“PALMALİ”NİN TOP-MENECERİ DƏ HƏBS EDİLDİ - Mübariz Mənsimov kimlərlə əlaqədə olub?

Türkiyə polisi azərbaycanlı iş adamı Mübariz Mənsimovla birlikdə onun sahibi olduğu “Palmali” şirkətlər qrupunun icraçı direktoru Nuray Nurcihan Perkeri də həbs edib.

Virtualaz.org xəbər verir ki, hakimiyyətə yaxın “Sabah” qəzeti Mənsimovun və Perkerin barəsində hazırlanan ittiham aktının bəzi təfərrüatlarını dərc edib. Bu təfərrüatlara əsasən Mənsimov və Perker fətullahçı terror təşkilatı FETÖ-nun yüksək rütbəli rəhbərləri ilə sıx təmaslarda olub.

Xəbər verildiyi kimi İstanbul polisinin maliyyə cinayətləri ilə mübarizə idarəsinin əməliyyatçıları Mübariz Mənsimovu dünən martın 15-də səhər saatlarında evində həbs ediblər. Daha sonra onun Beşiktaşdakı evində və Levent rayonundakı ofisində axtarışlar aparılıb. Eyni vaxtda şirkətin icraçı direktoru Nuray Nurcihan Perker də saxlanılıb və dünəndən bəri onların polisdə dindirilməsi davam edir. Şübhəlilərin bu gün məhkəmə qarşısına çıxarılacaqları gözlənilir

Bildirilir ki, Mübariz Mənsimov Türkiyə hakimiyyətinin FETÖ ilə mübarizə çərçivəsində qəbul etdiyi qərar çərçivəsində fəaliyyəti dayandırılan Türk Rus Vakfının qurucusu olub. Onun dosyesinin araşdırılması zamanı üzə çıxıb ki, Mənsimov FETÖ-nun yüksək rütbəli rəhbərlərindən olan Hamdi Akın İpek, Suat Yıldırım və Süleyman Uysal ilə sıx telefon əlaqələri saxlayıb. Habelə Mənsimov Rusiya hakimiyyətinin FETÖ ilə əlaqəli olduğu üçün fəaliyyətini dayandırdığı Atlantic İnternational School-un idarə heyətində təmsil olunurmuş.

Bundan əlavə, Mənsimov FETÖ-nun Rusiya imamı olan və barəsində həbs qərarı çıxarılan, “Saffet” ləqəbli Ahmet Hamdi Vuralla da sıx təmasda olduğu bildirilir. Vuralın “Palmali” şirkətinin ofisinə tez-tez gəldiyi, bu zaman ofisdə dinləmə cihazlarının siqnallarını bloklayan “Jammer” qurğusunun işə salındığı da iddia edilir. Mənsimov Vuralla dəfələrlə birlikdə səyahət ediblər və görüşüblər.

Mübariz Mənsimov habelə FETÖ mənsubu olan və barəsində həbs qərarı çıxarılan Muammer İhsan Kalkavanla da sıx təmasda olub, Kalkavan onun ofisinə tez-tez gəlib, hətta özünü şirkətin ortağı kimi aparıb. Bundan əlavə Mənsimovun FETÖ-nun hüquq sahəsində gizli təşkilatlarından biri olan Yüksel-Karkın-Küçük (YKK) vəkil bürosu ilə əlaqəli olduğu da üzə çıxıb. Dindirmə zamanı Nuray Nurcihan Perker M.Mənsimovun bütün işlərdən xəbərdar olduğunu, şirkətin idarə edilməsinə dair qərarların və təşəbbüslərin birlikdə qəbul edildiyini deyib.

635x100

Şərhlər

t.ədalət 2020-03-16 13:50:41

Səhvsiz,yalnız Allahdır.Hamının səhvi ola bilər.Bu,günah deyil.Günah odur ki,səhvini biləndən sonra da davam edəsən.Mənim də Mübariz Məsimovla tanışlığım yoxdur.Ancaq onu bilirəm ki,o adam var-dövlətini halal yolla qazanıb.Xalqın sərvətini oğurlamayıb.Təəssüflənirəm ki özgənin halal yolla qazandığını gözü götürməyənlər günahsız bir adamın həbsinə sevinirlər.Azərbaycan fetonun sevdalıları az deyil.Onlar indi də vəzifələrdə oturublar.Kimliklərini isə bilməyən yoxdur.Feto,hətta Əbülfəz Əliyevin də sevimlisi idi..

Son yazılar