İRAN DAHA NƏ QƏDƏR TAB GƏTİRƏ BİLƏCƏK? - İqtisadiyyatının zəifləməsinin səbəbləri

ABŞ-la İran arasında gərginlik artıq qırx ildir davam edir. Amerikanın İrana hərbi müdaxilə edəcəyi mövzusu dəfələrlə aktuallaşıb. Ən kritik an 2006-cı ildə yaşanmışdı və analitiklər ABŞ ordusunun nə zaman həmlə edəcəyinin vaxtını da proqnozlaşdırmağa çalışırdılar.

Nə üçün 2006-cı ili yada saldıq?

Çünki həmin vaxt ABŞ-ın İraqda 150 minlik, Əfqanıstanda isə 90 minlik ordusu vardı və hələ üstəlik bir neçə aviadaşıyan Fars körfəzinə girmişdi. İranda hamı həyacanla gözləyirdi ki, görəsən Amerika doğrudanmı zərbə endirəcək. Amerika ilə İran arasındakı ədavətin kökündə İranın nüvə silahı əldə edə biləcəyi məsələsi durur. İran bildirir ki, onlar dinc məqsədlər üçün Atom Elektrik Stansiyası tikmək istəyirlər və uranın zənginləşdirilməsi də məhz bunun üçün lazımdır. Lakin ABŞ həmişə bildirib ki, siz əsl istəyinizi gizlədirsiniz və əgər belə deyilsə, onda qoyun beynəlxalq espertlər qrupu sizin nüvə obyektlərinizi daima yoxlasın.

Nəhayət, uzunmüddətli danışıqlardan sonra prezident Barak Obama zamanı İranla beynəlxalq səviyyədə nüvə sazişi imzalandı və İran öz üzərinə müəyyən öhdəliklər götürdü. İmzalanma mərasimindən qayıdan İranın xarici işlər naziri Cavad Zərifin böyük coşğuyla qarşılanması xalqın sanksiyalardan yorulduğunun bariz təcəssümüydü. Hamı sevinirdi ki, deyəsən vəziyyət yaxşılığa doğru gedir. Lakin Trampın prezident seçilməsiylə hər şey büsbütün baş-ayaq çevrildi. Tramp deyir ki, Obama ilə bağlanmış nüvə sazişini unudun, mən sizə yeni tələblər qoyuram və əgər razılaşmasanız, onda üzərinizə sarsıdıcı sanksiyalar zərbəsi yağdıracam.

İndi ABŞ-ın sərt sanksiya tədbirləri nəticəsində İranın neft ixracı azlaıb. Bu, onun iqtisadiyyatını çətin və dolaşıq hala salıb. Bu yaxınlarda benzinin qiymətinin qalxmasıyla əlaqədar ölkənin bəzi əyalətlərini iğtişaşlar bürüdü və onların yatırılması nəticəsində 100 nəfərdən çox adamın ödürüldüyü bildirilir.

Ümumiyyətlə isə, dünyanın gərgin ocaqlarından olan İran barəsində beynəlxalq mətbuatda xeyli sayda maraqlı materiallar dərc olunur. ABŞ-ın “Project Syndicate” saytında yayımlanmış ”İran Trampdan daha uzunömürlü olacaqmı?” (“Can İran Outlast Tramp?”) başlıqlı məqələdə deyilir: “2018-ci ilin mayında prezident Donald Tramp İranla bağlı nüvə müqaviləsindən ABŞ-ın çıxdığını bildirəndən və İrana qarşı sanksiyalar tətbiq edəndən sonra İranın Ümumi Daxil Məhsulu əhəmiyyətli dərəcədə aşağı düşüb. İran rəhbərliyində yeni nüvə sazişiylə bağlı Trampla danışıqlara getmək məsələsində fikir ayrılığı var. Bəziləri hesab edir ki, danışıqlar masası arxasında oturmaqdansa, 2020-ci ildəki Amerika prezident seçkilərinin qurtarmasını gözləmək daha yaxşı olar, çünki masa arxasında mövqeyini tez-tez dəyişməyən demokratlar da otura bilər. Ancaq bu müddət ərzində İrandakı iqtisadi vəziyyət hədsiz pisləşə bilər ki, bu da öz növbəsində iranlıların danışıqlardakı mövqelərini daha da zəiflədər.

İran iqtisadiyyatının indiki vəziyyətini dəyərləndirmək çətindir. Təkrar sanksiyalardan sonra Ümumi Daxili Məhsulun geriləməsi 5 faizdən 15 faizədək dəyişib. İranlılar deyirlər ki, yaz aylarından başlayaraq, ölkədə iqtisadiyyatın böyümə tempində pozitiv irəliləyişlər sezilir (Bu,statistik məlumatlara əsasən söylənilən fikirlərdir). Lakin buna baxmayaraq, xarici müşahidəçilər ayrı fikirdədirlər və həmin statistik göstəricələr onları qane etmir. Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, bu il ölkə iqtisadiyyatı şok həddə - 9,5 %-ə kimi kiçiləcək.

Bütün baş verənlərin fonunda İran hakimiyyətində iqtisadiyyatın uzunmüddətli böyüməsi perspektiviylə bağlı qızğın debatlar gedir. Ali dini rəhbər ayətullah Əli Xomeneyinin tərəfində dayanan İran “şahinlər qanadı” hesab edir ki, iqtisadi yenidənqurma işləri elə aparılmalıdır ki, ölkə beynəlxalq izolyasiyaya tab gətirə bilsin.

Sərt xətt tərəfdarları deyirlər ki, iqtisadiyyatın dirçəlməsi əlamətləri müşahidə olunur. Hərçənd ki, bu, neft ixracında hiss edilmir. 2018-ci ildə 70% çökmüş İran valyutası rial, uduzlumuş dəyərinin üşdə birini geriyə qaytara bilib və hələ kifayət qədər konvertasiya olunmaq gücündədir.

Digər tərəfdən isə, verilən statistik məlumatlara əsasən 800 min yeni iş yeri yaradılıb və hazırda işsizlik səviyyəsi son yeddi ilin ən aşağı həddinə düşərək 10,5% təşkil edir.

Hadisələrin bu cür gedişi onu göstərir ki, neft ixracına qoyulan məhdudiyyətlər İranı iqtisadiyyatın şaxələndirilməsinə məcbur edib. Lakin texnokratların üstünlük təşkil etdiyi prezident Həsən Ruhani və onun islahat əhval-ruhiyyəli hökuməti dövlətin iqtiadiyyat üzərindəki nəzarətinin məhdudlaşdırılması və onun xarici aləmə açılması ilə bağlı səylərin ləğv olunmasında maraqlı deyil.

2018-2019-cu illərdə əsas fondlara kapital qoyuluşunun həcmi Ümumi Daxili Məhsula görə 14 % aşağı enib və bu, mövcud fondların bərpa edilməsinə yetməyəcək”.

Bu, məqələnin sadəcə qısa xülasəsiydi və əsas diqqətimizi oradakı iqtisadi vəziyyətə yönəltdik. Digər yandan isə orada əsas etibarıyla İranın rəsmi statistikasına söykənilib.

Ancaq gəlin İran iqtisadiyyatındakı vəziyyətin real tərəflərinə göz gəzdirək. Hazırda İranın neft ixracından əldə etdiyi mənfəət ölkə büdcəsinin 33%-ni təşkil edir. İranın büdcəsi təxminən 115 milyard dollardır. Hazırda İran dünya bazarına gündəlik 1-1,5 milyon barel arasında neft çıxarır. Amma sanksiyalardan qabaq bu göstərici gündəlik 2,5 milyon barelə çatırdı. İran hökuməti neftin büdcə qiymətini bir barel üçün 50-55 dollar arasında götürüb. Verilən məmatlara görə, İran neftinin əsas alıcısı Çin (35%) və Hindistandır(33%).

İranın digər mühüm problemi heç də təkcə sanksiyalarla bağlı deyil. İqtisadi vəziyyətin ağırlaşmasının səbəblərini aydınlaşdırmaq üçün ölkənin daxil dinamikasının təsirləri də mütləq nəzərə alınmalıdır. Belə ki, İranın böyük büdcə kəsiri var və bu, 10 milyard dolları keçir. Məbləğ çox böyükdür və neftdən əldə olunan gəlirin təxminən 40 faizinə çatır. Səbəb isə, vergilərdən yayınmadır.

Oliqarxik sistem İranda da mövcuddur və hər vəclə bu məsələnin üstündən sükutla keçməyə çalışılır. Hökumətin vergini ödəmək istəməyənlərə qarşı sərt tədbirlər görməməsinin başlıca səbəbi məmurların iri biznes sahələrini inhisara almalarıyla bağlıdır.

Vaqif NƏSİBOV 

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar