“Büdcə vəsaitləri hesabına tikintidə çalışanların iş yerlərini qoruyub saxlamaq siyasəti özünü doğrultmayacaq. Tikinti sektorunun inkişafı üçün özəl tikinti şirkətlərinin fəaliyyətini canlandırmaq lazımdır. Yəni mənzil və istehsalat müəssisələri üçün bina tikintisinə icazə alma şərtləri xeyli sadələşdirilməli, sahibkarlardan qanunsuz tələblərə son qoyulmalı, onların ucuz kreditlərə çıxışı təmin olunmalıdır”.

“AzPolitika.info” xəbər verir ki, bunları Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib. O, parlamentin sonuncu iclasındakı çıxışı və təkliflərilə bağlı suala cavabında bu barədə danışıb.

Xatırladaq ki, Q.Həsənquliyev Nazirlər Kabinetinin parlamentə hesabatının müzakirəsi zamanı dövlət büdcəsində tikintiyə ayrılan xərclərin iki dəfə azaldılmasını, elm və təhsilə ayrılan xərclərin isə iki dəfə artırılmasını təklif edib.

Deputat hesab edir ki, özəl tikinti şirkətlərinə dəstək verməklə, tikinti sektorunun canlanması iqtisadiyyatın bir çox sahələrinin inkişafına ciddi töhfə verəcək. “Bakıdakı Alatava, Papanin, Xutor və s. bu kimi adi standartlara cavab verməyən yaşayış məskənləri, köhnə 5 mərtəbəli binalar sökülüb, yerlərində müasir yaşayış kompleksləri tikilməlidir. Mövcud problemləri aradan qaldırıb tikinti sektorunu canlandırmaq üçün artıq Azərbaycan İnşaat Korporasiyası yaradılıb. Ümid edirəm, Prezident məmurların müqavimətini qıracaq və islahatların yolunu açacaqdır”.

Q.Həsənquliyev elm və təhsil xərclərini kəskin artırmaqla bağlı təklifini isə belə əsaslandırıb:

“Təhsilin inkişafı üçün isə məktəb müəllimlərinin minimal əmək haqqı 1000 manat olmalı və inflyasiyaya qarşı indeksləşdirilməlidir. Gənc ailələr üçün böyük maddi və psixoloji problemlər yaradan repetitorluğa son qoymaq üçün ali məktəblərə qəbul orta məktəblərin buraxılış imtahanlarının nəticəsinə uyğun olaraq həyata keçirilməlidir. Orta məktəblərdə birnövbəli təhsili təmin etmək üçün özəl orta məktəblərin tikintisi torpaq sahələrinin ayrılması, ucuz kreditlər və vergi güzəştləri yolu ilə stimullaşdırılmalıdır. Ali təhsil müəssiələrinin böyük əksəriyyəti, o cümlədən Elmlər Akademiyası özəlləşdirilməlidir. Elmlər Akademiyası özəl universitetə çevrilməlidir. Bütün inkişaf etmiş ölkələrdə əsas elmi araşdırmalar universitetlərdə aparılır. Mülkiyyət növündən asılı olmayaraq, bütün universitetlərin rektorları həmin ali təhsil müəssisələrinin elmi şuraları tərəfindən gizli səsvermə yolu ilə seçilməlidir. Universitetlərin fəaliyyəti üçün tələbə yataqxanalarının olması əsas şərt kimi qoyulmalı, tələbələrə təhsil kreditləri verilməlidir. Universitetlər üçün yüksək ixtisaslı müəllimlər hazırlamaq məqsədilə hər il 1000 (min) nəfər dövlət hesabına, eyni sayda şəxs isə universitetlərin öz hesabına dünyanın nüfuzlu universitetlərinə göndərilməlidir. Bu cür ciddi qərarlar qəbul etməklə, elmə və təhsilə ayrılan xərcləri ilkin mərhələdə ən azı iki dəfə artırmaqla, biz bu sahədə əhəmiyyətli uğurlar qazana bilərik”.

Vaqif NƏSİBOV

AzPolitika.info