SİYASİ ƏTALƏT, FİASKO VƏ OYUNDANKƏNAR PARTİYALAR... - Növbədənkənar parlament seçkisinin dərsləri

Növbədənkənar parlament seçkilərində hakimiyyətin ssenarisindən kənaraçıxma halları olmadı. Seçki kampaniyası, seçki günü və ondan sonra ehtimal edilən hadisələr tam nəzarət altında oldu. Qarşıdakı günlərdə də bu konteksdə ciddi hadisələrin olacağı gözlənilmir. Çünki buna heç təşəbbüs edən siyasi qüvvə də yoxdur.

Növbəti seçkilər ərəfəsində ənənəvi situasiya bir qədər fərqli formada təkrarlandı. Müxalifətin bir hissəi boykot yolunu tutdu, digəri seçkilərə qatılıb faydalanmağa çalışdı. Seçki prosesi daha çox bu iki fərqli mövqenin arasında dartışmalarla, qarşılıqlı ittihamlarla zəngin oldu.

Əldə olunan nəticə sıfıra yaxındır: boyok edən qüvvələrin yeganə təsəllisi seçici fəallığının az olmasıdırsa, seçkidə iştirak edənlər cəmi bir mandatla kifayətlənmək məcburiyyətindədir. Bu mandat sahibi isə hər iki düşərgə fəallarının kəskin qınaq hədəfinə çevrilib.

Seçkinin nəticlərinə etirazları da təşkil etmək mümkün olmadı. Kütləvi aksiya, meydan təcrübəsi olan müxalifət təşkilatı yenə boykot yolunu tutdu. 

Xalqı seçkiyə və səslərini qorumağa çağıranlar isə 100-ə yaxın tərəfdarla MSK-nın qarşısına toplaşmağa cəhd etsələr də, aksiya alınmadı. Bu aksiyanın təşkilatçıları olan Müsavat və ReAL partiyalarının etirazlara olduqca həvəssiz yanaşması diqqət çəkdi.

Müsavatdan bir funksioner istisna olmaqla, başqan da daxil heç bir şəxs sosial şəbəkələr üzərindən aksiya çağırışı etmədi.

ReAL rəhbəri İlqar Məmmədovun dəvətinə isə demək olar, heç bir sadə seçici gəlmədi. Beləliklə, növbəti seçki prosesi nöqtələndi, müxalifətdə qarşılıqlı ittihamlar daha da dərinləşdi, yeni müzakirə meydanı qurmaq, gələcəyə vahid baxış bucağı müəyyənləşdirmək imkanları nəzəri cəhətdən belə mümkünsüz hala gəldi.

Şübhəsiz ki, bu ittihamları daha da dərinləşdirəcək amillər hələ də qüvvədədir. Boykot tərəfdarları seçkiyə qatılanlardan verdikləri vədləri niyə tutmadıqlarını sorğulamağa başlayıblar. Çünki seçkidən əvvəl bu düşərgədən yağdırılan ittihamların, tənqid və təhqirlərin yaratdığı qəzəb ritorikası davam edir.

Seçkidə parlaq nəticələrin olmaması da onlara qarşı çıxışlara yeni arqument verir. Hər iki partiyanın bir neçə funksioneri istisna olmaqla əksər namizədləri seçkidə parlaq nəticə göstərə bilmədilər.

Bir çox dairələrdə hakimiyyətin alternativi müstəqil namizədlər idi. Nəticədən asılı olmayaraq onlar daha yaxşı seçki kampaniyası apara və cəmiyyətdə rəy formalaşdıra bildilər.

Əlbəttə, iddia oluna bilər ki, müxalifətin maddi resursları zəifdir, hakimiyyətin təzyiqi altındadırlar və s. Parlament seçkilərinə qatılan qüvvə bütün imkanları götür-qoy edib prosesdə iştirak etməlidir.

Azərbaycan kimi seçki təcrübəsi olan ölkələrdə müxalifətin məsuliyyəti daha da artıq olur. Bu, həm boykot, həm də seçkidə iştirak edən qüvvələrə aiddir.

Boykotun qazancı nədir? Müxalifət partiyasının bütövlükdə heç bir nəticə əldə etmədən hakimiyyətin əzdiyi iştirakçı partiyaların düşdüyü hala baxıb ləzzət alması nə zamandan qalibiyyət sayılır? 

Bir partiyanın başlıca hədəfi seçkiləri qazanmaq və hakimiyyətə gəlməkdir. Əgər, seçkidə iştirak mümkün deyilsə, şərtlər qeyri-bərabərdirsə, alternativ plan nədir? Ümumiyyətlə, plansızlığı siyasi mübarizənin tərkib hissəsi hesab etmək mümkündürmü?

Seçkidə iştirak edən partiyaların miskin vəziyyətə düşməsinin başlıca səbəbi var gücü ilə hakimiyyətin ssenarisinə daxil omağa çalışmaqdan ibarət idi.

"Bəlkə alındı", bəlkə situasiya dəyişdi", "bəlkə fors-major yarandı" kimi çoxsaylı "bəlkə"lərə ümid etməyin sonu belə acınacaqlı fiasko ilə yekunlaşır.

Hakimiyyətin əlində siyahısı, seçkini keçirəcək seçki komissiyaları, prosesi idarə edəcək icra strukturları, narazılıq baş qaldırarsa, onun böyüməsinə imkan verməyəcək gücü var. 

Bunun qarşılığında müxalifətin nəyi var? Bu sistemi laxladacaq hansı imkanlar mövcuddur? Virtuallıqdan o tərəfə keçməyən kütlələr, çoxminlik tərəfdarlar? Onlar vardısa, seçki günü və ondan sonra niyə sizin namizədlərin başına toplaşmadı? Yoxsa, bu situasiyanı əvvəlcədən proqnozlaşdırmaq mümkün deyildi?

Bütün bu sualların bir cavabı var: müxalifətdə səmimiyyət çatışmır, hikkə, qəzəb, daxili düşmənçilik ağıllı, soyuqqanlı qərarlar verilməsini əngəlləyir.

Heç bir qüvvə xalq qarşısında siyasi məsuliyyətini ya anlamır, ya da gözardı edir.

Nəticə də ona uyğundur: Bu gün iqtidar partiyası da böyük inzibati resurslardan istifadə etsə də, seçkiyə yetərli sayda adam gətirə bilmir.

Müxalifətin də aydın platforması, ardıcıl, xalqı arxasınca aparacaq liderləri yoxdur ki, camaat onu dəstəkləsin.

Beləcə, ölkədəki siyasi ətalətin yaratdığı xəstəliklər Azərbaycan cəmiyyətini yatağa məhkum edib. Keçmiş olsun!

Rasim Əliyev

AzPolitika.info

635x100

Şərhlər

AQAYEV 2020-02-19 18:03:27

Nə qədər MÜXALİFƏT adına ləkə kətirən CIRTDAN -ailə partiyası var belə olacaq.Samballı PARTİYALAR xalqa yox öz AMBİSİYALARINA xidmət edirlər.XALQ kimin -kim olduqunu bilir.

Son yazılar