Bu gün Bakı Apelyasiya Məhkəməsində paytaxtda Türkiyə vətəndaşını qətlə yetirməkdə təqsirləndirilən Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə başlayıb.
Virtualaz.org-un əldə etdiyi xəbərə görə, proses Qədim Babayevin sədrliyi ilə keçirilib.
Xatırladaq ki, Rasim Məmmədov ötən il iyunun 5-də, saat 19:00 radələrində Azərbaycan prospektindəki 23 saylı binanın 21-ci mənzilində yerləşən ofisdə “Göyçay Kərpicsan” Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru, Türkiyə vətəndaşı Mehmet Alimi bıçaqlayaraq öldürüb. Cinayəti törədəndən sonra isə Mehmet Alimin mobil telefonunu və 3200 manat pulunu götürüb. İzi itirmək məqsədilə mətbəxdə qazı açıq qoyub ki, ofisdə partlayış baş versin.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəldiklərindən partlayışın qarşısı alınıb. İlkin araşdırmalar nəticəsində hadisəni törətməkdə şübhəli bilən Rasim Məmmədov həbs olunub.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rasim Məmmədov 15 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Baş Prokurorluq apelyasiya protesti verib. Prokurorluq Rasim Məmmədovun ömürlük azadlıqdan məhrum edilməsini istəyir.
Hökmdən təqsirləndirilən şəxs və onun vəkili də apelyasiya şikayəti verib. Müdafiə tərəfi Rasim Məmmədova ağır cəza verildiyini əsas gətirib. Vəkil şikayətində Rasim Məmmədovun cəzasının yüngülləşdirilməsini xahiş edib.
Məhkəmə baxışı sentyabrın 26-na təyin olunub.


Şərhlər