“NÖVBƏDƏNKƏNAR TOQQUŞMA”: müxalifət seçki prosesində necə iştirak edəcək? (TƏHLİL)

Dekabrın 2-də hakim Yeni Azərbaycan Partiyasının (YAP) Milli Məclisin buraxılması barədə Prezidentə müraciət etməsi ilə rəsmən startı verilən növbədənkənar seçki prosesi müxalifət düşərgəsində qızğın diskusiya yaradıb. "İştirak, ya boykot" seçimi üzərində müzakirələr, mübahisələr qısa müddətə qarşılıqlı ittihamlara keçib. Çünki əsas müxalif siyasi qüvvələrin proseslə bağlı mövqeyində uzlaşmadan daha çox diametral ziddiyyətlər var. Mövqelər "iştirak və boykot" qədər biri-birinə antoqonistdir, siyasətçilərin açıqlamaları da hər iki mövqeni əsaslandırmaq üçün bir yığın arqumentlə doludur. 

Mənzərəni daha yaxşı təsvir etmək üçün ictimai rəydə qəbul olunan və prosesin iştirakçıları olan siyasi qüvvələrin mövqelərinə və məqsədlərinə nəzər salmaq lazımdır. Eyni zamanda hakimiyyətin verdiyi kritik növbədənkənar seçki situasiyasının şərtləri ilə onların maraqlarının üst-üstə düşən, yaxud ziddiyyət təşkil edən məqamlarını göstərməyə ehtiyac var.

Milli Şura niyə qəbuledilməz şərtlər irəli sürür?


Milli Şura (MŞ) bəyan edib ki, əgər fundamental seçki islahatları olmasa, növbədənkənar seçkiləri boykot edəcək. Söhbət hakimiyyət üçün prinsipial məsələ olan Seçki Məcəlləsinə və MSK-nın tərkibinə müxalifətin maraqlarına uyğun dəyişikliklərin edilməsindən, sərbəst toplaşma azadlığının bərpa olunmasından və media imkanlarından bərabər yararlanmaqdan gedir. 

Əsas sual budur ki, MŞ hökumətin indiki gərgin keçid dövründə bu şərtlərin heç birinə əməl etməyəcəyini bildiyi halda, niyə qəbuledilməz şərtlər irəli sürür? Bu sualın cavabını hakimiyyətin MŞ-a sərt münasibətində və müxalifətin prioritetlərində axtarmaq lazımdır. Bura seçki prosesinə cəmiyyətin, beynəlxalq birliyin adekvat olmayan münasibətini də əlavə etmək lazımdır.

Milli Şura rəhbərləri yaxşı bilirlər ki, hakimiyyət indiki şərtlər daxilində onun parlament təmsilçiliyinə imkan verməyəcək. Əgər, bugünlərdə özünü "yararsız" elan edərək buraxan itaətkar parlamentin keçid dövründə hansısa ehtimal olunan risklər yaratması düşünülürsə, iqtidara qarşı sərt xətt tərəfdarlarının heç bir şansı yoxdur. Şübhə yoxdur ki, yeni tərkib üçün namizədlər inanılmış şəxslərdən, həmçinin çox diqqətlə, hərtərəfli yoxlanılmış komanda üzlərindən seçiləcək. Bura təkcə YAP-ın parlamentdə görmək istədiyi deputat korpusu daxil deyil, Milli Məclsin bütün tərkibi daxildir...

Milli Şuranın əsas hədəfi hakimiyyətə daxildən və xaricdən zərbələr vurmaqla, onu taqətdən salmaq və küçədən böyük təzyiq yaratmaqla hakimiyyəti ələ keçirməkdir. Amma bu hədəfə çatmağa iki ciddi maneə var: 

Birincisi, xalq müxalifətin arzu etdiyi kimi onu dəstəkləmir, prosesləri müşahidəçi kimi seyr etməyə üstünlük verir;

İkincisi, beynəlxalq birliyin gündəmində Azərbaycandakı daxili situasiyanın müzakirəsi yoxdur. Bu halda Qərbdən ciddi təzyiq gözləməyə dəyməz.

Əslində ikinci faktor o zaman meydana çıxa bilər ki, birinci şərt - müxalifətə cəmiyyətdən ciddi dəstək olsun. 10 il əvvəl populyar olan rəngli inqilablar, yaxud "Ərəb baharı" indi Qərbin maraqlarına daxil deyil. Çünki Qərbin özünün də prioritetləri xeyli dəyişib, bu qüvvələri artıq yekcins saymaq olmaz. Hər hansı bir ölkədə daxili şərtlər yetişməsə, Qərb özünün media, maliyyə, siyasi və diplomatik resurslarını səfərbər etməyib, ənənəvi siyasətinə üstünlük verəcək.

Mənzərə tam aydınlaşır: Milli Şura indiki resurslarla öz məqsədlərinə çata bilməyəcək, ona görə, növbədənkənar seçki prosesini bloklamaqla ondan müxalifət daxilində başqa qüvvələrin yararlanmaq imkanlarını daraltamağa çalışır. 

Yəni, seçki ilə bağlı elə bir atmosfer formalaşdırılır ki, ora daxil olub, mənfəət əldə etmək istəyən qüvvə ictimai rəydə tamamilə nüfuzdan düşsün. Hazırki qarşılıqlı ittihamların başlıca səbəbi budur. 

Prosesdə iştirak etmək istəyən ReAL Partiyası ona görə Milli Şuranın "siyasi bataqlıq" yaratmaq cəhdlərini kəskin qınayır. Beləliklə, MŞ əlində olan-qalan imkanlardan hakimiyyətin maksimum zərər görməsi üçün istifadə edəcək. Yaxın günlərdə sosial şəbəkələr üzərindən aparılan kəskin anti-təbliğatı, beynəlxalq təşkilatların növbədənkənar seçki prosesinə qarşı səfərbər olunması cəhdlərini, habelə kütləvi aksiyalarla daxili situasiyanın gərginləşdirilməsi və prosesdən narazı qüvvələri iqtidara qarşı çevirmək cəhdlərini müşahidə edəcəyik.

ReAL yeni formalaşan sistemin bir hissəsi olmağa can atır

ReAL Partiyası növbədənkənar seçki prosesinə qatılır. Təşkilatın sədri İlqar Məmmədov əvvəldən bəyan edib ki, müxalifət seçkidə aktiv iştirak etməklə hədəflərinə çata bilər. O, təklif edir ki, bütün qüvvələr prosesdə aktiv iştirak edib cəmiyyəti səfərbər etməli, nəticələr saxtalaşdırılarsa, xalqı küçələrə çağırıb dinc inqilaba nail olmalıdır. Partiyanın təklif etdiyi bu strategiyanın tərəfdarları var.

ReAL-ın hədəfi nədir, partiya bütün seçki prosesinin hakimiyyətin tam nəzarəti altında olduğunu bilə-bilə, habelə cəmiyyətin və beynəlxalq birliyin laqeyid münasibətini rahat proqnozlaşdırdığı halda, nəyə ümid edir? Bu sualın da cavabını hakimiyyətin ReAL-a münasibətində və təşkilatın maraqlarında axtarmaq lazımdır.

Əvvala, ReAL yeni yaranıb, kütləvi partiya deyil, küçədən təzyiqlə hakimiyyət dəyişikliyi ideyasından kənardır və belə imkanları praktik olaraq yoxdur. Eyni zamanda müxalifətin radikal kəsimi ilə münasibətləri ürəkaçan deyil və bu qüvvələrin sərt təzyiqi altındadır. 

Amma beynəlxaq aləmdə az-çox qəbul olunur, müəyyən elektoral bazaya sahibdir, sosial şəbəkələrdə yaxşı təmsil olunurlar. Hakimiyyət üçün indiki məqamda bu partiyanın bir neçə nümayəndəsinin parlamentə düşməsi heç bir problem yaratmaz. Əslində növbədənkənar seçkilərin standartlara yaxın olması barədə rəy formalaşdırmaq üçün hakimiyyətə də bu lazımdır. ReAl da bu təbii "uzlaşmanı" görür və ondan istifadə etmək istəyir.

Hakimiyyətdə yeni komanda formalaşır, parlament yenilənir və beləliklə, yeni siyasi sistem meydana çıxır. ReAL bu hakimiyyət-müxalifət sisteminin bir parçası olmaq istəyir. Təbii ki, burada əsas maraqlar güclənmək, yeni resurslar əldə etmək, beynəlxaq təşkilatlarda partiyanın statusunu möhkəmləndirməkdən ibarətdir.

Bəs ReAL niyə Milli Şuranın da prosesə qoşulmasını istəyir? Çünki bu siyasi qüvvənin seçki situasiyası yaratmaq imkanları var, həm ondan yararlanmaq, həm də partiyaya qarşı müxalifət cəbhəsindən əzici təzyiqi neytrallaşdırmağa çalışır. MŞ-ın prosesə qoşulacağı halda situasiyanı təsəvvür etməyə çalışsaq, ölkə boyu həyata keçiriləcək aktiv seçki kampaniyasında ReAL bir neçə deputat mandatını rahatlıqla alır, amma AXCP və onun müttəfiqlərinə heç nə çatmır.

İlqar Məmmədov da bu "ədalətsizliyi" pisləyir, amma deyir ki, bizim qələbəmizə hakimiyyət mane olmayıbsa, ona kölgə salmaq olmaz. (2000-ci ildə keçirilən parlament seçkilərində parlamentə gedən AXCP, Müsavat Partiyasından olan hücumlara bu arqumentlə cavab verirdi). Ona görə MŞ öz imkanlarını ReAL-ın mandat qazanmasına səfərbər etmək niyyətində olmayacaq.

Ən çətin seçimlə Müsavat Partiyası üzləşib

Müsavat Partiyası dekabrın 2-də Məclisin növbədənkənar sessiyasının çağırılması bardə qərar qəbul edib. Bu təşkilat üçün situasiya Milli Şura və ReAL partiyasından bir qədər fərqlidir.

Əvvəla, saxta miqrant qalmaqalına görə Müsavat rəhbərliyi daxili və xarici təzyiq altındadır. Partiyanın tanınmış üzvləri, mühacirlər rəhbərliyi rüşvətlə arayışlar satmaqda ittiham edir, rəqiblər də bu qalmaqalı körükləyir, bir sözlə, arzuolunmaz vəziyyət yaranıb. Şübhəsiz ki, bu durum Müsavatın növbədənkənar seçki ilə bağlı mövqeyinə ciddi təsir göstərəcək.

Beləliklə, partiyanın seçkidə iştirak edib-etməməsi həm hakimiyyətin, həm müxalifətdəki partiyaların mövqeyindən, həm də təşkilatdaxili situasiyadan asılı olacaq. Partiya rəhbərliyi hər üç mövqeyi nəzərə almalı və uzlaşdıraraq qərar verməlidir.

Hakimiyyət üçün Müsavat Partiyasının təkbaşına seçkilərə qatılması təhlükəli deyil. Belə bir qərar verilsə, partiyanın bir neçə namizədinin qeydə alınacağı gözləniləndir, amma onlara mandat veriləcəyi o qədər də ağlabatan görünmür. Burada spesifik yanaşma keçid dövrünün situasiyasından asılıdır. Proses rahat olsa, bir neçə namizəd üçün şans var, gərgin olsa, yox.

Əlbəttə, əsas qərarı Müsavat Partiyası verir və onun seçimi olduqca mürəkkəb şəraitdə qərarlaşdırılır. Şübhəsiz ki, bir tərəfdən Milli Şuranın mövqeyini nəzərə almağa məcburdur, indiki zəif halda onun cəmiyyətdə yaratdığı atmosferin "qurbanına" çevrilmək istəməz. İ

İkincisi, partiya mümkün olduğu qədər öz maraqlarını təmin etməyə çalışacaq. Bunu hansı yollarla etmək mümkündür?

Ehtimal etmək olar ki, Müsavat Məclisində Milli Şuranın seçki situasiyası yaradılması ilə bağlı çağırışı müdafiə olunacaq. Amma prosesdə iştirak forması fəqrlənəcək. Müsavat rəhbərliyi hazırda ciddi tərəfdarları olan seçkidə iştirak mövqeyini bir qədər fərqli formada - öz mövqeyinə uyğunlaşdıraraq müdafiə edə bilər. 

Yəni, partiya prosesə qoşulur, namizdələr irəli sürür, amma seçki islahatı tələbi ilə Milli Şuranın aparacağı prosesdə rol almağa çalışır. Bununla həm MŞ-dan gələcək təzyiqləri neytrallaşdırır, həm də seçki situasiyasının əsas subyektlərindən birinə çevrilir. Beləliklə, Müsavat rəhbərliyinə qarşı ittihamlar arxa plana keçirilməklə neytrallaşır, həm də situasiyanın yaratdığı potensial imkanlara ən yaxın təşkilat olur.

Əlbəttə, bu məqsədə çatmaq o qədər də asan deyil. Hər şey Müsavat rəhbərliyinin arzu etmədiyi istiqamətdə gedə də bilər. Məsələn, Milli Şura bu ikitərəfli mövqe ilə razılaşmaz, yaxud hakimiyyət əvvəldən ona qarşı neqativ münasibət göstərib prosesdə iştirak imkanlarını bloklaya bilər. Yaxın günlərdə bu istiqamətdə mənzərənin tam aydınlaşacağı gözlənilir.

Gözləmə rejimində dayananlar...

Növbədənkənar seçki prosesinin digər iştirakçıları da var. Bura AXP sədri Pənah Hüseynin formalaşdıracağı namizədlər blokunu, KXCP, Ümid, ADP, AMİP və tanınmış gənclərdən ibarət namizədləri aid etmək olar.

Bəzi namizədlərin normal seçki kampaniyası aparmaq imkanları olsa da, ümumilikdə onların prosesə təsir imkanları yoxdur. Adıçəkilən təşkilatlar və şəxslərin parlamentə düşməsi hakimiyyətin əsas rəqiblərlə mübarizəsinin gedişatından asılıdır: ehtiyac duyulsa, bu cəbhədən bir neçə nəfər deputat ola bilər, olmasa, yox. Ona görə, onlar seçkiyə qatılıb gözləmə rejimində dayanacaqlar.

Hər şey ölçülüb-biçilib

Yekun olaraq qeyd edək ki, hakimiyyət növbədənkənar seçki elan etmək qərarına birdən-birə gəlməyib. Şübhəsiz ki, daxili situasiya, potensial rəqiblərin hazırlıq vəziyyəti, beynəlxalq reaksiyalar və seçkinin təşkilati-texniki bütün aspektləri diqqətlə nəzərdən keçirilib.

Prosesin ilk günlərindən yaranan nəticə bundan ibarətdir: Müxalifətin aparıcı hissəsi olan Milli Şura boykota meyllidir, ReAL iştirak edəcək, Müsavat da aralıq mövqedə dayanmaq istəyəcək. Hər üç mövqedə uzlaşma nöqtələri çətin görünür. Təsvir olunan situasiya seçkilərə beynəlxalq reaksiyanın necə olacağını da müəyyənləşdirir. Yəni, hakimiyyətin çoxdan immuniteti olduğu mövqe bəribaşdan proqnozlaşdırılıb.

İqtidar komandası yenilənir, burada başlıca strategiya prosesin rahat aparılması, əngəllərin aradan qaldırılmasıdır. Görünür, elə də ciddi maneə olmayacaq...

Murad MƏMMƏDOV

“AzPolitika.info”

635x100

Şərhlər

Vakeh 2019-12-03 19:09:31

Müxalifət əgər boykot qərarı qəbul edərsə tam yanlış olar.Çünki indiyə qədərki boykotlar müxalifətə heç bir devident gətirməyib.Müxalifət seçkilərdə iştirak etməklə həm Milli Məclisdə təmsil oluna biləros (bu ona qanunların qəbulunda millətin tələbini irəli sürmək,müdafiə etmək imkanı verər),həm Məclisdə çıxışları ilə xalqın arzusuna müvafiq çıxışlr edə bilər.Boykot bir çox rea lseçiciləri seçkidən kənarda saxlayır.saxtakarlığa qarşı mübarizədən yayındırır. Odur ki, müxalifət həqiqətən özünü müxalifət sayırsa mütləq qaydada seçkilərdə iştirak etməli,namizədlərini verməli və onların seçilməsinə səy göstərməlidir.y iştirakınınjkeçkilərdj

yalçın 2019-12-03 16:14:37

seçki yox seçim burada yox, kremldə olacaq..gedişat yalnızca bunu göstərir..

Son yazılar