“UŞAQ PULU VERİLSIN, YARDIM ÜÇÜN PAY TORPAĞI ŞƏRTİ GÖTÜRÜLSÜN”- Deputatdan hökumətə mühüm təkliflər

“Koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə beynəlxalq praktikada tətbiq edilən məhdudlaşdırıcı və təcrid tədbirlərinin bizdə də tətbiqi dünyada ən qiymətli şey olan insan həyatının qorunması üçün mühüm əhəmiyyət kəsb etməklə yanaşı, həm də təbii surətdə bir sıra yeni iqtisadi və sosial problemləri gündəmə gətirib. Həmin problemlərdən biri yardıma ehtiyacı olan ailələrə təcili surətdə sosial dəstək paketinin verilməsidir”.

“AzPolitika.info” xəbər verir ki, bu sözləri Milli Məclisi İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli ayna.az-a açıqlamasında bildirib.

Deputat qeyd edib ki, yaranmış sosial proseslərin tənzimlənməsi məsələlərinin bir hissəsi hökumətin hazırladığı Sosial Paketdə öz əksini tapıb. Onun sözlərinə görə, bununla belə, ailədə bir nəfər işləyirsə, həmin ailənin 190 manatlıq dəstək paketi almayacağı barədə rəsmi açıqlamalar cəmiyyətdə narazılıq yaradıb.


Millət vəkili xatırladıb ki, əgər, 4 nəfərlik bir ailədə işləyən tək şəxs 250-300 manat alırsa, hər ailə üzvünə 63-75 manat pul düşür.

“Bu, 2020-ci ilin yaşayış minimumundan 2,5-3 dəfə azdır. Açıq qalan bu cür məsələlər ətrafında gedən diskussiyalar göstərir ki, əvvəla, sosial sahəyə aid statistika, uçot hesabat sistemi əsaslı surətdə təkmilləşdirilməlidir”- deyə Ə. Məsimli vurğulayıb.

Millət vəkili bildirib ki, bu cür problemlərə yanaşanda, Azərbaycan üçün iki meyardan çıxış etmək olar: Yəni 2020-ci il üçün 160 manatlıq ehtiyac meyarı və 190 manatlıq yaşayış minimumu göstəricisi təsdiqlənib. Ailədə adambaşına orta gəlir 160 manatdan az olanda, həmin yardımı almaq üçün müəyyənləşdirilmiş şərtlərə uyğun gələn ailələrə ünvanlı sosial yardım (ÜSY) təyin edirlər. Son günlər bu yöndə işlər intensivləşib. Həm ünvanlı sosial yardım almaq müddəti bitən ailələr üçün yardım almaq müddəti uzadılıb, həm də yeni ailələrə ÜSY təyin olunmağa başlayıb. Əgər, ÜSY təyinatı və verilməsi proseduru müəyyən vaxt aparırsa, onda həmin 190 manatın təcili surətdə çatdırılması çox vacib olan ailələrə də bunu tətbiq etmək olar. Ki, hansı ailənin adambaşına orta gəliri 160 manatdan aşağıdırsa, onlara indi təcili surətdə 2 ay müddətinə 190 manatlıq yardım edilsin, sonra isə ÜSY alanlar siyahısına salınsın və belə ailələr ÜSY ilə təmin olunsun”.

Əli Məsimlinin sözlərinə görə, 190 manat sosial dəstək paketi ilə bağlı digər vacib məqam budur ki, hökumətin sosial paketi şəhərdə yaşayan yoxsul və işsizlərin bir hissəsini nəzərə alsa da, kəndlərdə yaşayan yoxsulların mütləq əksəriyyətini nəzərə almır:Çünki adına pay torpağı olanlara da həmin 190 manatlıq sosial dəstək paketi verilmir. Kiminsə adına 0,2-0,5 hektar pay torpağı olmaq hələ həmin kəndlinin işləyib özünü və ailəsini dolandırmaq üçün gəlir əldə etməsi demək deyil.

Ümumiyyətlə, bu pay torpağı məsələsi həmin vəziyyətdə olan yoxsul kəndlilərin ünvanlı sosial yardımdan faydalanmasına imkan vermədiyi kimi, indi də 190 manatlıq müavinətdən yararlanmağa imkan vermir. Əgər, insanın heç bir gəliri yoxdursa, şəhərdə, yoxsa kəndə yaşamasından asılı olmayaraq, deməli, işsiz və yoxsuldur. İşsiz və yoxsuldursa, deməli, qanunvericiliyə müvafiq surətdə dövlət dəstəyi almalıdır. Ona görə də həm ünvanlı sosial yardım və həm də hazırkı 190 manatlıq 2 aylıq yardım təyin edilərkən ciddi maneəyə çevrilmiş pay torpağı məsələsinə, bu torpaq parçasından gəlir götrülüb-götürülməməsi faktı əsasında yanaşılmaqla həll edilməsini zəruri hesab edirik. Üçüncü məqam isə xeyli vaxt aparan təhlil və çalışmalar tələb etdiyindən, post-pandemiya mərhələsi üçün xüsusi əhəmiyyət kəsb edir”.

Millət vəkili imkansız ailərə təcili köməklə bağlı indiki vəziyyətdə uşaq pulunun bərpası məsələsinə də toxunub: “Bunu pandemiya problemi ortaya çıxana qədər, məsələn, 2019-cu ildə həll etmiş olsaydıq, imkansız ailələrə təcili köməyin vəziyyəti necə olardı? Hökumət uşaq pulunu zamanında bərpa etsəydi, bir sıra üstünlükləri hesabına, xeyli dərəcədə indiki kimi gərgin durum yaranmazdı. Əksər ailələr operativ surətdə yardım alardı, əsasən, kölgə iqtisadiyyatının yaratdığı problemlərlə bağlı uçotda olmayan bir qisim insana yardım etmək zərurəti qalardı.

Bax, ona görə də koronavirus hadisəsindən sonra hökumət bu müqayisəni edib uşaq pulunu bərpa etsə, indi yaranmış bu qəbildən olan problemlərin çoxu avtomatik öz həllini tapacaq. Çünki ekstremal şəraitlərdə təcili köməyə ehtiyacı olan ailələrə təcili də dəstək verilməsinin optimal yolu uşaq pulunun bərpasından keçir. Təbii ki, uşaq pulu kimi maliyyə tutumlu bir məsələni indi operativ həll etmək çətindir, amma bu üsul daha faydalı olduğundan, post pandemiya mərhələsində həlli vacib olan problemlər sırasında öndə getməlidir”.

635x100

Şərhlər

Obyektiv 2020-04-14 00:29:39

ALi mueLimLe Vahid m. kimi şexLer ve yuksek biLikLi mutexessislerin simasinda esL insaniyyatin ve iqtisadiyyat kimi atribut sahenin heLe de movcudLugu hiss olunmaqdadir.. Elece de, MM-in de.. DaniLmaz fakrdir ki, bu iki insan õz miLLetine, xaLqina semimi can yandirirLar.. KişiLer işleyir de!..

CƏMİL 2020-04-13 20:22:50

Çox sağ olun ki, sadə xalqı başa düşürsüz.

Məlahət Ağayeva 2020-04-13 14:13:47

İndiki zamanda hamı evdə oturub.Hansı gəlirdən danışmaq olar.Ailə üzvlərinin hər birinə ehtiyac meyarı qədər ən azından yardım olunmalıdır.

Vətəndaş 2020-04-13 12:06:17

Hökumət danışdı,susdu.Əməli hərəkət görünmür.Niyə.Nə oldu?Millətə yardım etməyə heyfi gəlir? Bəs millətin var-dövləini niyə özlərinə pay verir?

Elxan 2020-04-12 22:14:59

Halaldı Ali müellim

Ədalət 2020-04-12 21:31:44

Rusiyada ailələr Uşaq pulu mövcud olduğu üçün insanlar karantinndə bizi qədər əziyyət çəkmir.

Aqahüseyin Aqayev 2020-04-12 21:04:39

Bizim ailəyə uşaq pulu düşmür.Amma bu pula ehtiyacı olanlar minlərlədir.İlk növbədə bu məsələ həll olunmalıdır.Birdə ailə üzvülərinin hər birinə ehtiyac meyyarı qədər ən azından yardım olunmalıdır.

Son yazılar