetirmədiyinə görə Brüssellə münasibətləri gərginləşəcək. Azərbaycan hakimiyyəti vaxtilə Avropa Şurasına üzv olanda da üzərinə siyasi islahatları sürətləndirmək və siyasi məhbusları azad etmək öhdəliyi götürmüşdü. Azərbaycan hakimiyyəti həm siyasi islahatlar, həm də siyasi məhbuslar məsələsində öz yolu ilə getdi və buna görə cəzalar almadı. Əksinə, Avropa Şurasında sədrlik 6 ay müddətinə Azərbaycana həvalə edildi.
“Atlas” Araşdırmalar Mərkəzi


Şərhlər