SƏRDAR CƏLALOĞLU 218, ARİF HACILI 291 SƏS... - Ən iddialı partiya sədrlərinin nəticələri nədən xəbər verir?

Növbədənkənar parlament seçkisində nəticələri maraqla izlənən dairələrdən biri olan 15 saylı Yasamal birinci seçki dairəsində əsas mübarizə Azərbaycan Demokrat Partiyasının(ADP) sədri Sərdar Cəlaloğlu, Müsavat Partiyasının başqanı Arif Hacılı və həmin dairəni köhnə parlamentdə təmsil etmiş müstəqil namizəd Ülvi Quliyev arasında gedirdi.

YAP isə bu dairədən Rauf Nağıyevin namizədliyini irəli sürmüşdü. Lakin lap əvvəldən hakim partiyanın bu namizədin üzərində xüsusi olaraq durmayacağı məlum idi.

Xatırladaq ki, seçkidən əvvəl “AzPolitika.info”-ya açıqlama verən S.Cəlaloğlu və A.Hacılı ayrı-ayrılıqda qalib gələcəklərinə əminlik bildirmişdilər. Hətta A.Hacılı S.Cəlaloğlunu, o da qarşılığında A.Hacılını özünə rəqib, seçkinin favoriti saymadığını bildirmişdi. Maraqlıdır ki, nəticələr hər iki partiya liderinin "haqlı" olduğunu göstərdi...

Belə ki, seçkinin sabahı günü açıqlanan rəsmi nəticələrə görə, bu dairədən Ülvi Quliyev qalib elan olundu. Rəsmi nəticələrə görə, Ü.Quliyev 4071 səs topladığı halda, YAP-ın namizədi 614 səs, Arif Hacılı 291 səs, Sərdar Cəlaloğlu isə cəmi 218 səs yığıb. Bu dairədəki 31 məntəqədən ikisində S.Cəlaloğluya 0 səs, üçündə isə Arif Hacılıya cəmi 2 səs verilib.

Göründüyü kimi, rəsmi nəticələrdə müstəqil namizəd olan Ü.Quliyevin kifayət qədər tanınmış və az-çox təşkilatlanmış partiyaların sədrlərinin hər birindən ayrı-ayrılıqda 20 dəfə(!) artıq səs topladığı göstərilir.

Əlbəttə ki, sosial şəbəklərdə yayılan və bu seçkinin şəffaflığını sual altına alan videokadrlar kifayət qədər çoxdur və ümumiyyətlə ölkədəki “seçki ənənələrinin” özəllikləri hər kəsə yaxşı məlumdur. Hər halda MSK bu faktların araşdırılacağını və ciddi ölçü götürüləcəyini bildirib.

Lakin məsələnin maraqlı tərəfi bu dairədə Ü.Quliyevə verilən səslərin sayından daha çox, ölkənin ən iri və sanballı partiyalarından sayılan iki müxalifət partiyası liderinin topladığı səsdir.

Əlbəttə ki, ümumilikdə ölkə üzrə bir çox dairələrdə ciddi qanun pozuntuları və saxtakarlıqlara yol verildiyini heç MSK da inkar etmir. Lakin müşahidələr göstərir ki, qalib elan edilən namizədlərin lehinə şişirtmələr, pozuntular olsa da, komissiyalar onların rəqiblərinin səslərinə dəyməyiblər (Ü.Quliyev kifayət qədər fəal  təbliğat kampaniyası apardığından, bəlkə bu dairədə heç buna ehtiyac da olmayıb-red.). Yəni pozuntulara dair faktların sırasında hansısa namizədin lehinə olan bülletenlərin aradan çıxarılması, yaxud nəticəsinin azaldılaraq başqa birinin adına yazılması hallarına demək olar ki, rast gəlinmir. Müstəqil müşahidəçilərin də əksəriyyəti iddia edir ki, komissiyaların əsas “işi” rəqib namizədlərin səsini azaltmaq yox, qalib gəlməli olan namizədin səsini şişirtmək olub.

Belə olan təqdirdə, A.Hacılı və S.Cəlaloğlunun doğrudan da aşağı-yuxarı elə məhz rəsmən elan olunan nəticələrdəki qədər səs topladığı qənaəti yaranır. Özü də bu qənaəti möhkəmləndirən kifayət qədər əsaslar mövcuddur.

Bunlardan biri narazı elektoratın bu seçkiyə demək olar ki, ümumiyyətlə qatılmamasıdır. Əksər müstəqil ekspertlər rəsmi rəqəmlərdə göstərilən 47.8 faiz seçici aktivliyinin həqiqəti əks etdirmədiyini və real nəticənin bundan ən azı iki dəfə aşağı olduğunu iddia edirlər. Seçkiyə gəlməyən narazı elektoratın isə əhəmiyyətli hissəsinin müxalifət partiyalarının namizədlərinə səs verəcəkləri gözlənilirdi.

Digər səbəb isə A.Hacılı və S.Cəlaloğlunun qətiyyən parlaq, təsirli, aktiv və s. adlandırıla biləcək seçki kampaniyası keçirməməsidir.

Əslində, bu namizədlər əgər özlərinin dedikləri qədər güclü idilərsə, nəinki sözügedən dairəyə, ümumilikdə ölkəyə səs salacaq kampaniya keçirməli idilər ki, bunun da şahidi olmadıq. 

Nəhayət, bu partiya sədrlərinin növbədənkənar seçkiyə münasibəti elə seçki günü də özünü biruzə verdi. Bu dairədə onlar tərəfindən nə təşkilatçılıq, nə mütəşəkkil müşahidə, nəzarət mexanizmi qurulduğunun, nə də əgər saxtakarlıq hallarının olubsa bunu sübut edən, qalib namizədin səslərinin şişirdildiyini əsaslandıran hansısa faktı ortaya qoya bildiklərini gördük.

Yəni, iki aparıcı partiya bir yerdə, bir dairədə belə ortaya normal iş, təşkilatçılıq, mübarizə əzmi qoya, narazı elektoratı seçkiyə gətirə bilmədi və sair. Heç nəticələr elan olunandan sonra da onlar tərəfindən hər hansı əsaslı, ciddi etirazlara rast gəlinmədi.

Belədə sual yaranır ki, bu cür zəif, dişsiz kampaniya keçirən, normal təşkilatçılıq işləri belə aparmayan partiya sədrlərinin seçkiyə qatılmaqda məqsədləri nə idi – partiya mənsubiyyəti olmayan namizədə az qala 20 : 0 hesabı ilə uduzmaqmı?

Əlbəttə ki, yox. Burada istər-istəməz yalnız bir qənaət formalaşır - növbədənkənar parlament seçkisinin də hansı formada keçiriləcəyindən xəbərdar olan bu partiya liderləri özləri qazanacaqlarına yox, sadəcə, hakimiyyətin onlara yeni parlamentdə yer verəcəyinə ümid edərək seçkiyə qatılmışdılar. Axı Azərbaycanın parlament tarixində belə hadisələr dəfələrlə baş verib...

Rasim

AzPolitika.info

635x100

Şərhlər

Ramin 2020-02-12 22:50:41

Rasim yazdigindan az bilen ya Afrikada yasayir ya da quqquludu

Aqa 2020-02-12 11:39:05

Ailə partiya sədirləri qalib ğəlir.30-ildən cox stajı olan patiya sədiri 200-səs.Mən öz namizədliyimi vermiş olsaydım yaşadıqım ərazidə mindən yuxarı qohum-əqrəbam var.Hər ail 4-nəfər secicidən olanda bax hara vurur.1000-9000-min səslə MM-də oturm ayıbdır.BUNA ABIRSIZLIQ DEYƏRLƏE.SİZİ kim secibhec sizə öz ailəniz səs verməyib.UTANMASAN OYNAMAQ NƏ VAR

Müfəttiş 2020-02-11 19:14:57

Nəyin necə baş verdiyini , heç də iRasimdən pis bilmirik.....

Son yazılar