“XARİCİ SİYASƏTİMİZİN SİMASI DƏYİŞMƏLİDİR!” – “Sən həkimsən, yoxsa virusoloqsan?...”

Tofiq Zülfüqarov: “Lavrov və ermənilər başa düşür ki, bu regionda Rusiyanın imkanları günü-gündən azalır”

Rusiya Xarici İşlər naziri Sergey Lavrovun son Qarabağ bəyanatı və Ermənistanın bu bəyanatla bağlı mövqeyi hazırda cəmiyyətdə ən çox müzakirə olunan mövzulardan biridir.

“AzPolitika.info” bu məsələ ilə bağlı Azərbaycanın sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarovun fikirlərini öyrənib. Sabiq nazirlə müsahibəni təqdim ediik:

- Tofiq müəllim, Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında videokonfrans vasitəsilə danışıqlar aparılıb. Bundan bir gün əvvəl isə Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Qarabağa dair bəyanatı olub. Siz danışıqlar prosesinin bu mərhələsini necə qiymətləndirirsiniz?

- Siyasi şərhçilər bu barədə danışıblar. Təzə proses yoxdur. Hesab edirəm ki, görüşdən əvvəl və sonra səslənən bəyanatlarda yeni bir detal və ya məsələ yoxdur. Təxminən 1990-cı illərin sonunda formalaşan vasitəçilərin konfliktin həllinə dair baxış və prinsiplərinin bir hissəsi demək olar ki, Lavrov tərəfindən bəyan edilib. Bir daha vurğulayıram ki, yeni bir şey yoxdur.

- O zaman dünyanın diqqətinin pandemiyaya yönəldiyi bir vaxtda nədən bu bəyanat ortaya çıxır və Lavrov BMT qətnamələrini yozaraq deyir ki, bu qətnamələr işğalçı ordunun Azərbaycan torpaqlarından çıxmasını deyil, müharibəni dayandırıb danışıqlar prosesinə başlanmasını nəzərdə tutur?

- Qeyd etdim ki, bu, prinsiplərin bir hissəsidir. Lavrovun məqsədi BMT qətnamələrinin əsas olduğunu göstərmək deyil. Əsas məqsəd imitasiya, danışıqlar prosesini bərpa və tərəflər üçün “maraqlı” etməkdir. Lavrov və ermənilər başa düşür ki, bu regionda Rusiyanın imkanları günü-gündən azalır. Təsir imkanları azaldıqca, həm də konfliktə müdaxilə, təsir etmək imkanları da aşağı düşür. Sözsüz ki, bu vəziyyətdə konflikt tərəfləri olan Ermənistan və Azərbaycanın daxili potensialı əsas faktor kimi ortaya çıxır. Bura müdafiə, iqtisadi, maliyyə resursları, demoqrafiya imkanları və s. daxildir. Konflikt nəyə görə uzanır? Çünki erməni tərəfi işğal edilən əraziləri öz nəzarəti altında saxlamaq üçün heç bir imkanlarının olmadığı halda, öz siyasətində elə məqamları bəyan edirdi ki, adama qəribə gəlirdi. Çünki onlara Rusiya dəstək verir. Əgər Rusiya onlara dəstək verməsəydi, onların bu əraziləri nəzarətdə saxlamaq imkanları olmazdı. İndi isə Rusiya təbii səbəblərdən belə dəstəyi vermək imkanından məhrum olmağa başlayıb. Məhz buna görə ictimaiyyətin başını qatmaq üçün Lavrovun belə bəyanatları ortaya çıxır. Halbuki, bu bəyanatlarda hər iki tərəf üçün müsbət və mənfi məsələlər olur. Başqa sözlə, standart diplomatik üslub.

Ermənilər bunların hamısını başa düşürlər. Və başa düşə-düşə Rusiyanın mövqeyini ciddi şəkildə tənqid edirlər. Beləcə göstərirlər ki, onların siyasi ümidləri Rusiya ilə bağlı deyil. Onlar Rusiyaya ümid etmirlər, istəkləri Qərbin bir hissəsi olmaqdır. Bunu da bəyan edirlər.

- Demək istəyirsiniz ki, Lavrov son bəyanatı ilə həm də ermənilərin bu istəyinə qarşı çıxır?

- Təbii ki, qarşı çıxır və erməniləri qorxudur. Eyni zamanda, onlara göstərmək istəyir ki, biz varıq və burada faktor kimi qalırıq. Fikrimcə, yaradılan səhnəciklərin məqsədi budur. Əslində, gülməli bir vəziyyətdir. Telefonla danışıqlar aparırlar. Nəyi müzakirə etmisiniz? Koronavirus və sair. Gülməlidir...

- Sizcə, Sergey Lavrovun barəsində danışdığımız bəyanatının Azərbaycana xeyri və ziyanı nədən ibarət oldu?

- Hesab edirəm ki, bunun Azərbaycana nə xeyri, nə də ziyanı oldu. Çünki Rusiyadan Azərbaycanın xeyrinə bundan artıq bəyanatlar da səsləndirilib. Eləcə də bizim ziyanımıza bundan da pis bəyanatlar olub. Amma vəziyyət dəyişməyib. Əsas məsələ odur ki, bu bəyanatlar vəziyyətə təsir edəcək, ya yox. Amma belə məqsəd güdülmür. Odur ki, burada xeyir və ziyan görmək məsələsi yoxdur. Bəzi şərhçilər elan edirlər ki, bu, diplomatik qələbədir və sair. Ancaq əslində bunlar boş söhbətlərdir. Fikrimcə, son hadisələr vasitəçilərin tətbiq etdiyi mexanizmin zəiflədiyinin və bunun nəticəsində verilən bəyanatların, qurduqları səhnəciklərin gülüşdən başqa heç bir hiss yarada bilməməsinin göstəricisidir. Biz dünən bunun şahidi olduq.

- Lavrovun bəyanatı və aprelin 22-dəki danışıqlardan sonra erməni tərəfinin davranışları necə ola bilər?

- Ermənilər hər bir vəchlə göstərməyə çalışacaqlar ki, qərbyönümlü siyasət həyata keçirirlər və Rusiyadan uzaq qaçırlar. Bu, onların əsas məqsədidir. Bir daha qeyd edim ki, Nikol Paşinyan bir tərəfdaş kimi Rusiya tərəfindən qəbul edilmir.

İkincisi, Paşinyan və komandası hakimiyyətə niyə gəlib? Çünki ermənilər başa düşüblər ki, Rusiyadan nəsə almaq mümkün deyil. Nə almaq mümkündürsə, artıq alıblar. Paşinyan hakimiyyətə ona görə gəlib ki, dövlət siyasətinin istiqamətini Rusiyadan Qərbə döndərsin. Ən əsası odur ki, bu proses gedir. Lavrovun son cəhdi, sadəcə, erməniləri qorxutmaqdır. O mənada ki, guya azərbaycanlıların tərəfinə keçiblər. Amma bu zaman elə qəliz formullar yaradır ki, bilmirsən səni tərifləyir, yoxsa söyür. Fikrimcə, burada əsas məsələ hansı sözlərin deyilməsi yox, ortadakı məqsəddir. Lavrov belə görüntü yaradır ki, müharibədən başqa bu münaqişənin hansısa başqa həll yolu var. Yəni danışıqlarda hansısa başqa yollar var. Məsələnin Azərbaycan üçün ziyanlı tərəfi budur. Yəni Rusiya tərəfindən bizi aldatmaq üçün yenə də imitasiya, görüntü yaratmaq niyyəti güdülür.

- Azərbaycan Prezidentinin müşaviri Hikmət Hacıyev də bildirib ki, Ermənistan XİN-in destruktiv açıqlamaları danışıqlar prosesini pozur...

- Əsində, indi vasitəçilərin fikir və fırıldaqları keçmir. Artıq onları nə ictimaiyyət, nə də rəsmilər qəbul etmir. Hiss olunur ki, Rusiya rəhbərliyi artan iqtisadi və digər problemlərlə məşğuldur, sadəcə Lavrov erməni olduğuna görə, öz imkanları çərçivəsində nəsə etmək istədi. Təəssüflər olsun ki, bizim tərəfdə də kimlərsə bu oyunda iştirak etmək istədilər.

- Kimi nəzərdə tutursunuz?

- Azərbaycan Xarici İşlər Nazirliyini və naziri nəzərdə tuturam.

- Demək istəyirsiniz ki, nazir Məmmədyarov indiki mərhələdə danışıqlara qatılmamalı idi?

- Məncə, nazir çoxdan göstərməli idi ki, bunlar formal danışıqlardır. Həmçinin, erməni tərəfinin qeyri-konstruktiv mövqeyini ifşa etməli idi. Konkret faktlar və misallar ortaya qoymalı və erməniləri qıcıqlandırmalıydı. Amma bu baş vermir. Əksinə, belə addımlar erməni tərəfindən gəlir. Yəni nazirin kimə xidmət etdiyi hər kəsə bəllidir.

- Bundan sonra konfliktlə bağlı gözləntiləriniz nədən ibarətdir?

- Hesab edirəm ki, Azərbaycan addım atmalı, xarici siyasətində sima və üslubları dəyişməlidir. Mən nəyi nəzərdə tuturam? Böyük disbalans var. Cənab Prezident Münhen Təhlükəsizlik Konfransında çox aktiv və iradəli siyasət yürüdüb. Amma nazirlik tərəfindən buna dəstək olmur, ardı gətirilmir. Biz görürük ki, nazirlik səviyyəsində həmişə uduzmuş vəziyyətdəyik. Son görüşlə bağlı bəyan etmək ki, koronavirusu müzakirə etmişik... Belə şey olar? Sən həkimsən, virusoloqsan? Belə olmaz axı.

Vaqif NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

Qərbi Azərbaycan eks 2020-05-12 13:03:37

Xam N.V.Paşin danışıq arxası işğalçılarla razılıq müqavilələrini qabardır?

Cəmşid Dərələyəzli 2020-04-26 12:35:04

Milletden her hansı bir məmurun kütləvi şəklildə keyfiyyətsizliyi telebi gelende, hökümət və dövlət bu çağırışa ses verməlidir. El gözü tərəzi gözüdür deyərlər. Elə adamlar Ölkənin rəhbərliyinə bir yükdür artıq. Bu yükdən azad olmaq yəni o qədr çətindir ki, Elmar müəllimi dəyişə bilmirik.

Almaniayda yaşayan Azərbaycanl 2020-04-26 02:38:05

icazə verin, Azərbaycanın ALmaniyadakı səfiri Ramin Hsəsnovu tənqid edək. Almaniayda yaşayan azərbaycanlılar bu cəanabın rəhbərlik etdiyi səfirliyin konsulluq şöbəsinin korrupsiyasından lap boğaza yığılıb. Bu gənc səfir hər yol bicliklə üzərinə düşən məsuliyyətdən yayınır və əməkdaşlarının hoqqabazlıqlarını "görmür". Həm də Coronovirus pandemiyası zamanı Almaniaydan geri dönə bilməyən Azərbaycan vətəndaşları Səfirliyimizdən heç bir yardım görmədi, nəin ki, yardım, heç kiçicik diqqət görmədi və görmürdü. Amma əvəzində səfir Ramin Həsənov Azərbaycanın televiziya kanallarında bütün günü virusla mübarizədən danışır. Başa düşmək olmur ki, onun tutduğu postun virusla əlaqəsi nədir və ya bu cənab diplomatdır, yoxdsa virusoloqdur? Eşitdiyimizə görə, baş nazirin müavini Əli Əhmədovun qohumudur və onun patronajlığı altında irəliyə çıxa bilib. Bir sözlə, biz, ALmaniyada yaşayan Azərbaycanlılar bu bu virusoloq-diplomatına adını eşidəndə, təəssüf hissimizi gizlədə bilmirik. Yenisini göndərin. p.s. şərhimizin olduğu kimi azadfikirli "azpolitika" saytı tərəfindən dərc ediləcəyinə ümüd edirik.

Hasan 2020-04-25 22:59:57

Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrovun Azərbaycanın mövqeyini dəstəkləyən bəyanatla çıxış etməsi Azərbaycan Xarici Siyasətiinin uğurlarından biridir. S.Lavrovun məlum bəyanatından sonra ermənistanın siyasi təhlilçilərinin ermənistanın xarici siyasətinin iflasa uğradığını əsas gətirərək Ermenistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın istefasını tələb etmələri Azərbaycanın apardığı uğurlu xarici siasəti bir daha təsdiq edir.

Hasan 2020-04-25 16:54:47

Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrovun Azərbaycanın mövqeyini dəstəkləyən bəyanatla çıxış etməsi Azərbaycan Xarici Siyasətiinin uğurlarından biridir. S.Lavrovun məlum bəyanatından sonra ermənistanın siyasi təhlilçilərinin ermənistanın xarici siyasətinin iflasa uğradığını əsas gətirərək Ermenistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın istefasını tələb etmələri Azərbaycanın apardığı uğurlu xarici siasəti bir daha təsdiq edir.

Özgə, Siyasət nə anlasın? 2020-04-25 13:41:20

Pağijə, Kremlə, KTMTyə 4-5 mllyardlıq iş, tərəfdaş NATOya əfqan şişi?

Aqahüseyin Aqayev 2020-04-25 09:56:48

XİN-yi PASLANIB.Cən.Prezdent ora əl ğəzdirsə əla olar.

Sənan 2020-04-24 22:10:10

Məmmədyarov özü onun mətbuat katibi sadəcə biabirçiliqdir

Qoca Molla 2020-04-24 21:02:45

Virusoloq ha ))))))))))))))))))))))

B.Qarabağlı 2020-04-24 19:27:49

BMT 25 il öncə hüquqi bərpa həlli verib! Yəni, siyasi danışıqlar yersizdir!

Elli 2020-04-24 17:00:29

Nazir Məmmədyarov Qarabağ problemini qırağa qoyub koronavirusu niyə müzakirə edir ki?

Son yazılar