YENİ BAŞ NAZİRİ GÖZLƏYƏN AĞIR PROBLEMLƏR... - Əli Əsədov sələflərinin edə bilmədiklərini bacaracaqmı?

Azərbaycanda çox vaxt vəzifənin şəxsiyyəti deyil, əksinə, şəxsiyyətin vəzifəni hörmətə, sambala mindirdiyi heç kimə sirr deyil. Bir çox nazirlik, komitə adı çəkmək olar ki, rəhbərinin dəyişməsilə dərhal “çəkisində” artım, yaxud da əksinə, azalma müşahidə olunub.

Ancaq Baş Nazir postu, sözsüz ki, həm də strateji postdur və bir çox hallarda məhz bu postun sahibinin bacarığı, peşəkarlıq səviyyəsi və bundan irəli gələrək verməli olduğu qərarlar ən azından ölkənin sosial-iqtisadi həyatında həlledici rol oynaya bilər. Doğrudur, bizim istər siyasi isteblişment, istərsə də mətbu orqanlarımız nə qədər gedəni “baltalayıb”, yeni gələni tərifləməyə adət etsə də, çox vaxt bu münasibət real duruma əsaslanır. Məsələn, məlum məsələdir ki, hal-hazırda baş nazir postuna Novruz Məmmədovdan daha yaxşı, üstün namizəd tapmaq o qədər də çətin deyildi. Özü də bu reallığı N.Məmmədov son il yarım ərzindəki işilə, yəni hər hansı bir təşəbbüsün, yeniliyin, dəyişikliyin memarı ola bilməməsi ilə yaradıb. Ona görə də, əksər mətbu orqanlar başda olmaqla, 2018-ci ilin aprelindəki təyinatından sonra onu layiqli, bacarıqlı və s. kadr kimi tərifləyib göyə qaldıranların bu gün eyni coşqu ilə tənqid edərək yola salması haradasa başadüşüləndir. Qısası, Novruz Məmmədovdan, aşağı-yuxarı, nə gözləmək olardısa, onu da ortaya qoydu...

Bəs yeni Baş Nazir? Məsələ ondadır ki, Əli Əsədov ölkə iqtisadiyyatının istər rəsmi, üzdə olan, istərsə də qaranlıq və kölgəli tərəflərini yaxşı bilən 3-5 nəfərdən biridir. Bu isə əsas etibarilə ölkənin sosial-iqtisadi həyatının idarə olunmasında ciddi rola malik, yüksək təsərrüfatçılıq və idarəçilik bacarığı tələb edən bir post üçün olduqca önəmli bünövrədir. Çünki bu vəzifənin daşıyıcısı nə qədər məlumatlı və hazırlıqlı olarsa, ölkənin əsas sosial-iqtisadi problemlərinin kompleks şəkildə həllinə daha böyük yardım etmiş olar. Əlbəttə ki, buna səlahiyyəti, istəyi və marağı olarsa...

Problemlər isə kifayət qədər çoxdur və Artur Rasizadə də təsadüfən deməyib ki, “elə bilirlər ki, baş nazir olmaq asandır?” - xüsusilə də bəzən iqtisadiyyat elminin təməl qanunların belə işləmədiyi bir ölkədə. Odur ki, Əli Əsədovun ölkə başçısına xüsusi yaxınlığı və uzun illərdir iqtisadiyyatımızın “cikinə-bikinə” agah olması ona Artur Rasizadənin və Novruz Məmmədovun etmədikləri və edə bilmədikləri bir çox işləri görməsinə imkan yaradır.

Təbii ki, bu işlərə səhiyyədən, təhsildən tutmuş hətta hərbi sahəyə qədər, bir çox problemlərin həlli aiddir. Lakin bütün bu problemlərin həlli üçün ölkənin güclü maliyyə-iqtisadi dayaqlarının olması vacibdir. Bunun üçünsə ilk növbədə şəffaflığın təmin edilməsi, biznes mühitinin, bank-maliyyə sektorunun effektivliyinin artırılması, inhisarçılığın, məmur oliqarxiyasının biznesdəki çəkisinin günbəgün artmasının qarşısının alınması, qeyri-neft sektorunun sözdə deyil, reallıqda inkişafının təmin olunması və s. kimi problemlərin həlli lazımdır. Çünki bütün bunlar olmadan nə ölkəyə investisiya axınını təmin etmək, nə də ölkədən kapital axınının qarşısını almaq olacaq.

Təəssüf ki, son illərdə gömrük və vergi sistemində nisbətən şəffaflıq və sahibkarlıq subyektləri üçün az-çox dözülən mühit yaradılsa da, buna “köklü islahatlar” adı vermək çətindir. Ən azından ona görə ki, hələ də ölkədə azad iqtisadi rəqabət mühitinin olduğunu söyləmək mümkünsüzdür. Hələ də məmurdan tutmuş deputata qədər, siyasi hakimiyyətə bir balaca “ilişiyi” olanlar öz mövqelərindən, əlaqələrindən istifadə edərək qazandıqları güzəştlər hesabına ölkənin biznes mühitində istədiklərini edirlər. Hansı iri, inhisarçı şirkəti qurdalasan, hansı bankla maraqlansan, başı gedib hansısa iri çaplı şəxsə dayanır. Bu ölkədə dürüst, bacarıqlı, halal yolla pul qazanmaq, yüzlərlə, minlərlə insana iş yeri açmaq istəyən sıravi iş adamı normal şərtlərlə, faizlərlə bank krediti almaq imkanından məhrum edildiyi halda, elə məmurlar, deputatlar və onların yaxınları var ki, banklardan girovsuz və faizsiz (!) pul götürə və hətta sonra da həmin pulu heç bir biznesə-filana qoymadan, sadəcə talaya və qaytarmaya bilirlər! Bunun “Beynəlxalq Bank işi”, “Bank Standard”ın müflis edilməsi, “Ata Bank”ın çökməsi və digər nümunələrdə şahidi olmuşuq.

