“ƏN AZI SENTYABRADƏK VAXT LAZIMDIR...” – Koronavirus daşınmaz əmlak bazarını da “vurub”

Koronavirus epidemiyası ilə əlaqədar tətbiq olunan karantin tədbirləri və ümumilikdə iqtisadiyyatda yaranmış böhran bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da daşınmaz əmlak bazarını demək olar ki, tam durğunluq vəziyyətinə gətirib.

“AzPolitika.info”-nun bu sahədəki durumla bağlı fikrini öyrəndiyi “Qiymətləndirmə Xidməti Mərkəzi” MMC-nin rəhbəri, ekspert Günay İsgəndərova qeyd edib ki, cari ilin ilk rübündə ötən ilin müvafiq dövrü ilə müqayisə olunmayacaq dərəcədə geriləmə müşahidə olunub: “Adətən yanvar-mart aylarında bazarda alıcılıq qabiliyyəti normal olurdu. Bazarda dinamikliyin zəifləməsi ilk olaraq neftin qiymətinin ucuzlaşması ilə başladı. Neftin qiyməti düşən kimi, insanlar ev, əmlak almaq əvəzinə pullarını xarici valyutaya çevirməyə üstünlük verdilər. Satılan mənzillər isə yalnız sosial evlər və ipoteka ilə verilmiş mənzillər oldu”.

Ekspert bildirdi ki, koronavirus pandemiyası yayılandan və karantin tədbirləri tətbiq olunandan etibarən daşınmaz əmlak sektorunda yaranan vəziyyəti şərtləndirən bir neçə səbəb var: “Bu durumun yaranması digər ölkələrlə sərhədlərin bağlanması, bəzi bank əməliyyatlarında məhdudiyyətlərin tətbiqi, regionlardan Bakıya gəliş-gedişin olmaması və digər səbəblərlə bağlıdır. Hətta ev almaq istəyənlər olsa belə, ev satanlar virus təhlükəsinə görə öz mənzillərinə kənar adamları buraxmırlar”.

Ekspert daşınmaz əmlak sektorundakı bu vəziyyətin hələ bir neçə ay davam edəcəyi, canlanmanın isə sentyabr ayından tez baş verməyəcəyi qənaətindədir: “Yay aylarında onsuz da əmlak bazarında digər aylara nisbətən sakitlik hökm sürür. Bu sahənin əvvəlki vəziyyətinə qayıtması üçün isə ən azı sentyabra qədər vaxt lazımdır.”

G.İsgəndərovanın fikrincə, xüsusilə təkrar mənzil bazarında vəziyyət daha acınacaqlıdır. İlkin mənzil bazarının iştirakçılarının isə bu durumdan daha az ziyan görəcəyi fikrində olan ekspert, yeni tikilən binalardakı mənzillərə olan tələbatın qalacağını vurğulayıb: “Təkrar mənzil bazarında bir müddət çətinlik yaşansa da, ilkin mənzil bazarında davamiyyət təmin ediləcək. Çünki ilkin mənzil bazarında satılan yeni tikilən binalardakı mənzillər binanı tikən şirkətlər tərəfindən həm daxili kredit, həm də uzunmüddətli bank kreditilə satılır. Ona görə də bu mənzillərə tələbat olacaq. Təkrar mənzil bazarında isə hələ bir müddət sakitlik hökm sürəcək".

Tahir 

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar