Növbədənəkənar parlament seçkiləri ərəfəsində deputat Fəzail Ağamalının sədri olduğu Ana Vətən Partiyasına (AVP) transfer olunan bir sıra tanınmış şəxslər partiyadan ayrılıb.
Siyasi çevrələrdən “AzPolitika.info”-ya daxil olan məlumata görə, keçmiş maliyyə naziri Fikrət Yusifov, QHT rəhbərlərinən Arzuman Abdulkərimov və bir neçə tanınmış jurnalist adıçəkilən partiyada siyasi fəaliyyətlərini dayandırıblar.
Xatırladaq ki, adları çəkilən şəxslər deputatlığa namizədliklərini irəli sürsələr də, sonradan geri çəkilmişdilər. Mənbə Ana Vətən Partiyası ətrafında baş verən bu "qabarma və çəkilmə"nin maraqlı səbəblərini açıqlayıb.

"Seçkilərdən əvvəl bəzi hakimiyyət çevrələrində belə təkliflər irəli sürülüb ki, Ana Vətən Partiyasının parlamentdə ən çox mandat qazanaraq (3-4 mandatdan söhbət gedir - red) ikinci partiya olması, Fəzail Ağamalının isə vitse-spiker postuna əyləşdirilməsi hazırki siyasi şəraitdə hakimiyyətin maraqlarına uyğundur. Bu barədə partiya sədri ilə də müəyyən müzakirələr aparılıb. Təklifdən ruhlanan F.Ağamalı deputatlıq iddiasında olan bəzi şəxsləri partiyada müavin, müşavir postlarına dəvət edib. Amma seçki ərəfəsində və seçkinin gedişində planlar dəyişib. Xüsusən, Fəzail Ağamalının Salyanda rəqib namizədin tərəfdarları tərəfindən qovulması, olduqca aşağı səs alması onun partiyasının perspektivlərinin üstündən xətt çəkib", - deyə mənbə vurğulayıb.
Xatırladaq ki, hazırki parlamentdə Sabir Rüstəmxanlının rəhbərlik etdiyi Vətəndaş Həmrəyliyi Partiyası 3 mandatla təmsil olunmaqla, ana müxalifət statusuna malikdir. Partiyanın deputatı Fəzail İbrahimli isə hakimiyyətin dəstəyi ilə Milli Məclisin vitse-spikeri postunu tutub.
“AzPolitika.info”


Şərhlər
Fəzail Ağamalı da koronavirus kimi yapışıb milləətin yaxasına,əl çəkmir.Seçmirlər,hakimiyyət özününkü olduğuna görə onu vəsiqəsiz qoymur.