Yaxud olsun dövlət büdcəsinin formalaşması və buradakı vəsaitlərin xərclənməsinə nəzarət. Təəssüf ki, büdcənin doldurulması üçün, sıravi iş adamlarına çatanda az qala gömrüyün üzərindən quş uçurmaq qadağan edildiyi, vergi orqanı tərəfindən dönər satandan ayaqqabı yamayana qədər hamının intizamlı şəkildə vergi ödəməyə məcbur edildiyi halda, iri və arxalı şirkətlər yenə öz keflərindədirlər. Nə qanun tanıyırlar, nə rəqabət.

Həmçinin, büdcə qəpik-qəpik doldurulduğu halda, onun boşaldılması sanki bir göz qırpımında baş verir. Bu ölkədə hansısa bir kənd rayonunun icra hakimiyyətinin binasının təmirinə “uf” demədən bir dəfəyə milyonla pul xərclənir. Necə olursa, dövlət müəssisələrinin çox zaman heç bir ciddi əhəmiyyətə malik olmayan işlər üçün nəzərdə tutduğu on milyonlar, yüz milyonlarla ölçülən tenderlərini hər il eyni şirkətlər “udur” və bu yolla külli miqdarda vəsait “gedər-gəlməzə” yola salınır. Ümumiyyətlə, məhz tenderlər və büdcə vəsaitlərinin necə xərclənməsi məsələsi istər yerli müstəqil ekspertlər, istərsə də xarici təşkilatlar tərəfindən ən çox korrupsiyalaşmış və yeyintilərə yol verilən istiqamət kimi təsbit olunub.

Təbii ki, yuxarıda qeyd edilənlərlə yanaşı aradan qaldırılmalı olan xeyli sayda digər neqativ hallar və problemlər var. Və əlbəttə ki, bu problemləri tək Baş Nazirin həll etməli olduğunu da demək doğru olmaz. Ancaq nə Artur Rasizadə, nə də Novruz Məmmədovun heç olmasa sadalanan məsələlərin həllinə yönələn hər hansı ciddi addımını, təşəbbüsünü, yaxud fədakarlığını görmədik.

Bəs Əli Əsədovdan görəcəyikmi?

Bunu zaman göstərəcək.

Cəlal MƏMMƏDOV

AzPolitika.info

635x100

Şərhlər

avam şofer 2019-10-09 20:28:17

Devalevasiyadan sonra vəzifəyə gətirilən,bütün KİV-də reformator və iqdisadiyyatçı novator kimi təqdim edilən Natiq Əmirovu niyə yada salmırsınız hörmətli Azpolitika? Novruz Məmmədov yeni təyin ediləndə hamı bir ağızdan ən uğurlu təyinatdan danışırdı.İndi hamı uğursuz kadr olmasından danışır və bu tendensiya davam edir...Bu məmləkətdə yuxarıdan aşağılara kimi hamı yola verməklə,azərbaycansayağı düz-qoş etməklə məşğuldur.

Mirzə AĞ 2019-10-09 20:28:17

Xeyir, bacarmayacaq! Çünki Azərbaycan Baş nazirin səlahiyyətləri xeyli məhduddur...

Bisavad 2019-10-09 20:28:17

Mən o nazirlər olan məmləkətdən deyiləm. Ancaq mən də nazir olmaq istəyirəm. Bisavad olsam da o nazirlərin hamısından savadlıyam. Ancaq dövlətə xalqa atmağı bacarmaram.

Cəmşid Dərələyəzli 2019-10-09 20:28:17

Xeyirli uğurlu olsun. Lakin onu da unutmayaq ki, Baş Nazirin səlahiyyətləri Azərbaycam Respublikasının Konistututsiyası çərçivəsində tənzimlənir. Yəni kimliyindən asılı olamaraq, Baş Nazir ana yasamızın ona vermiş olduğu səlayiyyətlər çərçivəsində fəaliyyət göstərə bilər.

Şərhov 2019-10-09 20:28:17

Xəyalətə səslənirsizmi? Bir-iki şəxsin özəl gedişləri dövlət və hökumət sisteminə bənzərmi? Kütləvi cinayətə qarşı hüquqi hərəkətlər əvəzinə sülh diplomatiyası, özəl pul ayırmaları ibtidai hökumət anlayışına dəlalət olurmu? Bir deputat neft-qazdan qeyri rəqabətli məhsulu olmayan ölkədə hökumət olmasını belə istəmir. Nə haqq var bir qurup (qurum) bölüşsün, vəssalam?

Son yazılar