Ayətullah Sistani isə “bütün yabançı hərbi güclər ölkədən çıxmalıdır”, deyir
İraqın baş naziri Adil Əbdül Mehdi ABŞ dövlət katibi Maykl Pompeodan Amerika qoşunlarının İraqdan çıxarılması üçün mexanizm hazırlamaq məqsədi ilə Bağdada Vaşinqtondan rəsmi şəxslərin göndərilməsini xahiş edib. “Bloomberg”in yaydığı xəbərdə belə deyilir.
Telefon danışığı zamanı Əbdül Mehdi xatırladıb ki, ABŞ Bağdadda Qasım Süleymanini aradan götürdükdən sonra İraq parlamenti Amerika qoşunlarının ölkəni tərk etməsini tələb edir. Yerli millət vəkilləri İraqın Amerika ilə İran arasında döyüş meydanına çevrilməsini istəmirlər.
ABŞ-ın bu xahişə necə reaksiya verəcəyi bəlli deyil. Prezident Donald Tramp parlamentin səsverməsinə əsəbi cavab verərək İraqı sanksiya ilə hədələmişdi. Demişdi ki, İraq hökuməti ABŞ qüvvələrinin ölkəni tərk etməsində israr edərsə son iki onillikdə İraqa edilən investisiyaların geri ödənilməsini tələb edəcəklər.
Pentaqon rəhbəri Mark Esper isə yanvarın 6-da İraq xalqının və millət vəkillərinin Səddam Hüseynin devrilməsindən 17 il sonra da ABŞ qoşunlarının ölkədə qalmasını istəməsinə inandığını söyləmişdi.
“Bloomberg” qeyd edir ki, İrana dini baxımdan yaxınlıq hiss edən İraq şiələrindən fərqli olaraq sünni müsəlman azlığı və kürdləri təmsil edən millət vəkilləri həmin səsvermədə iştirak etməyib. Başqa sözlə desək, həmin səsvermə ilə əlaqəli boykot qərarı veriblər.
Cümə günü İraqın ən yüksək şiə ruhanisi ölkənin suverenliyinin "dəfələrlə pozulduğunu" və hökumətin hücumlara mane ola bilmədiyini açıqlayıb.
Böyük Ayətullah Əli əl-Sistani cümə günü heç bir kənar gücün İraqın taleyinə qərar vermək haqqına sahib olmadığını söyləyib.
"İraqın suverenliyinin dəfələrlə pozulduğunun aydın göründüyü son təhlükəli təcavüzkar hərəkətlər bölgədə vəziyyətin pisləşməsindən xəbər verir", Böyük Ayətullahın rəsmi nümayəndəsi Əhməd əl-Safi Əli əl-Sistaninin bu fikrini mediaya çatdırıb.
“Bloomberg” vurğulayır ki, İranın hərbi qüvvələri Qasım Süleymaninin qisasını almaq məqsədi ilə ABŞ qoşunlarının İraqdakı bazalarına raketlərdən atəş açıb. Prezident Donald Tramp bu hücumdan sonra İran liderlərini sülh danışıqlarına çağırıb.(musavat.com)


Şərhlər