“SEÇİN DƏ PUTİN KİMİ QATI MİLLƏTÇİDİR...” - “Rosneft”in başlatdığı “neft müharibəsi”nin qalibi kim olacaq?

Qərb mətbuatında və siyasi dairələrində dünya neft bazarında yaranmış hazırkı durumla bağlı narahatlıqlar artmaqdadır.AzPolitika.info” xəbər verir ki, xüsusilə ABŞ-dakı şist nefti istehsalçılarına lobbiçilik edən siyasətçilərin, eləcə də müxtəlif ekspertlərin Rusiyaya qarşı sərt tədbirlərin görülməsinə dair çağırışları çoxalıb.

Bunun əsas səbəbi, məlum olduğu kimi, Rusiya ilə Səudiyyə Ərəbistanı arasında Moskvanın təşəbbüsü ilə başlanan “neft müharibəsi” və bu savaşın nəticəsi olaraq, neftin kəskin ucuzlaşması, ən əsası da ABŞ-ın şist neft istehsalçılarının böyük itkilər verməsidir. Çünki hazırkı ucuz qiymətlər həmin istehsalçıların ziyanla işləməsinə səbəb olub.

“ABŞ-ın enerji üstünlüyünün aradan qaldırılması cəhdi...”

Vəziyyət o yerə çatıb ki, bəzi ekspertlər hətta bu gedişlə ABŞ-da şist neft istehsalının cəmi 18 aydan sonra iflasa uğrayacağını proqnozlaşdırırlar. Və bunun qarşısının alınması üçün Tramp adminstrasiyasının lazım gələrsə, Səudiyyə Ərəbistanının tərəfini tutmaqla, Rusiyaya qarşı total hücum təşkil etməsini vacib sayırlar.

“RBC Capital Markets”-in rəhbərlərindən olan Helima Kroft yazır ki, ABŞ-ın şist neftini bazardan çıxarmaq üçün “neft müharibəsi”nə başlanmasının əsas təşəbbüskarı olan “Rosneft”in baş direktoru İqor Seçin Vladimir Putinin ən yaxın adamlarından biridir: “Putin kimi Seçin də Rusiya xüsusi xidmət orqanlarından çıxıb və qatı millətçidir. Beləlıiklə də, ABŞ-ın enerji üstünlüyünün aradan qaldırılması cəhdi onların (Putinlə Seçinin-red.)ideoloji yaxınlığının bəhrəsidir...”

“Newsweek” dərgisinə müsahibə verən digər tanınmış mütəxəssis, Atlantik Şuranın Energetika Mərkəzinin direktoru Rendolf Bell isə bildirib ki, bu savaşda ABŞ neft istehsalçılarının uduzması və sıradan çıxarılması ehtimalı çox kiçikdir və ABŞ bu savaşı qazanmağa qadirdir. O, qeyd edib ki, artıq Konqres və Ağ Ev şist nefti istehsalçılarına maliyyə dəstəyini müzakirə etməyə başlayıblar. Onun fikrincə, bu istehsalçı şirkətlər və həmin şirkətlərdəki çoxsaylı işçilər Trampın və Respublikaçılar Partiyasının Konqresdəki təmsilçilərinin mühüm seçici qruplarına aiddirlər. Ona görə də, ən azından ABŞ-da gözlənilən prezident seçkiləri və Trampın siyasi maraqları birmənalı şəkildə həmin şirkətlərin dəstəklənməsini vacib edir.

İyuna qədər vəziyyət stabilləşəcək

“Rusiya ABŞ-ı bu yolla cəzalandıracağını düşünərkən səhv edib. Ona bunu anlaması üçün müəyyən vaxt lazım olacaq. Ancaq əminəm ki, sonunda Rusiya bunu anlayacaq” deyə bildirən Rendolf Bell hesab edir ki, uzağı bu ilin iyun ayına qədər neft bazarında vəziyyət stabilləşəcək.

Çünki iyun ayında “OPEK”-in yığıncağı baş tutacaq. Ekspertin fikrincə, əgər həmin vaxta qədər dünya bazarında neftə tələbat artmasa, Rusiya ilə Səudiyyə Ərəbistanının hasilatın azaldılmasına dair qarşılıqlı razılaşma əldə etməkdən başqa çıxış yolu qalmayacaq.

Məsələ ondadır ki, amerikalı ekspertlər ABŞ adminstrasiyasının Rusiyaya müxtəlif təzyiq vasitələrini, ən əsası da bu ölkədən neft alınmasına embarqo qoyulmasını belə nəzərdə tutan sanksiyaların tətbiqini istisna etmirlər.

Daha bir amerikalı iqtisadçı Mett Eqan isə yazır ki, Rusiya artıq “neft müharibəsi”nə başlamaqla, ABŞ-ın neft şirkətlərinə müəyyən dərəcədə ziyan vura bilib. Hətta dünyanın enerji nəhənglərindən sayılan “ExxonMobil” və “Chevron” kimi şirkətlərin səhmlərində 12 faizlik ucuzlaşma qeydə alınıb.

Bir çox kəşfiyyat və hasilat şirkətlərinin səhmləri isə hətta 30-50 faiz aralığında ucuzlaşıb ki, bu da investorları ciddi şəkildə narahat etməkdədir: “Hamı başa düşür ki, hadisələrin bu cür gedişi 2014-2016-cı illərdəki böhranın təkrarlanmasına səbəb ola bilər. Həmin vaxt onlarla ABŞ şirkəti müflis olmuş, yüzminlərlə insan işsiz qalmışdı...”

Lakin mütəxəssisin fikrincə, bu dəfə ABŞ rəhbərliyi həmin vəziyyətin təkrarlanmasına imkan verməyəcək və özünə lazım olan faydaları götürdükdən sonra, ən münasib vaxtda prosesə müdaxilə edəcək.

M.Eqanın fikrincə, Rusiyanın ABŞ-ın şist nefti istehsalının məhvinə hesablanan bu addımları Moskvanın “Şimal axını-2” layihəsinə Vaşinqtonun tətbiq etdiyi sanksiyalara cavabdır. Ancaq qeyd olunur ki, böyük ehtimalla Rusiya istəyinə nail ola bilməyəcək və ABŞ Adminstrasiyası Moskvaya qarşı xüsusilə də neft satışı ilə bağlı sərt sanksiyalar tətbiq etməklə, effektli cavab verə bilər.

Rusiya güclüdür, yoxsa Səudiyyə?...

Bəs Rusiya ilə Səudiyyə Ərəbistanı arasındakı “neft müharibəsi”ndə hansı tərəf daha güclüdür və qalib gəlmək şansına daha çox malikdir?

ABŞ mətbuatı birmənalı şəkildə ərəblərin qazanacağını iddia edir. ABŞ-ın “Argus Global Markets” təşkilatının təhlilçilərinin bildirdiyinə görə, Rusiya büdcəsi neftin bir barrelinin 42 dollar qiymətinə uyğunlaşa, tab gətirə bilər. Müqayisə üçün bildirilir ki, Səudiyyə Ərəbistanının büdcəsini balanslaşdırmaq üçün 80 dollar qiyməti məqbul sayılır. Lakin məsələ ondadır ki, ərəblər olduqca böyük maliyyə ehtiyatlarına malikdirlər.

Bununla yanaşı, Səudiyyə Ərəbistanının Rusiyadan fərqli olaraq, ABŞ başda olmaqla olduqca güclü müttəfiqləri var. Ən əsası isə ərəblərin bu müharibədən qalib çıxmaq üçün öz maliyyə ehtiyatları ilə yanaşı, istənilən beynəlxalq maliyyə təşkilatından istədiyi qədər borc, kredit almaq imkanları mövcuddur. Beynəlxalq maliyyə qurumları böyük həvəslə onlara vəsait ayırmağa hazırdırlar. Rusiya isə bu imkanlardan məhrumdur. O da qeyd olunur ki, “qara qızıl”ın maya dəyəri ən aşağı olan Səudiyyə Ərəbistanı hökuməti neftin 12-20 ABŞ dolları qiymətinə uyğunlaşdırılan fəaliyyət proqramı hazırlayıb.

“Berry Commodities” konsaltinq şirkətinin baş direktoru Miçel Makcorc qeyd edib ki, ərəblərdən fərqli olaraq, güclü müttəfiqlərdən və maliyyə mənbələrindən məhrum olan Rusiya öz valyuta rezervlərinin bir hissəsini itirə bilər. Bu isə onsuz da parlaq iqtisadi duruma malik olmayan Rusiya üçün təhlükəlidir.

Moskvanın şist nefti istehsalçılarına endirdiyi zərbə isə Trampı seçki öncəsi daha bir vacib gediş edərək, Rusiyanı ticarət sanksiyaları da daxil olmaqla cəzalandırmağa və yerli istehsalçıları dəstəkləməyə həvəsləndirmiş olur. Bu isə o deməkdir ki, İqor Seçinin “ABŞ istehsalçılarının olmadığı dünya bazarında neftin 60 dollara satılması” arzusu gözündə qlacaq.

Mütəxəssisin fikrincə, ən dəhşətli ssenari isə Rusiyanın neft satışına qoyulacaq embarqo ola bilər: “O zaman Rusiya anlayacaq ki, strateji səhvləri taktiki qələbələrlə qarşılamaq mümkün deyil...”

“Bu, Rusiya üçün dağıdıcıdır...”

Nəhayət, gözlənildiyi kimi, Donald Tramp son mətbuat konfransında “neft müharibəsi”nə müdaxilə edəcəyinin siqnallarını verməklə, əsas söz sahibinin kim olduğunu nümayiş etdirib. Prezident deyib ki, Rusiyanın hasilatın azaldılması sazişindən çıxması ilk növbədə Moskvanın özü üçün olduqca zərərlidir: “Bu, Rusiya üçün dağıdıcıdır. Çünki baxsaq, Rusiyanın bütün iqtisadiyyatı bunun (enerjidaşıyıcılarının satışı-red.) üzərində qurulub. Deyərdim ki, bu, Səudiyyə Ərəbistanı üçün də pisdir, amma onlar qiymət və hasilat uğrunda mübarizə aparırlar. Ancaq mən lazım olan anda müdaxilə edəcəyəm!”.

Göründüyü kimi, ABŞ rəhbərliyi məhz özünə lazım olan anda prosesə müdaxilə edəcəyini bildirir və bunun sözsüz ki, Rusiyaya təzyiqlər vasitəsilə həyata keçiriləcəyi şübhə doğurmur. Moskvanın həmin təzyiqlərə tab gətirməsi ehtimalı isə sıfra yaxındır və bunu artıq Rusiya iqtisadiyyatında baş verməkdə olan neqativ tendensiyalar da təsdiqləyir.

Bəs bütün yuxarıda qeyd olunanlar nəzərə alındıqda, Moskvanın “neft müharibəsi”nə başlaması hansı məntiqə və məqsədə xidmət edirdi? Belə çıxır ki, hər şey üstörtülü şəkildə ABŞ-ın və Trampın maraqlarına hesablanıb.

“Lukoyl”un vitse-prezidenti Leonid Fedun hələ bir neçə gün əvvəl bu mövzu ilə bağlı demişdi: “Hazırkı böhran tükənməyə hesablanan savaşdır və bundan yalnız ABŞ qazanacaq”.

Doğrudan da, bu müharibədə ABŞ və Trampdan başqa qalib görünmür...

Cəlal Məmmədov

AzPolitika.info     

635x100

Şərhlər

vuqar 2020-03-25 17:49:47

Bu fani DUNYANIN isinden hec SEYTANDA bas aca bilmez! Oda qaldi putin Tramp!

Əsində 2020-03-24 15:01:27

Putin Seçinlə deyil, XİN vasitəsilə Trampla doğma qardaş kimi çalışırlar!

İlk öncə 2020-03-24 14:56:38

ABŞ dərin İqtisadiyyat, Kreml isə MDBnin hərbi Zor dövlətləridir!

Son yazılar