“REGİONDA ƏSL MÜHARİBƏ BAŞLAYIB...” - “İsrail səfirliyini havaya uçuran İran çox şeyə qadirdir”

İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələri komandanı Qasim Süleymaninin qətlə yetirilməsindən sonra regionda yaranan gərginlik İranın ABŞ-ın İraqdakı hərbi bazalarına raket zərbələri endirməsilə növbəti mərhələyə qədəm qoydu. Hadisələrin sonrakı gedişilə bağlı müxtəlif proqnozlar verilsə də, əlbəttə ki, bir neçə saat sonra nə baş verəcəyini heç bir siyasi təhlilçi, politoloq dəqiq söyləyə bilməz.

Rusiyada İsrail və Yaxın Şərq üzrə tanınmış ekspertlərdən olan Yevgeni Satanovski isə münaqişənin getdikcə daha da alovlana biləcəyinə dair proqnoz verib.

“AzPolitika.info” xəbər verir ki, mətbuata açıqlama verən “Yaxın Şərq İnstitutu” Elmi Mərkəzinin rəhbəri, professor Y.Satanovski hadisələrin inkişafına kifayət qədər pessimist yanaşdığını bildirib. Onun fikrincə, tərəflərin növbəti cavab həmlələrinin baş verəcəyi ehtimalı olduqca böyükdür.

Satanovski deyib ki, ABŞ-ın guya İranın raket zərbələrindən sonra insan tələfatı olmadığına dair verdiyi məlumat inandırıcı görünmür. Belə ki, bundan öncə Keniyadakı ABŞ bazasına hücumdan sonra oxşar bəyanat verilsə də, sonradan iki Amerika hərbçisinin öldüyü açıqlanmışdı. Raket zərbələrindən sonra İranın açıqladığı insan tələfatına dair məlumatlar qismən də olsa təsdiqlənəcəyi təqdirdə isə ABŞ-ın bunu cavabsız qoyacağını düşünmək sadəlövhlük olar.

Ekspertin fikrincə, ümumiyyətlə gərginliyin bu həddə çatmasının və ABŞ-ın İran generalını məhv etməsinin əsas səbəbi Donald Trampın ABŞ-da keçiriləcək növbəti prezident seçkilərilə bağlı maraqlarıdır: “Trampı seçkidən başqa heç nə maraqlandırmır. Trampın İran generalının məhv edilməsilə bağlı qərarı yalnız onun seçkiqabağı perspektivlərilə bağlı qəbul olunub.”

Y.Satanovski hesab edir ki, Tramp ABŞ-ın Bağdaddakı səfirliyinə edilən hücumları cavabsız qoya bilməzdi: “O, Bağdadda ABŞ səfirliyi ətrafındakı gərginliyi sükutla qarşılaya bilməzdi. Gərginliyin səbəbinin amerikalıların şiə qruplarını bombalaması olduğu onu qətiyyən narahat etmir. Əsas məsələ demokratların tənqid hədəfinə çevrilməmək və “ABŞ səfirliyi təhlükə altındadır, prezidentsə gücsüzdür” kimi situasiyaya düşməməkdir”.

Rusiyalı ekspert deyib ki, iranlılar üçün Süleymaninin vurulması istənilən an ali dini liderin, yaxud prezidentin də vurula biləcəyi anlamını daşıyır. Ona görə də, İranın əllərini sallayaraq sakit oturması mümkün deyildi. Satanovski belə bir ritorik sual verir ki, əgər ABŞ İranın dini mərkəzi olan Qum şəhərini yer üzündən silərsə, nə baş verəcək? Ekspertin fikrincə, hadisələrin bu cür gedişi İranın istənilən metodlardan istifadəsini mümkün edir.

Y.Satanovski xatırladıb ki, İran bütün dünya üzrə böyük agentura şəbəkəsinə malikdir və hətta istənilən an ABŞ-ın özündə 11 sentyabr hadisəsinə bənzər aktlara əl ata bilər. Buna misal olaraq, 1992-ci ildə İsrailin Argentinadakı səfirliyinin “Hizbullah” tərəfindən partladılmasını xatırladan ekspert, İranın çox şeyə qadir olduğunu deyib: “Vaxtilə İsrailin Argentinadakı səfirliyini havaya uçuran İran çox şeyə qadirdir. Onun Latın Amerikası və ABŞ-da hərəkətə keçməsi üçün imkanları çoxdur. Hə, yalnız Avropada heç nə etməzlər, çünki onlarla neft ticarətləri var. Digər yerlərdə isə niyə də olmasın...”

Satanovski sonda deyib ki, hazırda regionda baş verənlər sözün əsl mənasında müharibədir. Onun fikrincə, münaqişə getdikcə daha da qızışacaq. Bununla yanaşı, o, gərginliyin hansı həddə qədər artacağını söyləməyin də mümkünsüz olduğunu etiraf edib.

Cəlal MƏMMƏDOV 

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar