Menu

NİYƏ ADİL ƏLİYEV?

30.01.2020, 16:08
NİYƏ ADİL ƏLİYEV?

Mən Adil Əliyevin humanist, vətənpərvər və insansevər xarakterilə lap çoxdan tanış olmuşdum. Ötən əsrin 90-cı illərində Adil müəllim Bakıda polis bölməsinin rəisi olanda bir dostumuzun tələbə oğlu tramvay sürücüsü ilə dava etmişdi. Ciddi xəsarətlər olmasa da, sürücü gənc oğlanın həbsini istəyirdi. Dostumun həyat yoldaşı isə ağlayaraq sürücüyə yalvarırdı ki, oğlundan şikayətçi olmasın.

Mən o vaxtlar dostumla bölmə rəisinin qəbulunda olduq. Xahiş etdik ki, bu işdə vasitəçi olsun və qarşı tərəfin hirs və hikkəsinin yumşalmasında bizə yardımçı olsun. Adil müəllim əvvəlcə dostumun tələbə oğlunu ciddi tənbeh etdi. Onun bu hərəktlərini sərt şəkildə qınadı.

Sonra isə tramvay sürücüsünü bir polis rəisi kimi deyil, oturuşmuş bir ziyalı kimi, həm də ibrətamiz sözlərlə başa salmağa çalışdı ki, gəncdir, səhv edib. Onu bağışlasa, bu gəncə öz həyatını yenidən qurmağa, daha ləyaqətli yaşamağa imkan qazandıracaq. Eyni zamanda, tramvay sürücüsünə onu da bildirdi ki, bu sənə qarşı bir təzyiq deyil, istədiyin halda səni haqlı hesab edirik.

Nəticə isə çox ədalətli oldu: hər iki tərəf barışdı və hətta iki ailə sonralar dostluq etməyə də başladılar.

Bu da faktdır ki, bəziləri belə hadisələrdən bəlkə də qazanc götürəcəyi haqqında düşünərək tamam başqa bir mövqe ortaya qoyardı. Təbii ki, Adil müəllimin o vaxt sərgilədiyi bu ziyalı və kişiyana mövqeyi nə birinci oldu, nədəki sonuncu…

Mən parlament jurnalisti olaraq sonralar Adil Əliyevin Milli Məclisin deputatı kimi də fəaliyyətini yaxından izləyə bildim. Fəal, seçicilərinin problemlərini və təkliflərini Milli Məclisin tribunasından cəsarətlə səsləndirən Adil Əliyev sözün həqiqi mənasında millət vəkili oduğunu təsdiqləyirdi.

Mətbuata açıq, jurnalistlərin problem və qayğıları ilə davamlı olaraq maraqlanan deputat həm də onların dostu olduğunu, azad sözə, demokratik düşüncəyə hörmət etdiyini dəfələrlə təsdiq edib. Jurnalistlərin istənilən suallarına açıq olan Adil Əliyev həm də onların dostu kimi hüquqlarını qorumağa çalışıb. Hətta jurnalistlər onları narahat edən şəxsi problemlərinin həlli ilə bağlı Adil müəllimə müraciətlər edəndə də onlara dəstək olub, bəzi idarələrə, vəzifə sahiblərinə zəng edərək bu problemlərin həllinə yardımçı olmağa çalışıb. Onun qənaətincə, jurnalistlərə diqqət və qayğı cəmiyyətə, ziyalılara, ən nəhayət, dövlətə göstərilən diqqət və qayğıdır.

Bir çox hallarda sosial problemləri olan vətəndaşlar Milli Məclisin qarşısına gələrək deputatlarla görüşməyə çalışırlar. Hətta gələnlərin arasında müharibə əlilləri, müharibə veteranları, şəhid ailələri də olur ki, Adil müəllim onların qarşısına çıxmağı özünə borc bilib. Müşahidələrimə əsasən deyərdim ki, məhz Adil Əliyev o deputatlardandır ki, həmişə seçicilərinin qarşısına cəsarətlə, alnıaçıq, üzüağ çıxıb. Əvvəla ona görə ki, o, humanist xarakterinə uyğun olaraq daim bu təbəqənin hüquqlarının müdafiəsi ilə məşğul olub. Eyni zamanda, yerlərdə bəzi məmurların narazı saldıqları müharibə əlilləri, şəhid ailələri, müharibə veteranları ona görə Adil Əliyevlə görüşə can atıblar ki, o, həmin problemlərin həlli üçün məmurlarla sərt danışa və qarşılaşdıqları çətinliklərin həllinə yönləndirə bilən cəsarət sahibidir.

Adil Əliyev həmin ictimai-siyasi fəallardandır ki, jurnalisti qərəz və böhtana görə heç vaxt məhkəməyə vermək iddiasında olmayıb. Onun qənaətincə, jurnalisti məhkəməyə verməkdənsə onu obyektivliyə, vicdanlı jurnalistikaya yönləndirmək daha effektlidir. Adil müəllim deyir ki, bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan böyük quruculuq işləri və bunun fonunda dünyanın respublikamızın artan nüfuzunu heyranlıqla müşahidə etdiyi bir vaxtda belə xırda işlərə vaxt sərf etməyə lüzum görmür. Hələ Ulu Öndər vaxtilə onu sərt tənqid edən, bəzi hallarda təhqirlərə yol verən jurnalistləri bağışlayaraq məmurları da bu humanistlikdən nümunə götürməyə səsləyirdi: «Mən də jurnalistlərə qarşı bu humanistliyin tərəfdarıyam. Çünki bu prinsip Azərbaycan dövlətinin beynəlxalq nüfuzu, ən başlıcası isə ölkəmizdə söz və mətbuat azadlığının inkişafı üçün çox əhəmiyyətlidir».

Adil müəllim öz seçiciləri ilə də mütəmadi görüşlər keçirən deputatdır. O, yenidən 20 saylı Nərimanov ikinci Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürüb. Həm də məhz seçicilərinin istəyi və xahişi ilə. Ona görə ki, Adil Əliyev seçicilərinin yanında olan, onlarla həmdərd olmağı bacaran bir millət vəkili statusu qazanıb.

Adil Əliyev, eyni zamanda, hər bir seçicisinin şad və dar günündə onların yanında olub. Nərimanov rayonunda yaşayan dostlarımın və qohumlarımın sözlərinə görə, o, əvvəlki deputatlıqları dövründə hər həftənin üç günü məhəllə-məhəllə gəzərək seçiciləri ilə görüşüb - onların problemlərini şəxsən dinləyərək həllinə çalışıb. Onun qərargahı həmişə seçicilərinin üzünə açıq olub, hər bir seçicisinin xeyir və şərində şəxsən iştirak edib, onlara mənəvi və maddi dəstək olub.

Ona görə də Adil Əliyev seçicilərinin dəstəyinə tam arxayındır. Necə ki, o seçicilərinin həmişə yanında olub, indi də seçiciləri onun yanındadır. Zatən bu onun seçiciləri ilə keçirdiyi izdihamlı görüşlərindən də görünür.

Elçin Zaman

Şərhlər

t.ədalət 2020-01-30 19:53:07

Mənsə keçmiş polis rəisinin humanistliyinə heç vaxt inanmıram.

Özgür 2020-01-30 18:23:03

bəli dostunuzun oğlunu tramvay sürücüsünün əlindən aldığına görə mütləq "deputat" seçilməlidir. vəssalam!a görə Adil Əliyev mütləq "depu

kamil 2020-01-30 16:18:20

men muellifin semimi sozleri ile tamamile raziyam

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol