25 ildir pedaqoji fəaliyyətlə məşğul olan, 1991-ci ildən Yasamal rayon 153 saylı orta məktəbdə çalışan psixoloq, “Həyat bilgisi” üzrə fənn müəllimi Gülnarə Ağayeva haqq və ədalətin tərəfdarı olduğu üçün işindən azad olunub.
Bizimlə söhbətində şikayətçi xanım deyir ki, Heydər Əliyev Fondundan 153 saylı məktəbə pulsuz verilən parta, şkaf, müəllim masaları üçün məktəbin direktoru Təranə Paşayeva şagirdlərdən pul yığıb. Məktəbdə baş verən korrupsiya hallarına etiraz edərək müvafiq instansiyalara şikayət etdiyi üçün direktor onu ixtisara salıb: “2011-ci ilin sentyabrında məni işdən azad etdi. Bununla bağlı Yasamal Rayon Məhkəməsinə müraciət etdim. Məhkəmə qarşı tərəfin xeyrinə qərar çıxardı. Apellyasiya şikayəti verildi, 3 il məhkəmələr ötür-ötür oyunu oynadı. İki il məhkəməyə gəlməyən, yalançı şahidlər və aktlar təqdim edən Təranə Paşayevaya sonda Ali Məhkəmə bəraət qazandırdı”.
G.Ağayeva deyir ki, həm məktəbdə, həm məhkəmələrdə baş verən neqativ hallarla bağlı aidiyyatı orqanlara rəsmi müraciət etsə də, şikayəti təmin edilməyib. İddia edir ki, həmin ərəfədə məktəb direktoruna Təhsil Nazirliyinin hazırda işdən azad olunan əməkdaşları havadarlıq edirmiş. Nazirliyin kadrlar şobəsinin rəisi Fərzalı Qədirov söz verib ki, onu təcrübəli müəllim kimi öz işinə bərpa edəcək: “Təhsil İdarəsinin işçiləri yoxlama adıyla məktəbə gəlsələr də, direktorla deyib-gülüb gedirdilər. 2005-ci ildən məktəb direktoru vəzifəsinə təyin olunandan sonra Təranə Paşayeva öz şəxsi mənafeyinə işləməyə başlayıb. Məktəb bazar ən-ənələri ilə idarə olunub, gəlir mənbəyinə çevrilib. Onun əlində adı iş cədvəlində olan, faktiki işə gəlməyən “işçilərin” bankomat kartları var. Məktəbi korrupsiya və rüşvət mənbəyinə çevirib. Deyirmiş ki, məni vəzifədən heç kim çıxara bilməz. Axı mən vaxtlı-vaxtında yuxarılara “hörmət” edirəm, bunu birdəfəlik başa düşün. Təranə Paşayeva millət vəkili, Heydər Əliyev Fondunun keçmiş işçisi Qənirə Paşayevanın yaxın qohumu olduğu üçün özbaşınalıqlar edir və buna göz yumulur”.

Gülnarə Ağayeva həm ökə prezidentindən, həm də yeni təhsil nazirindən kömək istəyir. İnanır ki, haqq və ədalət öz yerini tapacaqdır, onun 25 illik pedaqoji fəaliyyəti nəzərə alınaraq, işinə bərpa ediləcək, bu yolda haqsız olanlar layiqli cəzasına çatacaqlar. Axı heç bir əsas olmadan, hansısa məktəb direktorunun yanlış addımlarına görə adi məktəb müəlliminin 25 illik pedaqoji fəaliyyəti niyə ləkələnməlidir, münaqişə qurbanı olmalıdır?
Şikayətlə bağlı qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Laçın SƏMLA


Şərhlər