Çərşənbə günü Ermənistanın Konstitusiya Məhkəməsi Cinayət Məcəlləsinin, ölkənin sabiq prezidenti Robert Köçəryanın konstitusiya quruluşunu devirməkdə günahlandırılaraq həbs olunduğu 35-ci maddəsini konstitusiyaya zidd elan edib.
TASS-ın məlumatına görə, qərarı Konstitusiya Məhkəməsinin rəhbəri Hrayr Tovmasyan oxuyub.
"Müzakirələrdən sonra ölkənin Konstitusiya Məhkəməsi Cinayət Məcəlləsinin 35-ci maddəsinin konstitusiyaya zidd olması barədə qərar qəbul etdi. Bu qərar qətidir və ondan şikayət verilə bilməz",- deyə Tovmasyan vurğulayıb.
Köçəryanın vəkili Aram Vardevanyan da qeyd edib ki, 35-ci maddə konstitusiyaya zidd hesab olunub. Bu o deməkdir ki, Robert Köçəryanın Konstitusiya ilə təmin edilmiş şəxsi azadlıq hüququ pozulub.

Onu da qeyd edək ki, Konstitusiya Məhkəməsi binasının qarşısında Robert Köçəryanın həm tərəfdarları, həm də əleyhdarları toplaşıblar.
Bildirilir ki, hüquq-mühafizə orqanları əməkdaşlarının sayı, təxminən hər iki tərəfdən olanların ümumi sayına bərabərdir.


Şərhlər