MƏRKƏZİ BANKDAN KREDİT TƏTİLLƏRI BARƏDƏ AÇIQLAMA OLACAQ, AMMA... – Ekspertlər Rüstəmovun doğru qərar verəcəyinə inanmırlar

Mart ayının 19-da Prezident İlham Əliyevin yanında keçirilən iclasda Mərkəzi Bankın sədri Elmar Rüstəmov bildirmişdi ki, Azərbaycanda kredit tətilinin elan olunması gündəmdədir və bu məsələyə dair işlər aparılır. 

Baş bankir İşçi Qrupun bır sıra təkliflərlə çıxış edəcəyini vəd etsə də aradan keçən 1 aydan çox müddətdə hər hansı təklif açıqlanmayıb.

Bu da həm bank sektorunda, həm də krediti olan müştərilər arasında ciddi narahatlığa səbəb olub. Uzun müddət davam edən gözləmə mövqeyindən sonra kommersiya bankları müştərilərdən kredit borclarını ödəməyi tələb etməyə başlayıblar.

Mərkəzi Bank nə deyir?

Mərkəzi Bankdan AzPolitika.info”-nun sorğusuna cavab olaraq bildirilib ki, hazırda İşçi Qrup bu məsələ ilə bağlı təkliflər hazırlayır və onlar yaxın günlərdə ictimaiyyətə açıqlanacaq. Təkliflərin mahiyyəti və nə zaman açıqlanacağı barədə suallarımız isə cavabsız qaldı.

Xatırladaq ki, qonşu ölkələrdən Rusiya, Türkiyə, Gürcüstanın bank sektorunda kreditlərin ödənilməsinə 3-6 aylıq fasilələr verilib. Bundan başqa kredit faizlərinin dövlətin ayırdığı kompensasiya hesabına silinməsi, faizlərin aşağı salınması və sair kimi dəstək paketləri də mövcuddur.

Gürcüstanda fəaliyyət göstərən Azərbaycan banklarından biri də yerli müştərilərə 3 aylıq kredit tətili verib. Yəni müştərilərin kredit ödənişi bu müddət ərzində yubadıla bilər, bu zaman onların nə kredit tarixçələri korlanır, nə də faizlər, gecikmələr yaranır.

Təəssüf ki, həmin bankla bərabər heç bir kommersiya qurumu Azərbaycanda pandemiyanın yaratdığı ağır şəraitdə müştəriləri belə dəstək paketləri ilə sevindirməyə tələsmirlər. Çünki bu sahədə əsas söz sahibi olan Mərkəzi Bank təkliflərini açıqlamayıb.

Əkrəm Həsənov: “Elman Rüstəmovdan müsbət addım gözləmirəm”

Bank sahəsi üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov hesab edir ki, bunun səbəbi bankların maliyyə vəziyyətlərinin elan etdiklərindən pis olması ilə əlaqələndirir: “Məlumdur ki,əksər ölkələrdən fərqli olaraq Azərbaycanda kredit tətili elan olunmayıb.

Düzdür, Mərkəzi Bankın sədri müsahibələrinin birində bəyan etdi ki, bu məsələ ilə bağlı işlər gedir. Amma hələ ki, ortada heç nə yoxdur. Ona görə də ölkədə hər kəs hüquqi cəhətdən vaxtında kreditlərini ödəməlidirlər. Hətta evdən çıxmaq üçün verilən 2 saat müddətində bank xidmətləri də nəzərdə tutulub. Əgər, kimsə kreditini vaxtında ödəmirsə, ona cərimə yazıla, həmçinin məhkəməyə də verilə bilər. Bu məsələdə banklar qanun tərəfdən haqlıdırlar.

Bəzi ölkələrdə bankların özləri tətil elan ediblər. Bu banklar öz hesablarına, yəni itkiyə məruz qalaraq tətil elan ediblər. Məsələn, Gürcüstan bankları, hətta Ermənistanın bankları öz hesablarına 13 martda tətil elan ediblər”.

Ekspert qeyd edir ki, bəzi ölkələrdə isə banklar bunu öz hesablarına deyil, dövlətin dəstəyi ilə edib: “Avropada və ABŞ-da dövlət həmin bankların itkilərini kompensasiya edir və banklar da tətil elan edir. Deyilənə görə, bizdə də bunun üstündə iş gedir.

Yəni, dövlət banklara kompensasiya ödəyəcək ki, onlar da tətil elan etsinlər. Təbii ki, belə tətil elan olunmasa, gecikmə halları, kreditlərin ödənilməməsi halları çoxalacaq və biz bankların problemli kreditlərinin artmasının ikinci dövrünə şahid olacağıq. Onsuz da problemli kreditlər çox idi, indi daha da çoxalacaq. Bu da iqtisadiyyatımız üçün təhlükəlidir. Bank sektorununun məlum vəziyyətinə görə isə, ümumiyyətıə arzu olunan deyil”.

Əkrəm Həsənov təklif edir ki, hökümət bank sektoru ilə bağlı məsələləri yenidən nəzərdən keçirməlidir: “Düzdür, bu çox çətin işdir. Bunu əsasən Mərkəzi Bank etməlidir və ona əlavə maliyyə resursları lazımdır. Amma Mərkəzi Bankın rəhbəri yenidən Elman Rüstəmov olduğuna görə, onun bu məsələnin həllilə bağlı müsbət addımlar atılacağını gözləmirəm. Bizi çox ağır dövr gözləyir. Bunu hamı bilsin. Buna görə də daha qənaətcil olmalıyıq”.

Rəşad Həsənov: “Mərkləzi Bank bunu daha çox özəl sektorun problemi olaraq görür”

Ekspert Rəşad Həsənov isə musavat.com-a bildirib ki, bu prosesi həyata keçirmək üçün Mərkəzi Banka 2 ay vaxt verilib, ancaq bu çoxdur.

Onun sözlərinə görə, cari situasiya daha çevik qərarlar tələb edir: “Görünən də odur ki, bu işçi qrupu çox ciddi qərarlar qəbul etməyəcək. Nəticədə həm vətəndaş, həm də biznes öz öhdəliklərini yerinə yetirə bilmirlər. Artıq proses başlayıb və bundan sonrakı dövrdə daha da dərinləşəcək. Hətta pandemiyanın başa çatması belə problemi həll etməyəcək. Çünki 2020-ci il üçün Azərbaycan iqtisadiyyatında resessiya qaçılmazdır. İqtisadiyyat geriləyirsə, bütün fəaliyyət sahələrində domino effekti ilə təsirlər olacaq və gəlirlər azalacaq. Bunun nəticəsində vətəndaş və biznes öhdəliklərini yerinə yetirə bilmədiyi üçün banklar daha ciddi bir böhranla üzləşmiş olacaqlar”.

R. Həsənov güman edir ki, 2015-ci ildə olduğu kimi səhvlərə yol verilməyəcək, daha adekvat mövqe ortaya qoyulacaq: “Müəyyən məsələlər artıq məlumdur. Cari vəziyyətdə banklarla müştərilər arasında kredit öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı məsələləri Mərkləzi Bank daha çox özəl sektorun problemi olaraq görür. Bu səbəbdən Mərkəzi Bank səviyyəsində bu proseslərə müdaxilənin hüquqi əsası olmadığı qənaətindəyəm”.

Ekspert hesab edir ki, bu mövqenin özündə yanlışlıq var. Çünki faktiki olaraq Mərkəzi Bankın əlində müxtəlif alətlər var ki, onlardan istifadə etməklə bank sektorunda likvidliyi təmin edə bilər: “Onların öz kreditorları qarşısında öhdəliyini yerinə yetirməsi üçün daha əlverişli bir mühit formalaşdıra bilər. Bunun əvəzində banklarla əməkdaşlıq edərək, qarşılıqlı şəkildə razılaşaraq, onların öz müştərilərinə müvəqqəti faiz güzəşti etməsi, kredit tətili verməsi kimi məsələlərlə müdaxilə edə bilər. Dünya təcrübəsində də hətta ən liberal iqtisadi şəraitin olduğu ABŞ-da da FED bənzər alətlərdən istifadə edib, həm vətəndaşlara, həm də banklara müəyyən qədər likvitlik dəstəyi, maliyyə rahatlığı təmin etməyə çalışır”.

İqtisadçı əlavə etdi ki, hazırki şəraitdə faizlər hesablanır, vətəndaşların borc yükü artır, hətta ödəyə bilmədikləri üçün əlavə dəbbələr hesablanır: “İndiki şəraitdə heç bir halda, hətta fərdi şəkildə də bankların çağırışları ilə rastlaşmadıq ki, müştərilərinə güzəştlər etsinlər. Azərbaycan bankları qlobal prosesdən geri qalır. Halbuki xarici ölkələrdə biz bank və assosiasiyaların birgə bəyanat və güzəştlərini müşahidə etmiş olduq. Azərbaycanda isə belə bir mövqe yoxdur, sadəcə texniki məsələlərdə güzəşt edirlər ki, bunun da borc yükü ilə ciddi bir əlaqəsi yoxdur. Ona görə də, vətəndaşın borc yükü artır. 2-3 ay müddətdə kredit ödənilmirsə, qarşı tərəfdən də öz probleminə adekvat mövqe görmürsə, həmin ödəyici intizamsız ödəyiciyə çevriləcək. Daha sonra bu bir trendə çevriləcək. Bəziləri imkansızlıqdan etsə də, imkanı olanlar da bu axına qoşula bilər. Həm hökumət, həm banklar, həm Mərkəzi Bank və Banklar Assosiasiyası problemə daha ciddi yanaşmalıdırlar. Qayğıkeş bir münasibət mexanizmi ilə əllərindəki müştəri kontingentini qoruyub saxlamağa çalışmalıdırlar. Çünki potensial müştərilərin əksəriyyəti 2015-ci ildə problemli müştəriyə çevrilib. Bu prosesdə daha bir qism də problemli müştəriyə çevrilsə, bankların işləməsinə heç imkan qalmayacaq”.

Azpolitika.info

635x100

Şərhlər

HacıƏli 2020-04-23 16:44:21

Pandemiya ilə əlaqədar insanların dolanışıgı get-gedə pisləşir.Əsasən də Banklarda kredit kredit borcu olan vətəndaşlar.Bu kateqoriyadan olan insanlar bilmirlər ki, bank borclarını ödəsinlər ya da acindan ölməmək üçün mübarizə aparsınlar.Milli Bankın rəhbəri isə 1 aydan çoxdur ki, hələ də fikirləşir və gözləyir ki, camaat qırılıb qurtarsın,sonradan hansısa bir qərar qəbul etsin?

Eko 2020-04-22 20:58:57

Yaziklar olsun !!!!

Son yazılar