“HAYLA GƏLİB, KÜYLƏ GEDƏN” QONDARMA PREZİDENT - Abxaziyada Rusiyanın pulları uğrunda qovğa qızışır

Gözəl təbiətə malik Şimali Qafqazın bir çox tanınmış kurortlarının yerləşdiyi Abxaziya Gürcüstandan ayrılandan sonra bütün digər qondarma rejimlər kimi nə qədər özünü müstəqil, normal dövlət qismində biruzə verməyə çalışsa da, reallıqda heç cür buna nail ola bilmir.

“AzPolitika.info” xəbər verir ki, son günlər bu qondarma respublikaya rəhbərlik uğrunda gedən mübarizə artıq açıq qarşıdurma mərhələsinə qədəm qoyub.

Suxumi yenə qaynayır

Rusiya KİV-lərinin verdiyi məlumata görə, hazırda qondarma respublikada qeyri-müəyyən durum yaranıb. Hər şey yanvarın 9-da Abxaziya müxalifətinin prezident administrasiyası və parlamenti zəbt etdərək, “ölkə başçısının” istefası tələbini qoymasından sonra başlayıb. Müxalifətin təşkil etdiyi mitinqin iştirakçıları ötən ilin sentyabrında keçirilmiş prezident seçkisinin nəticələrinin ləğv edilməsini tələb edirlər.

Qeyd edək ki, rəsmi nəticələrə görə, bu seçkidə cüzi səs çoxluğu ilə (47.3 faiz – 46.1 faiz) hazırkı prezident Raul Xacimbanın rəqibi Alxas Kvitsiniya üzərində qalib gəldiyi elan olunub. Lakin 9 müxalifət partiyası seçkinin nəticələrinin ləğv edilməsini tələb edib və bu barədə məhkəmə vəsatəti verib. Məhkəmə ilk olaraq, vəsatəti rədd edib. Bundan sonra müxalifətin kassasiya şikayəti araşdırılıb. Sonradan müxalifətin təzyiqlərinə tab gətirməyən Ali Məhkəmə yanvarın 10-da nəticələrin ləğv edilməsi və yeni seçkilərin keçirilməsinə dair qərar çıxarıb. Bu qərar qəbul edilərkən müxalifət prezident administrasiyasının və parlamentin qarşısında etiraz aksiyası keçirirdi. 

Raul Xacimba

Məsələ ondadır ki, qondarma respublikanın parlamenti də əsas etibarilə müxalifətin tərəfindədir. Parlament də prezidenti istefa verməyə çağırmışdı. Lakin Xacimba təslim olana oxşamır və o, Rusiyanın “RIA Novosti” agentliyinə deyib ki, sözügedən məhkəmə qərarından şikayət edəcək. Suxumidə isə vəziyyət gərgin olaraq qalır. Xacimba özü kabinetində yox, bağ evindədir. Prezident administrasiyasını ələ keçirən müxalifətçilər isə mühafizə xidmətinin silahlarına da yiyələniblər. 

Hakimiyyət bildirir ki, hələlik etirazçılara atəş açılması barədə qərar qəbul edilməyib. Lakin bu da əlavə olunub ki, zərurət olarsa, belə bir tədbir gələcəkdə istisna edilmir. Artıq Rusiya Təhlükəsizlik Şurası başçısının müavini Rəşid Nurqəliyev də hadisələrlə bağlı Suxumiyə gedib. 

Xatırladaq ki, Abxaziya 1994-cü ildə bölgədə separatizm baş qaldırdıqdan sonra Rusiyanın birbaşa köməyi və müdaxiləsilə Gürcüstandan müstəqilliyini elan edib. 2008-2009-cu illərdə, Rusiya-Gürcüstan müharibəsindən sonra Abxaziyanın müstəqilliyi Moskva tərəfindən rəsmən tanınıb. Lakin BMT-yə üzv ölkələrin əksəriyyəti Abxaziyanı Gürcüstanın bir hissəsi kimi tanımaqda davam edir. Tbilisi isə separatçı bölgədə keçirilən seçkinin nəticəsini tanımır və Abxaziyanı Rusiya tərəfindən işğal edilmiş ərazi hesab edir. 

Qeyd edək ki, Abxaziyada Rusiyanın hərbi bazası var və abxazların əksəriyyəti Rusiya vətəndaşlığına malikdir. Kremlin həm Abxaziyanın hazırkı hakimiyyəti, həm də müxalifəti üzərində təsir gücü var. Yəni ki, tərəflərin hansının qalib gələcəyi, hakimiyyətdə kimin olacağının Moskva üçün prinsipial əhəmiyyəti yoxdur. Tərəflərin hər biri Gürcüstana qarşı aparılan separatçı maharibənin iştirakçılarıdır və hər ikisi də özlərini “qəhrəman” hesab edir. 

Dava pul davasıdır

Bəs bu hakimiyət qovğasının kökündə nə durur? Məsələ ondadır ki, Abxaziya artıq neçə illərdir ki, Rusiya büdcəsindən ayrılan pulların mənimsənilməsi üzrə rekordçu adına iddialı subyektlərdən biridir. Qondarma respublikanın büdcəsinin tam üçdə ikisi (!) yəni 70 faizə yaxını Rusiyanın ayırdığı dotasiyalar hesabına formalaşır. Bu, iqtisadi cəhətdən ələbaxım olan, lakin özünü müstəqil elan və hesab edən bir respublika üçün utancverici durumdur. Lakin qondrama rejimin başında indiyə qədər oturanları bu fakt az maraqlandırıb. Əhalinin güzəranı isə Rusiyanın ayırdığı milyardlara baxmayaraq, günü-gündən pisləşir.

Təkcə onu qeyd etmək kifayətdir ki, son 10 ildə Rusiya Abxaziyaya 40 milyard rubl, yəni az qala 1 milyard dollara yaxın vəsait ayırıb. Rəsmən 240 min nəfərə yaxın əhalisi olan, onun da əhəmiyyətli hissəsi Rusiyanın müxtəlif ərazilərinə səpələnən respublika üçün bu, olduqca böyük məbləğdir. Guya bu vəsaitlər respublikada sosial infrastruktur layihələrinə, yolların çəkilməsinə və s. xərclənməli idi. Lakin region əhalisinin böyük hissəsi hələ də acınacaqlı durumda yaşayır, yollara gəldikdə isə hətta paytaxt Suxuminin özündə belə onlar bərbad vəziyyətdədir.

Hələ 2010-cu ildə Moskvada Abxaziyaya ayrılan vəsaitlərin mənimsənildiyini anlamağa və ictimailəşdirməyə başladılar. Rusiya Hesablama Palatası Abxaziyanın müvafiq qurumları ilə birgə respublikada müxtəlif sahələrdə yoxlamalar apardı. Külli miqdarda vəsaitlərin açıq-aşkar mənimsənildiyi təsdiqlənsə də, qondarma rejimin qanunvericilik bazası, eləcə də hüquq-mühafizə orqanlarının biabırçı vəziyyəti hər hansı ciddi nəticə əldə etməyə və günahkarların cəzalandırılmasına imkan verməyib. Elə hal-hazırda da həmin vəziyyət hökm sürməkdədir. Belə ki, yenə də Rusiyanın ayırdığı pullar, təbii ki, Moskvada da kimlərinsə maraqlarına uyğun olaraq, talanmaqdadır. Pulun isə ardı-arası kəsilmir. Qarşıdan gələn 2 ildə Rusiya bu qondarma respublikada təkcə yol çəkilişinə 5 milyard rubla yaxın vəsait ayırmağı planlaşdırır. Elə hakimiyyət uğrunda gedən mübarizə də əslində bu talandan pay qoparmaq uğrunda gedən savaşdır.

Özü sə hakimiyyətə üsyanla gəlmişdi...

Maraqlıdır ki, prezident Xacimba özü 2014-cü ildə hakimiyyətə məhz hazırda Suxumi küçələrində müşahidə olunan hadisələrin bənzəri olan proses nəticəsində gəlib. 2014-cü ildə prezident administrasiyasına o vaxtkı prezident Aleksandr Ankvabanın hakimiyyətdən devrilməsilə nəticələnən hücuma şəxsən Xacimba özü rəhbərlik edirdi. İndi isə eyni hərəkat ona qarşı baş verməkdədir.

Rusiyalı politoloqların böyük əksəriyyəti artıq Xacimbanın “qələminin qırıldığı” qənaətindədirlər. Çünki əhalinin onun hakimiyyətindən narazılığı pik həddə çatıb və təkrar seçkidə onun qalib gəlməsi ehtimalı olduqca aşağıdır. Deməli, necə deyərlər, “hayla gəlib, küylə gedəcəyi” artıq kəsinləşib. Onu da qeyd edək ki, onun hakimiyyəti təkcə korrupsiya, oğurluq deyil, kriminal yönümü ilə də ciddi narazılığa səbəb olub. Təkcə onu qeyd etmək kifayətdir ki, ötən ilin noyabrında Xacimbanın şəxsi mühafizəçisi Suxumidə 3 nəfərin güllələnməsində təqsirli bilinir.

Lakin müşahidəçilərin əksəriyyəti bu hakimiyyət dəyişikliyinin də qondarma respublikada hansısa müsbət nəticələr verəcəyinə skeptik yanaşırlar. Belə ki, əsas xüsusiyyətlətinə görə Kvitsiniya və onun arxasında duranlar da Xacimbadan heç nəylə fərqlənmirlər. Abxaziyada tanınmış politoloqlardan olan İnal Xaşiq son hadisələri şərh edərkən deyib: “Elektorat iki pisin arasından birini seçdi, o da qalib gəldi”.

Bu hadisələr həm də onu göstərir ki, keçmiş SSRİ məkanında Dağlıq Qarabağ da daxil olmaqla, Rusiyanın iştirakı ilə yaranan bütün qondarma rejimlər eyni taleyi yaşayır – yoxsulluq, ələbaxımlıq, sosial gərginlik, özbaşınalıq, kriminal - bir sözlə rəzalət!

Cəlal MƏMMƏDOV 

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar