Menu

Şeyx Ukrayna böhranından çıxmağa kömək edəcək

27.09.2014, 14:22
Şeyx Ukrayna böhranından çıxmağa kömək edəcək

Rusiya patriarxı Kirill Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların vacibliyini qeyd edib

Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə Rusiyanın patriarxı Kirillə Ukraynada sülhə nail olmağa kömək etməyə hazırdır.

İki dini lider arasında ötən gün keçirilən görüşdə A.Paşazadə Rusiya kilsəsinin də köməyi ilə Ukraynada tezliklə sülhə nail olunacağına inandığını deyib.

O, qeyd edib ki, iki qardaş xalq arasında baş verənlər azərbaycanlıları da narahat edir. "Mən ümid edirəm ki, hər iki xalq vəziyyəti dəyərləndirəcək və münaqişəyə son qoyulacaq.

Rusiya və Ukrayna arasında baş verənlərin müvəqqəti olduğunu və tezliklə münaqişənin sülh yolu həll ediləcəyini düşünürəm. Dini lider kimi bizim də çiyinlərimizdə ağır yük var. Əminəm ki, tezliklə bu problemin həllinə nail olunacaq. Bu məsələdə mən həmişə sizin yanınızda olmağa və problemin həllində imkan qədər kömək göstərməyə hazıram".

A.Paşazadə Azərbaycan prezidentinin də salamlarını çatdırıb. "Azərbaycan prezidenti sizi ölkəmizdə görmək diləklərini çatdırmağımı istədi".

Bütün Rusiyanın patriarxı Kirill də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqları davam etdirməyin vacibliyini qeyd edib.

"Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlarda sizin vacib rolunuzu qeyd etmək istərdim. Hesab edirəm ki, biz cəhdlərimizi davam etdirməliyik. Çünki Qarabağ münaqişəsinin sülh yolu ilə həllini tapmaqdan başqa yol yoxdur".

Kirill qeyd edib ki, Azərbaycan diasporu Rusiyada əhəmiyyətli yer tutur. "Azərbaycan xalqının övladları arasında bizim xalqımızın yaddaşında qalan, Rusiyanın görkəmli xadimi olanlar çoxdur.

İnanıram ki, heç bir xarici qüvvə, siyasi peripetiya, münaqişə Azərbaycanla Rusiya xalqaları arasında dostluq əlaqələrinə ziyan vura bilməz".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol