KORONAVİRUS PUTİNİN İQTİSADİ PLANLARINI DAĞIDIR – Təkcə Çinlə ticarətdəki gündəlik itkisi 15 milyon dollardır

Son 10 ildə Rusiyanın geostrateji iştahının belə kəskin artmasının başlıca səbəbi, şübhəsiz ki, onun əlinə böyük miqdarda pul düşməsidir. Bəli, məsələ bu qədər sadədir. Çünki 1990-cı illərdə maliyyə çatışmazlığı ucbatından Rusiya nəinki böyük geostrateji oyunlara girişirdi, hətta Çeçenistanın öhdəsindən belə gələ bilmirdi. 1999-cu ildə Rusiyanın özünə yaxın müttəfiq hesab etdiyi Serbiyanın paytaxtı Belqradın NATO təyyarələri tərəfindən bombalanması zamanı Moskva olanları yalnız seyr edirdi.

2000-ci illərin əvvəlindən dünya iqtisadiyyatının böyüməsi vüsət almağa başladı. İqtisadiyyatın canlanması nəticəsində karbohidrogenlərin qiyməti də yüksəldi. Düzdür, 2008-ci ildə ümumdünya maliyyə böhranı olsa da, bu böhran çox uzun sürmədi. Ona görə də enerji resursları qiymətinin yüksəlməsi Kremlə hərbi xərcləri artırmağa və öz sərhədlərindən xeyli uzaqlara tərəf boylanmağa imkan verdi.

Hazırda Rusiyanın Suriya, Liviya və sairə ölkələrdəki münaqişələrə dərindən dalmasının kökündə sözsüz ki, böyük pullar durur. Amma hər necə olsa da, Rusiya iqtisadiyyatının bünövrəsi çox möhkəm deyil və qlobal səviyyədə baş verən hadisələr qarşısında kövrəkdir. Sirr deyil ki, hərbi isteblişment də daxil olmaqla, Rusiyadakı korrupsiya dövlət idarəetmə sisteminin bütün hüceyrələrinə hopub.

Heç kimin gözləmədiyi koronavirus infeksiyasının yayılma arealı getdikcə böyüyür. Bu isə səhiyyə problemi olmaqla yanaşı, həm də çox ciddi iqtisadi sarsıntılar yaradır. Dünya iqtisadiyyatı bu təsirdən qaça bilməz. Hansı ölkə iqtisadiyyatının dayanıqlı olmasını zaman göstərəcək. Rusiya iqtisadiyyatının “COVİD -19” infeksiyasından çəkə biləcəyi ziyanlar barəsində “Bloomberg.com” saytında yayımlanmış “Koronavirus Putinin iqtisadiyyatı canlandırma planını dağıdır” başlıqlı məqalədə bu ölkənin iqtisadi böyümə səviyyəsinin nəzərdə tutulduğundan aşağı olacağından bəhs edilir.

Məqalədə deyilir: “Rusiya prezidenti Vladimir Putin yeni formalaşan hökumətin bu il iqtisadi dirçəliş proqramını işə salacağını və beləliklə də öz ictimai reytinqinin qalxacağını hesablamışdı. Lakin koronavirus infeksiyasının yayılması onun çox incəliklə hesabladığı planın üzərindən xətt çəkə bilər. Neftin qiyməti son illərin ən aşağı səviyyəsinə düşüb və nəticədə rublun mövqeyi laxlayıb. Rusiyanın iri ticarət tərəfdaşları Çin və Avropa Birliyini iqtisadi geriləmə gözləyir. Belə ki, maliyyə naziri Anton Siluanov deyib ki, Çin ilə ticarətdəki Rusiyanın gündəlik itkisi 1 milyard rubldur (15,3 milyon dollar).

“ING Bank”-ın Moskva ofisinin baş iqtisadçısı Dimitriy Dolqin deyib: “Əsas məsələ əlavə fiskal tədbirlərin böyüməyə nə qədər yaxşı təsir göstərməsidir. İndi belə bir sual qoyulur: Büdcə stimulu koronavirusun mənfi təsirlərini kompensasiya edə biləcəkmi?”

Beş il sürən sərt iqtisadi şəraitdə Rusiyanın topladığı valyuta vəsaiti imkan verir ki, hətta neftin qiyməti daha aşağı düşdüyü halda da öncədən planlaşdırılan xərcləri ödəmək mümkün olsun. Amma iqtisadi böyüməyə təsir göstərə biləcək risklər var ki, bu, dünya ticarətini ləngidə bilər. Bu il dünya iqtisadiyyatının 2008-ci ildəki maliyyə böhranından sonra ən zəif nəticələr göstərmə ehtimalı çox yüksəkdir.

Anton Siluanov iki gün öncə söyləyib ki, hətta neftin qiyməti çox ucuz olsa da, Rusiyanın xərcləri bağlamaq üçün kifayət vəsaiti var. Lakin İqtisadiyyat Nazirliyi özünün illik böyümə proqnozunu aşağı salacağını bəyan edib.

Putinin hakimiyyətdə qalma müddəti bitəndən sonra da, o öz hakimiyyətini uzatmaq niyyətindədir. Ona görə də, Putin çalışır ki, ölkə əhalisinin yaşayış şəraitini yaxşılaşdırsın. Yanvar ayında o, yeni nazirlər kabineti formalaşdırdı və həmçinin Ümumi Daxili Məhsula görə xərclərin 1,3% yüksəldilməsi planını irəliyə sürdü. Putin bu tədbirlərlə iqtisadiyyatın 2% böyüməsini təmin etmək fikrindədir.

Koronavirus infeksiyası yayılmağa başlamamışdan əvvəl Rusiya Bankı proqnoz vermişdi ki, ixrac həcminin yüksəlməsi iqtisadiyyatın ümumi böyüməsinə 0,6% artım gətirəcək. İqtisadiyyatı stimullaşdırmaq üçün Mərkəzi Bankın faiz uçot dərəcələrini endirmək olar. Lakin bu digər problemlər gətirər. Çünki hökumət inflyasiyanın sürətlənməsindən və bunun nəticəsində də rublun zəifləyəcəyindən qorxur.

Hazırda dünyanın bir çox nüfuzlu iqtisadi təşkilatları, institutları və bank mütəxəssisləri virusun doğurduğu nəticəyə görə böyümə səviyyəsiylə bağlı proqnozlarını aşağı salıblar. Məsələn, Moskvadakı “Alfa-bank” iqtisadçıları birinci rüb üçün Rusiya iqtisadiyyatının böyümə proqnozunu 1,8 faizdən 1,4 faizədək düşürüblər. Sözsüz ki, infeksiyanın daha geniş yayılması nəticəsində meydana gələn effekt öz gücünü hələ tamamilə göstərməyib. Verilən son məlumata əsasən, fevral ayı ərzində Rusiya neftinin Asiyaya ixracı praktiki ziyan görməyib və ölkənin əsas istehsal göstəricisi sabit qalıb. Amma Rusiyanın almaz nəhəngi “Alrosa” bəyan edib ki, virus onun satışlarına ziyan vurub.

Brent markalı neftin bir barelinin qiyməti 52 dollar səviyyəsində durduğu halda, Rusiya büdcəsi taraz vəziyyətində qalır. Amma xərcləri azlatmaq və virusun verdiyi ziyanları kompensasiya etməkdən ötrü Rusiya özünün 500 milyard dollarlıq (hazırda bu 563 milyard dollardır-AzPolitika) ehtiyatından xeyli vəsait ayırmalıdır.

Vaqif NƏSİBOV 

AzPolitika.info

635x100

Şərhlər

Bəhram 2020-04-06 12:54:35

Şouya milyard xərclənir? Əhali qırılır, vaksin axtarışına milyon buraxan yox!???

Cəmşid Dərələyəzli 2020-03-09 09:58:25

Koronovirus. Nə deyilir- deyilsin, virus artıq dünyanı lərzəyə gətirmək mərhələsinə qədəm qoymaqda. Sadəcə bu məsələdə bizi düşündürən başqa məsələdi . 21ci -əsr. Dünya svilizasiyasının, elminin bu qədər inkişf etdiyi bir zamanda dünya dövlətlərinin bunun qarşısında aciz qalmasıdır. Xüsusən də dünyada hər sahədə inkişafa nail olmuş, özlərini super güc sanan ölkələrin acizliyidir. Aya uçmaqla kifayətlənməyib, yerdə oturub Marsda, Yupiterdə həyat axtaranlardır. İki ədəd nüvə başlığına sahib olub, dünyaya diş qıcayanlaradır. Özünü bu yöndə hegemon güc sananlaradır. Ki, ay bədbəxtlər bu deyilmi sizin gücünüz. Cin az qalmışdı, dünya ağası olsun, ki guya başları yaxşı işləyir, iqtisadiyyatı güclüdür. Avropa mədəniləşib, eyni cinsliləri evləndirməklə və onların hüquqlarını qorumaqla məşqul idi. Amerika 40 ildi İranın şeytani mollaları ilə baş edə bilmir. Molla rejimi yaranandan deyir İsraili yer üzündən siləcəm. Yaponiya ağıllı millətdir deyirdik. Ərəblər qudurub, sərvətlərini elmə yox, unutazı, aftafanı qızıldan düzəltməyə sərf edib, dünyanı təccübləndirirdilər. Day bizim Şimal qonşumuzdan, Rusiyadan da danışmaq istəmirəm. Dünyanın quru hissəsinin üçdən biri əlində. Yerin altında, üstündə nələri yoxdur. Amma milleti sefalet içərisində Nədən, çünki əlində bir az silahla özünü hegomon hesab edib, ətraf ölkələrdə ölüm siyasəti yürüdür. İndi bu qədər gücün qarşısında adi bir virusla baş edə bilməyənlər, bizim Kefli İsgəndər Həzrəti Abbasa məktub yazıb, axar çayla ona göndərdiyi kimi, indi hər kəs əlini açıb göyə Allahdan imdad diləyir. Amma o güclər o ....... yeyende, heç tanrı yada düşmürdü. İndi isə görünən o ki, dünyada güc, filan yox imiş. Hamsı sabun köpüyü kimi bir şeydir. Qaldı virusa, ola bilsində ki, bu dünyanın görünməyən gücləri tərəfindən dövrüyyəyə buraxılmış, bioloji silahdır.O güclər ki, onlar hökümət və dövlət deyillər. Amma əllərində olan sərvətlə yer kürrəsində bütün həyatı tənzimləyirlər. Məqsəd isə artan insan cəmiyyətinin yer kürrəsinin tələbatından artıq olduğunu düşünüb, onun sayını qismən də olsa azaltmaq. Buna paralel də bu yolla derman ve pereapartlardan külli miqdarda sərvət əldə etmək. İstənilən halda gözə görünən güclərin bu virus qarşısınd aciz qalması və bu müddət ərzində çarəsinin bulunmaması, həm şaşırdıcı həm də kədərli. Bu virusun dünya iqtisadiyyatına vuracağı zərəri demirəm, çünki, bu da başqa bir mövzunun söhbəti.

Son yazılar