Menu

"Onların təqdim etdiyi faktlar dərindən araşdırılacaq - YAP-dan MSK-nın qarşısındakı aksiyaya reaksiya

12.02.2020, 15:50
"Onların təqdim etdiyi faktlar dərindən araşdırılacaq - YAP-dan MSK-nın qarşısındakı aksiyaya reaksiya

Hakim Yeni Azərbaycan Partiyası (YAP) dünən Mərkəzi Seçki Komissiyasının (MSK) qarşısında namizədlərin keçirdikləri aksiyaya münasibət bildirib.

Partiyanın Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə «Turan» agentliyinə deyib ki, bir qrup deputatlığa namizədin düşüncələrinə görə dairələrindən hansısa bir məsələni MSK-ya çatdırmaq istəmələri normaldır: «Onların qarşısına MSK sədrinin müavini çıxdı. Fikirlərini qeydə aldı və bunların hər birinin araşdırılacağını dedi. Göründüyü kimi, cənab Prezidentin də bəyan etdiyi kimi, dövlət onları dinləməyə hazır olduğunu bir daha ortaya qoydu. Heç bir şübhəm yoxdur ki, onların təqdim etdiyi hər bir fakt dərindən araşdırılacaq». Şöbə müdiri, eyni zamanda, bəzi namizədlərin konkret hər hansı fakt olmadan sadəcə ümumi fikir bildirmələrini doğru saymır, belə iddiaları qəbuledilməz sayır. 

A.Mirzəzadə polisin aksiyaya müdaxiləsini də normal sayır: «O baxımdan ki, şikayətlər dinlənildi, ərizələri götürüldü. Bütün bunlara baxmayaraq, onların yenə də kütləvi aksiyanı davam etdirmək istəmələri bu, artıq polisin səlahiyyətində olan məsələdir».

Onun vurğulamasına görə, orada kiməsə qarşı zorakılıq tətbiq olunmayıb, kimsə tutulmayıb, kiminsə hüquqları pozulmayıb: «Hesab edirəm ki, bu gün və ya yaxın günlərdə biz MSK-nın həmin o narazıların qaldırdıqları hər bir məsələ üzrə qərarını eşidəcəyik».

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol