HESABLAMA PALATASI: “UTANCAQ” NƏZARƏT ORQANI... - Yaxud, Gülməmmədov niyə Stepaşin ola bilmir?

Bir neçə icra başçısı və Mədəniyyət Nazirliyinin yüksək rütbəli məmurları həbs ediləndən, eləcə də bu şəxslərin sahibləndiyi varidatın miqyasına dair görüntülər təqdim olunandan sonra dövlət nəzarətini həyata keçirməli olan qurumların məsuliyyəti məsələsi gündəliyə çıxdı. Və təbii olaraq, əslində uzun illərdir səsləndirilən “nəzarət orqanları hara baxır” sualı yenidən aktuallıq qazandı.

Belə ki, istər yerli icra strukturlarında, istərsə də nazirlik və komitələrdəki talançılığı, büdcə vəsaitlərinin oğurlanmasını üzə çıxara biləcək kifayət qədər sayda dövlət orqanı var. Həmin qurumlardan biri də Parlamentə hesabat verən və dövlət büdcə-maliyyə nəzarəti orqanı hesab edilən Hesablama Palatasıdır(HP).

Doğrudur, HP demək olar ki, əsasən qanunvericilikdə nəzərdə tutulduğu kimi, vaxtlı-vaxtında, səliqəli şəkildə hesabatlarını, rəylərini verir, büdcə prosesində iştirak edir və s.

Ancaq qurumun əsas funksiyaları büdcə gəlirlərinin və xərclərinin, o cümlədən büdcədənkənar dövlət fondlarının auditini aparmaq, büdcəsi vəsaitlərinin xəzinə hesabına daxil olmasının və istifadəsinin dövlət büdcəsində müəyyən edilmiş göstəricilərə uyğunluğunu təhlil etmək və nəhayət, aparılmış nəzarət tədbirləri nəticəsində aşkar edilmiş pozuntular barədə məlumatları parlamentə təqdim etməkdir. Təəssüf ki, bu bəndlər üzrə HP-nin fəaliyyətini tam qənaətbəxş hesab etmək, yumşaq desək, insafsızlıq olardı...

Misal üçün HP sədri Vüqar Gülməmmədov 2019-cu il büdcəsinin icrasıyla bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib ki, Azərbaycanda ötən il ərzində səmərəsiz büdcə xərcləri cəmi 75 milyon manat təşkil edib: "Səmərəsiz xərclər il ərzində ayrılan vəsaitin vaxtında istifadə edilməməsi, tələbatdan artıq malların alınması və uzun müddət anbarlarda istifadəsiz qalması, daha az xərclə alına biləcək mal və xidmətlərin alınmaması, dövlət vəsaitinin istifadəsi zamanı dövlət alışları üzrə bağlanmış müqavilələrin münasib şərtlərinin seçilməməsi, dövlət proqramlarında müəyyən edilmiş hədəflərə nail olunmaması (və yaxud qismən nail olunması) ilə bağl xərclərdir...”

Cəmi 75 milyon manat(!). Hörmətli V.Gülməmmədova deyən lazımdır ki, araşdırsaq bir neçə rayonun icra başçısının taladığı vəsaitin həcmi bundan çoxdur. Necə ola bilər ki, icra başçılarından nazirlərə, komitə sədrlərindən dövlət şirkətlərinə qədər kimin barmağı dövlət büdcəsinə bir balaca ilişirsə, az qala onun içalatını çəkib çıxardığı ölkədə HP cəmi 75 milyon manatlıq "səmərəsiz xərc” üzə çıxarıb?

İstənilən ortabab mütəxəssisə məlumdur ki, başqa büdcə xərclərini bir kənara qoysaq, təkcə dövlət satınalmaları üzrə obyektiv araşdırma, audit aparılsa həmin bu 75 milyondan 75 qat artıq miqyasda mənimsəmə üzə çıxarmaq olar.

Ancaq utancaq və başıaşağı qurum təəssüratı bağışlayan HP-nin bir il ərzində üzə çıxardığı vəsait də özü kimi zəif təsir bağışlayır və vur-tut bir başçının evində saxladığı valyutanın miqdarına yaxın bir rəqəm təşkil edir...

Ancaq insafən qeyd edək ki, HP-nin hesabatlarında bəzən olduqca əhəmiyyətli təhlil predmeti olan obyektiv göstəricilərə də rast gəlmək olar. Məsələn, qurumun hesabatından belə məlum olur ki, dövlət satınalmalarının 40 faizi ictimaiyyətdən gizlədilir. Belə ki, 514,4 mln. manat dəyərində 1147 satınalma müqaviləsi internet portalın “bağlanmış müqavilələr haqqında məlumat” bölməsində yerləşdirilməyib.

Həmçinin, 2018-ci ildə satınalan təşkilatlar tərəfindən 8964 müsabiqəəsaslı satınalma keçirildiyi halda, portalda cəmi 5463 satınalma müqaviləsi barədə məlumat yerləşdirilib. Bəs niyə Milli Məclis tərəfindən bunun hesabı sorulmur, nədən dövlət satınalmalarının şəffaflığı təmin edilmir?

Palata sədrinin dövlət satınalmalarındakı talançılığa münasibəti isə aşağıdakı kimidir: “Yol verilən nöqsanların təhlili və daha çox rast gəlinmiş pozuntular onu qeyd etməyə imkan verir ki, dövlət vəsaitlərinə nəzarət, ilk növbədə, dövlət satınalmalarının şəffaf keçirilməsinə və dövlət əmlakından səmərəli istifadəsinə nəzarətin təşkilindən keçir”.

Yəni standart, “xalaxətrin qalmasın” bir tövsiyə, vəssalam!

Ancaq bütün bunlarla yanaşı, məsələnin təkcə sırf maliyyə-uçot, iqtisadi təhlil və s. yox, həm də siyasi tərəfi də nəzərə alınmalıdır. Belə ki, HP-nin fəaliyyəti və nüfuzu həm də onun hesabat verdiyi və birbaşa bağlı olduğu parlamentin çəkisindən, ümumiyyətlə hakimiyyətin bu qolunun dövlətin idarə edilməsindəki rolundan da asılıdır. Bu sarıdan isə Milli Məclisin indiyə kimi “axsadığı” heç kimə sirr deyil...

HP-nin sədrinə gəlincə isə, Vüqar Gülməmmədova peşəkarlığı və bilik səviyyəsinə görə irad tutulması düzgün olmazdı. Ancaq onu məsələn, Rusiya Hesablama Palatasının əvvəlki rəhbəri Sergey Stepaşin, yaxud hazırkı başçısı Aleksey Kudrinlə müqayisə etmək də gülməli olardı.

Sırf o baxımdan ki, adı çəkilən hər iki şəxs Rusiyada təkcə güclü mütəxəssis yox, həm də siyasi çəkisi, nüfuzu olan fiqurlardır. Onlar yeri gələndə cəsarət göstərə, ortaya mövqe qoya bilən, geniş ictimaiyyətin tanıdığı və bütün dövlət orqanlarının hesablaşdığı şəxslərdir.

V.Gülməmmədov isə sadəcə, sonradan Kənd Təsərrüfatı naziri olmuş və daha sonra “vurulmuş” sələfi Heydər Əsədovun irəli çəkdiyi kadr kimi tanınır. Və 7 ildir HP-yə rəhbərlik edən indiki sədrin lap 70 il sonra da Stepaşin, yaxud Kudrin olacağı inandırıcı görünmür...

Hər halda, heç bir bəhanə nə V.Gülməmmədovu, nə də digər büdcəyə nəzarət orqanlarının rəhbərlərini məsuliyyətdən azad etmir. Və bir şey dəqiqdir ki, ölkədəki məmur talançılığı, başçıların evlərindən çıxan milyonlar da daxil olmaqla, büdcədən oğurlanan pulların hər qəpiyində digər nəzarət orqanları ilə yanaşı HP-nin də böyük günah payı və dolayısı ilə ortaqlığı var!

Cəlal Məmmədov

AzPolitika.info

635x100

Şərhlər

Etibarlı mənbə 2020-06-10 01:43:09

Deyilənlərə görə, Hesablama Palatası ELmar Mammedyarovun maliyyə maxinasiyalarını ört-basdır etmək üçün məsləhətlər də verirmiş....

fariqa 25 2020-05-25 22:02:08

huquqi shexs, dovlet qulluqcusu ve zerercekmis eyni adamdir ve meqsedleri Hesablama Palatasina sher atmaqdir, alinmayacaq,

Hüquqi şəxs 2020-05-19 19:32:23

Dövlət qulluqçusu və Zərərçəkmiş adlı yazarların fikrilə razıyam. Çünki Hesablama Palatasının sədri Vüqar Gülməmmədov hal-hazırda aidiyyəti qurumlarda qanunamüvafiq nəzarət tədbiri-audit deyil, əsasən nəticələri təkrarlanan və gözə kül üfürmək məqsədi daşıyan, sadə təftiş yoxlamalar aparmaqla məşğuldur. Buna sübut kimi, Hesablama Palatasının saytında yerləşdirilmiş hesabat, rəy və məlumatların mətninə nəzər salmaq kifayət edər. Sizcə nə üçün V.Gülməmmədovun göstərişi ilə aidiyyəti qurumlarda aparılan auditlərin nəticələri üzrə yoxlama qurupların aşkarladığı əsas faktlar (dövlət vəsaitinin və əmlakının mənimsənilməsi halları) pozuntular, HP-nın Kollegiya iclasında qəbul edilmiş qərarlarda öz əksini tapmır? Və ya nə üçün həmin pozuntular üzrə dövlət büdcəsinə bərpa olunacaq vəsaitlərin məbləği bilərəkdən azaldılır? Yəqin ki, bu sualların cavabı, dəfələrlə HP-nın audit apardığı yerli və mərkəzi icra hakimiyyəti orqanlarında son aylar üzə çıxan pozuntu, korrupsiya faktlarıyla öz təsdiqin tapır! Buna görə inanırıq ki, mötərəm Prezidentimiz İlham Əliyev cənabları Hesablama Palatası sədri Vüqar Gülməmədov barəsində ən sərt cəza tədbirləri tətbiq edilməsi üçün tezliklə aidiyyəti göstərişlərin verəcəkdir!

Dövlət qulluqçusu 2020-05-19 16:16:22

Hesab edirəm Milli Məclisin orqanı olan və dövlət-büdcə vəsaitlərinin, dövət əmlakının səmərəli idarə olunmasına nəzarət edən Ali Audit Orqanı Hesablama Palatası buraxılmalıdır. Və yeni təfəkkürlü, eyni zamanda Prezidentimiz İlham Əliyev cənablarının apardığı yenilənmə islahatlarına uyğun Palata sədri və üzvlər təyin olunmalıdır. Həmçinin yeni təyin olunan sədr və üzvlər, Ali Audit Orqanı Hesablama Palatası adından muxtəlif qurumlarda təftiş deyil, əsl audit aparmalı, Prezidentimizə və Milli Məclisə obyektiv hesabat-məlumatlar verməlidilər!

Dövlət qulluqçusu 2020-05-19 16:16:21

Hesab edirəm Milli Məclisin orqanı olan və dövlət-büdcə vəsaitlərinin, dövət əmlakının səmərəli idarə olunmasına nəzarət edən Ali Audit Orqanı Hesablama Palatası buraxılmalıdır. Və yeni təfəkkürlü, eyni zamanda Prezidentimiz İlham Əliyev cənablarının apardığı yenilənmə islahatlarına uyğun Palata sədri və üzvlər təyin olunmalıdır. Həmçinin yeni təyin olunan sədr və üzvlər, Ali Audit Orqanı Hesablama Palatası adından muxtəlif qurumlarda təftiş deyil, əsl audit aparmalı, Prezidentimizə və Milli Məclisə obyektiv hesabat-məlumatlar verməlidilər!

Zərərçəkmiş 2020-05-19 15:50:22

Hesablama Palatasında kifayət qədər ixtisaslı və təcrübəli mütəxəssislərin olmasına baxmayaraq, Palatanın yarıtmaz sədri Vüqar Gülməmmədov bu potensialı səmərəsiz və öz məqsədlərinə xidmət edən işlərə yönəldərək, aidiyyəti qurumlarda dövlət əmlakının mənimsənilməsinə göz yumur!

Çiçək məmməd 2020-05-19 01:52:39

Son zamanlar ölkəmizdə mərkəzi və yerli icra orqanlarında aşkarlanan korrupsiya və digər cinayət halların əsas izlərini, Hesablama Palatası sədri Vüqar Gülməmmədovun apardığı şəffav audit tədbirləri nəticəsində yuxarı qurumlara təqdim etdiyi əsassız hesabatlarda axtarmaq lazımdır.

Gülməmməd 2020-05-19 01:34:19

Hesab edirik, Ali Audit Orqanının rəhbəri alicənab və məsuliyyətli, səviyyəli insan olmalıdır. Dövlət büdcəsini Gül məmmədə həvalə edəndə, onun gördüyü işlər yalnız bu qədər çiçəklənər və inkşaf edər!!!

1984 2020-05-12 07:14:03

Hesablama Palatası şəffaf, düzgün fəaliyyət göstərsəydi, nazirlik və idarə rəhbərlərinin 90% vəzifəsindən azad olunub istintaqa cəlb edilməli idi.

fariqa25 2020-05-11 14:48:36

Rusiyanın Hesablama Palatasını tərifləyirsiz, Rusiyada korrupsiya yoxdur,biz şükürlüyük.Mərdi qovub namərd etməyin

fariqa25 2020-05-11 13:26:29

Hesablama Palatası normal fəaliyyət göstərən qurumlardan biridir, normal fəaliyyət göstərmək belə qiymətləndirilməməlidir

kamil 2020-05-10 23:49:27

Nə utancaqlıq , o safəcə yırtıcı deyil .

Şəkidən 2020-05-10 22:36:31

Vəzifələrə peşakarlığına görə yox, şəxsi münasibətlərə görə təyin olunurlar . Ona görə də dövlət əmlakı tarixdə görünməmiş ,öz şəxsi vəasitləri kimi talan edirlər ? Hesablama Palatasında peşəkar kadrlar olsa, İcra strukturunda, Nazirliklərdə, Komitələrdə və dövriyyəsi böyük olan müəssisələrdə dövlət əmlakının talan olunmasına yol verilə bilməz ? Şəki Kommunal Təsərrüfat müəssisəsinin kassiri ayda 200-ə yaxın işçinin əmək haqqısını kart vasitəsilə alaraq aidiyyatı üzrə hesabat verir ? Hesablama Palatası dövlətin büdcə-maliyyə nəzarət orqanı hesab edilir və bilmək istəyirəm nə üçün bu qanunsuzluqları ortaya çıxartmır ? Dövlət vəsaitlərinin dağıdılmasında Hesablama Palatasının müstəsna xidmətləri var ,məsuliyyət daşıyır və həbs edilməlidir ? Çünki Maliyyə nəzarət edən vəzifəli şəxs birinci növbədə dövlətin mənafeyini şəxsi maraqlardan üsntün tutmağı bacarmalıdır ? Maliyyədən anlayışı olmayan şəxsləri Baş mühasib təyin edirlər, aidiyyatı qurumlarda bu qanunsuzluqlara göz tikirlər və bu səbəbli dövlət əmlakı talan olunmaqdadır ? Şəkinin dövlət büdcəsinə baxan bütün strukturlar köklü surətdə maliyyə təsərrüfat sahəsində yoxlama aparılmalıdır, çünki qanunsuz fəaliyyətləri Hesablama Palatası tərəfindən örtbasdır edilib ?

vuqar. 2020-05-10 17:37:22

Calal muellim, hesablama palatasinin her yerde oz haqqi var. yazdiqlariniz bir az gulmeli cixir

İqtisadçı 2020-05-10 14:23:47

Hesablama Palatasının ən böyük günahı 2018-ci ilin təsdiq edilmiş büdcəsinə yenidən baxılan zaman vergi daxilolmalarını 591,0 milyon manat azaltmağa müsbət rəy verməsidir.İqtisadiyyatın dayanaqlığının və şaxələnməsininqabağı alındı.

KADR islahatları 2020-05-10 14:18:21

Hər sahə yüksək siyasi-iqtisadi, hüquqi bilgi və təcrübə də tələb edir!

Abdulla 2020-05-10 12:37:41

Guya onun fəaliyyətinin nəticələri qurumun necə işlədiyini sübut etmirdi?Bəs niyə bu qədər illər bu qurumun işinə qiymət verən bir vəzifəli şəxs və yaorqan tapılmırdı.Hətta qurumun yarıtmaz işləməsinə baxmayaraq müəyyən etdiyi cinayət tərkibli məlumatlar,hesabatlar yerində boğulurdu.Məsələnin r ən təhlükəlisi ondadır ki,yuxarıda (nazirləer Kabineti,Prezident Aparatı) oturanlar özlərini çox sərbəst hiss edib və özbaşınalığa yol verərək cinayətlərin illərlə davam etməsinə şərait yaradıblar və Möhtərəm Prezidentdən gizlədiblər

hiss 2020-05-10 11:47:30

Azpolitika görəsən ölkədə Arqumentı i faktı və ya Nezavisimaya qazeta ola bildimi.Müqayisə ədalətli olmalıdır.Bəli ölkədaxilində AZpolitika fərqli saytdır,bu şübhəsizdir

hiss 2020-05-10 11:31:44

100 faizdə olmasa 90% Hesablama Palatasına qarşı qərəzli yazıdır.Əsaslandırılmış arqument və sübutlarla yazı müəllifinə redaksiya heyəti obyektivlik göstərərsə təqdim edə bilərəm.

Son yazılar