Sentyabrın 23-də Xətai rayon məhkəməsində Bəxtiyar Məmmədovun sədrliyi ilə hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu, 17 yaşlı Əli Gülalıyevin işi üzrə istintaq başlayıb. O, xuliqanlıqda ittiham edilir. Ə.Gülalıyevin 20 sentyabr 2013-cü ildə təhsil aldığı 165 nömrəli məktəbdə davada iştirak etdiyi iddia edilir. İş üzrə zərərçəkmiş kimi elə həmin məktəbin şagirdi Bayram Sultanlı keçir.
İclasın əvvəlində O.Gülalıyev yetkinlik yaşına çatmamış oğlunun nümayəndəsi kimi iki vəsatət qaldırıb. Birinci vəsatət oğlu cinayət əməli törətmədiyinə görə cinayət işinə xitam verilməsi barədə olub. İkinci vəsatət hadisənin baş verdiyi məktəbin müşahidə kameralarından videogörüntülərin izlənilməsi ilə bağlı olub. Görüntülərdə Ə.Gülalıyevin dava edən şagirdlər arasında olmadığı görünür. Hakim birinci vəsatəti təmin etməyib, ikinci vəsatətə isə məhkəmənin növbəti mərhələsində baxıla biləcəyini deyib. Öz növbəsində, Əli Gülalıyev ona qarşı irəli sürülmüş ittihamı təkzib edib, Bayram Sultanlı ilə ümumiyyətlə tanış olmadığını, onu yalnız Bakı Şəhər Baş Polis İdarəsində gördüyünü bildirib. O, həmçinin qeyd edib ki, bıçaqla yaralandıqdan sonra (ötən ilin payızında) polis ondan məhz Sultanlıya qarşı ifadə tələb edib. İndi, 11 ay sonra isə onun özünü iştirak etmədiyi hadisə ilə bağlı cinayət məsuliyyətinə cəlb ediblər. Əli Gülalıyev deyib ki, "iş siyasi motivlidir və atasının fəaliyyəti ilə bağlıdır”.
İclas zamanı aydın olub ki, 1996-cı il təvəllüdlü Bayram Sultanlı döyüş idman növləri ilə məşğul olur. Bu da Əli Gülalıyevin özündən böyük, fiziki cəhətdən daha güclü, üstəlik idmançı birini döyə bilməsi versiyasını şübhə altına qoyur. B.Sultanlı da etiraf edib ki, şikayəti məktəb direktorunun otağında direktorun israrı ilə yazıb. O, Əli Gülalıyev tərəfindən ona qarşı "təzyiqin” səbəbini izah edə bilməyib. Yalnız deyib ki: "O, salam verdi, "özünü yaxşı apar” dedi və döyməyə başladı”.
Məhkəmədə hakimlə Əli Gülalıyev arasında maraqlı dialoq olub.
Əli Gülalıyev: "Mənə qarşı irəli sürülən cinayət işi atamın siyasi fəaliyyəti ilə bağlıdır"
Hakim: "Nədən belə düşünürsən?"
Əli Gülalıyev: "Çünki hadisənin baş verdiyi iddia olunan gündən 11 ay sonra cinayət işi açılır. Hətta deyildiyi kimidirsə və mən kiminləsə dalaşmışamsa niyə iki məktəblinin dalaşması ilə bağlı ciinayət işinin istintaqını Bakı şəhər Baş Polis İdarəsinin Ağır Cinayətlər şöbəsi aparır?"
Hakim cavaba və suala gülümsəməklə cavab verib...
Hakim növbəti iclası oktyabrın 3-nə təyin edib. Məhkəmədə Ə.Gülalıyevə ictimai dəstək qrupunun üzvləri, o cümlədən Klassik Xalq Cəbhəsi Partiyasının lideri Mirmahmud Mirəlioğlu, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli, Milli Şuranın digər üzvləri, vətəndaş cəmiyyəti və media nümayəndələri iştirak ediblər.

Şərhlər