Keçmiş hərbçi, Qarabağ müharibəsi əlili Həsənov Vüqar Gülağa oğlunun ölkə başçısına ünvanladığı və bir nüsxəsini də “AzPolitika.info”-ya göndərdiyi məktubda Cəlilabad rayon Göytəpə şəhərində yerləşən N saylı hərbi hissənin komandirindən şikayət edilir.
1976-cı ildə Lerikin Noda kəndində doğulduğunu və Qarabağdakı döyüş əməliyyatlarında əlil olduğunu bildirən V.Həsənov Prezidentə ünvanladığı məktubunda karantin tədbirləri əsas gətirilərək, onun öz kiçik şəxsi təsərrüfatında işləməsinə imkan verilmədiyini iddia edir: “Qarabağ əliliyəm, 3 övladım var. Ailəmi dolandırmaq üçün hərbi hissənin qarşısında xırda təsəsrrüfatla məşğul oluram.
Məxfi əməliyyatı bir kəşfiyyatçı kimi uğurla yerinə yetirdiyim üçün şəxsən Sizin tərəfinizdən Cəlilabad rayon Göytəpə şəhərində yerləşən N saylı hərbi hissənin hərbi şəhərciyində evlə təmin olunmuşam və burada yaşayıram. Dəfələrlə qüsursuz xidmətimə görə tərəfinizdən medallarla təltif olunmuşam. Sizin tərəfinizdən hər cür qayğı görmüşəm. Lakin Ələkbər Cahangirov buradakı hərbi hissəyə komandir təyin olunandan sonra burada yaşayan keçmiş hərbçi ailələrinə qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, ayrıseçkilik, süründürməçilik edir.”

Keçmiş kəşfiyyatçı bildirir ki, hərbi hissə komandiri öz səlahiyyətlərini aşaraq, karantin tədbirlərini bəhanə gətirməklə şəhərcikdə yaşayan tərxis olunmuş hərbçilərə qarşı haqsızlıq edir: “Dəfələrlə bizi hərbi şəhərcikdən ev verilmədən çıxartdırmaq istəyib. İndi isə ölkədəki karantin rejimindən istifadə edərək, əlimdə arayışım olsa da, hərbi şəhərciyə yaxın yerdə şəxsi təsərrüfatımla məşğul olmağım üçün məndən və digər hərbçi təqaüdçülərdən onun səlahiyyətinə aid olmadığı halda, şəhərcikdən yalnız 8103-ə SMS yazaraq çıxmamızı tələb edir. Halbuki, özləri və ailələri avtobuslara minərək 5 (beş) saatdan artıq müddətə qonşu rayonun marketlərinə alış-verişə gedirlər. Hərbi hissənin Təcili Tibbi Yardım avtomobilində özləri üçün alış-veriş edirlər. Bizə isə öz həyətyanı sahəmizdə təsərrüfatımızla məşğul olmağa imkan vermirlər. Hər gün bizi hərbi şəhərciyin qapısının qarşısında SMS-də nəzərdə tutulan vaxta gecikməyimizi əsas gətirərək, saatlarla saxlayırlar. Bu gün 19 aprel 2020-ci il tarixində məni saat 18:00-dan 22:00-a qədər qapının qarşısında saxlayıb evimə buraxmayıblar. Ələkbər Cahangirov ölkə qanunlarını tanımır və deyir ki, mənim öz qanunlarım var. Kimə müraciət edirsiniz edin”.
Hərbi hissə komandanlığının digər qanunsuz əməllərinin də olduğunu iddia edən şikayətçi müraciətinin sonunda Ali Baş Komandandan xahiş edir ki, buradakı özbaşınalıqlara son qoyulmasına dair göstəriş versin.
Tahir
“AzPolitika.info”


Şərhlər