Menu

Bu bankın mənfəəti yarıbayarı azalıb

02.11.2019, 14:44
Bu bankın mənfəəti yarıbayarı azalıb

“AFB Bank” ASC bu ilin yanvar-sentyabr ayları üzrə hesabatını açıqlayıb. Hesabatdan məlum olur ki, bankın vəziyyəti pis deyil. Belə ki, “AFB Bank” həmin dövrdə 4,385 milyon manat mənfəət əldə edib. Lakin bu göstərici , ötən ilin eyni dövrü ilə müqayisədə 41,2% azdır.

“AFB Bank”ın gəlirləri ötən illə müqayisədə 16 faiz azalaraq, 29,148 milyon manat, xərcləri isə 1 faiz artaraq 16,477 milyon manat təşkil edib. Bank xüsusi ehtiyatlara 8,286 milyon manat ayırıb. Bu, ötən illə müqayisədə 25 faiz azdır. Belə nəticə çıxarmaq olar ki, bankın xüsusi ehtiyatlara ayırmaları azalsa da, bu, mənfəət göstəricisinin pisləşməsinin qarşısını ala bilməyib.

Lakin bir çox göstəricilər üzrə bankın göstəricilərində artım var. “AFB Bank”ın aktivləri 583,274 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 38,9% çoxdur. Son 1 ildə Bankın kredit portfeli 64 faiz böyüyüb.

Həmçinin, bank”ın öhdəlikləri 45,8% artaraq 504,83 milyon manata, o cümlədən depozit portfeli 73,5% artaraq 382,657 milyon manata, balans kapitalı isə 6,3% artaraq 78,444 milyon manata çatıb.

Xatırladaq ki, rəsmən "AFB Bank"ın səhmlərinin 99,64%-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100%-lik səhmdarı, "Bank of Baku" ASC-nin 31,11%-lik səhmdarı), 0,18%-i Cəmil Tahir oğlu Muradova ("Gilan Holdinq" MMC-nin İdarə Heyətinin sədri), 0,18%-i isə Əkbər Həsən oğlu Abdullayevə məxsus olsa da, bu bank daha çox Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun bankı kimi tanınır.

İqtisadiyyat Şöbəsi

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol