Həsən Əliyev 1 illik susqunluqdan sonra nə danışdı və kimi hədələdi? - TƏHLİL+ŞOK MƏLUMATLAR

Vəzifəyə düzəltmək vədilə Ramazan Səlimov adlı iş adamından 600 min manat aldığı üçün haqqında cinayət işi açılan Bakı Ağır Cinayətlər Məhkəməsinin sabiq hakimi Həsən Əliyevlə bağlı qalmaqal, gündəmin əsas mövzusu olaraq qalır. Məlum olduğu kimi, Həsən Əliyevdən başqa daha 3 nəfər bu işlə əlaqədar vəzifədən çıxarılıb, haqlarında araşdırma aparılır. Nərimanov rayon prokuroru Fikrət Mahmudov və prokuror müavini Cavid Quliyev tutduqları vəzifədən azad edilib, rayon prokurorunun köməkçisi Samir Məmmədov isə prokurorluq orqanlarından xaric olunub. Baş prokuror Zakir Qaralov mətbuata açıqlamasında prokurorluq işcilərinin də cinayət məsuliyyətinə cəlb olunacağını istisna etməyib.

Sitat: “İstər prokuror, istər müstəntiq olsun, əgər konkret cinayət işlərinin istintaqı və yaxud ərizə, şikayətlərin baxılması zamanı qanunun tələbləri pozulursa, sözsüz ki, onlar məsuliyyətə cəlb olunurlar. Bu gün cinayət məsuliyyətinə cəlb olunan şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin sabiq hakimi Həsən Əliyevdir. Digər işçilər haqqında cinayət işini ayırmışıq. Bu gün həmin istiqamətdə istintaq göstərəcək ki, kimsə məsuliyyətə cəlb olunmalıdır, yoxsa yox”.

Bunlardan əlavə Həsən Əliyevlə əlaqdə olan daha iki nəfər - Elman Məmmədov və Taleh Süleymanov barəsində isə həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Bakı şəhər sakini Ramazan Səlimovun sabiq hakim Həsən Əliyev tərəfindən aldadılaraq külli miqdarda pul vəsaitinin dələduzluq yolu ilə ələ keçirilməsinə dair müraciəti üzrə başlanan cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılır. Artıq məhkəmənin hazırlıq iclası da keçirilib.

Həsən Əliyevə verilən ittihama görə, o, Ramazan Səlimov adlı şəxsə vəzifədə olan tanışları vasitəsilə onu icra başçısı təyin etdirəcəyi barədə vəd verib. Bu təyinat üçün Ramazan Səlimovdan 1 milyon dollar istənilib. Pulun böyük hissəsi əvvəlcədən verilib. Yəni, Həsən Əliyev 2011 və 2012-ci illərdə hər dəfə 300 min olmaqla, ondan iki dəfəyə ümumilikdə 600 min manat pul alıb. Bildirilib ki, qalan 200 min manat da sərəncam imzalanandan sonra verilməli idi. Lakin Həsən Əliyev vədini yerinə yetirməyib. Ramazan Səlimov aldanıldığını başa düşüb və hüquq-mühafizə orqanlarına üz tutub.

Bir ildən artıqdır davam edən bu işin detalları ilə bağlı mətbuatda həm rəsmi, həm də qeyri-rəsmi məlumatlar verildiyindən təkarlamaq niyyətində deyilik. Sadəcə qeyd edək ki, bu cinayət işilə bağlı “ AzPolitika.info” saytının mötəbər mənbədən əldə edərək verdiyi məlumatların, demək olar ki, hamısı təsdiqini tapıb.

Mövzuya yenidən müraciət etməyimizin səbəbi isə 1 ilə yaxındır haqqında səslənən ittihamlar barədə susan Həsən Əliyevin bu günlərdə danışaraq özünü “məsum” göstərmək cəhdi və qalmaqalı işlə bağlı əldə etdiyimiz yeni məlumatlardır. Başlayaq sabiq hakimin açıqlamalarından.

Qeyd edək ki, Həsən Əliyevin yerli saytlardan birinə verdiyi geniş açıqlamalar kiçik ixtisarla “AzPolitika.info” saytında da dərc olunub, istəyənlər tanış ola bilərlər. Yeri gəlmişkən, Həsən Əliyevin açıqlamalarında bir qədər əvvəl bu işlə bağlı “AzPolitika.info”da dərc olunan

Ramazan Səlimov[/caption]

Göründüyü kimi, Həsən Əliyev ciddi-cəhdlə özünün günahsız olduğunu sübut etməyə çalışır. Və bu zaman sözügedən faktla bağlı vaxtında cinayət işinin açılmamasından, daha dəqiqi, prosesin xeyli uzadılmasından, eləcə də Nərimanov rayonunun sabiq prokuroru ilə “sövdələşməsindən” öz xeyrinə istifadə etməyə çalışır. Əlbəttə, Həsən Əliyevin və başqalarının bu işdə günahının olub-olmadığına dair son qərarı məhkəmə verəcək. Ona görə də, əvvəlcədən birmənalı olaraq sabiq hakimin qeyd edilən iddialarının yalan olduğunu iddia etmək düzgün olmaz.

Ancaq Həsən Əliyevin öz günahsızlığını sübut etmək üçün gətirdiyi arqumentlərin, verdiyi izahların uydurma, nağıl təsiri bağışladığını da söyləməmək mümkün deyil. Bunu yalnız bu işlə bağlı mötəbər mənbələrdən daxil olan məlumatlar göstərmir. Həm də Həsən Əliyevin özünü günahsız göstərməyə xidmət edən iddiaları ilə paralel səsləndirdiyi açıqlamaları da belə düşünməyə əsas verir. Həmin iddiaların həqiqəti əks etdirmədiyini göstərən fikirlərinə diqqət edək:

Əvvala, Həsən Əliyev Ramazan Səlimovu vəzifəyə düzəltməklə bağlı heç bir vəd vermədiyini iddia edir. Ancaq elə həmin müsahibəsində onu işə düzəltmək məqsədilə bir neçə şəxsin yanında olduğunu söyləyir. Hətta Ramazan Səlimovu işə düzəltmək məqsədilə onunla birlikdə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun yanına getdiyini də ertiraf edir. Sual olunur: sənin nə marağın vardı ki, tanımadığın, o vaxta qədər cəmi 2-3 dəfə görüşdüyün birini işə düzəltmək məqsədilə hamıya “ağız açır”, durub burdan Siyəzənə gedir, minnətçi düşürdün? Hətta bununla kifayətlənməyib, öz tanışlarını da Ramazan Səlimova vəzifə tapmaq işinə cəlb edirdin? Sitat: “Cinayət işində Qüdrət Yəhyayevin adı keçir. Qüdrət müəllim Neft-Kimya Prosesləri İnstitutunda işləyir, alim adamdır. Ona da demişəm ki, bu adam işə düzəlmək istəyir... Ramazanı bir də Tariyel adlı şəxslə tanış eləmişəm. O da Ramazanı bir-iki qaz idarəsinə aparıb.”

Sabiq hakim niyə hamınını Səlimova iş axtarmağa səfərbər etmişdi? Deməli ortada hansısa başqa maraqlar olub.

Həsən Əliyev 1 il ərzində borc almağa adam tapa bilməyib?!

Keçək ikinci iddiaya. Həsən Əliyev Ramazan Səlimovla yaxın münasibətlərinin olmadığını, ondan bir manat da olsun pul almadığını iddia etdir. Ancaq daha sonra bildirir ki, iş adamı İsfəndiyar Axundova (“Şərurlu İsfəndiyar” adı ilə tanınınr-red.) olan 200 min manat borcunu qaytarmaq üçün R.Səlimovun ona “borc vermək” təklifini qəbul edir. Və pulu almadığı halda ona 300 min manat borc almağıma dair qəbz yazıb verdiyini, öz imzasını qoyduğunu, pasportunun nömrəsini qeyd elədiyini bildirir. Bu “arqumentə” nəinki müstəntiqləri, hətta məktəblini belə inandırmaq mümkün deyil.

Əvvala, sabiq hakim açıqlaya bilmir ki, 200 min manat borcu olduğu halda, niyə Səlimovdan 300 min manat alırdı? İkincisi və ən əsası, hətta ən avam insan belə almadığı pula görə 2-3 dəfə görüşdüyü birinə qəbz yazıb verməz. O da ola 40 ilin hakimi... Hamı bilir ki, qəbz pul alındıqdan sonra verilir.

Lakin maraqlıdır ki, Həsən Əliyev heç kimin bu nağıla inanmayacağını bilə-bilə daha bir uydurmanı həqiqət kimi sırımağa cəhd edir. Deyir ki, üstündən bir il keçəndən sonra, guya Ramazan Səlimov yenidən ona 300 min manat borc vermək istəyini bildirib. Özü də bu dəfə notarial qaydada. Diqqət edin, iddia edir ki, Səlimov guya bu məqsədlə ona zəng edib. O da buna razılaşır: “Dedim yaxşı, gedək notariat kontorunda həll edək”.

Belədə sual olunur: bir il ərzində başqa adam çıxmadı ki, hakim “təcili ödəməli” olduğu 200 min manatı ondan alıb borcunu bağlasın? Bu boyda hakim tanımadığı, həyatında 2-3 dəfə görüşdüyü R.Səlimovdan başqa borc almağa adam tapa bilmirdi?! Həm də özü sonra qeyd edir ki, R.Səlimovun tələb etdiyi 300 mini qaytarmaq üçün vəkil dostu Kamandar Nəsibovdan və Ramizdən 250 min borc alıb. Elə isə niyə vaxtında öz dostlarına deyil, “tanımadığı” R.Səlimova müraciət edirdi?

Səlimov 1-ci dəfə onu aldadıb pul verməmişdisə, niyə 2-ci dəfə notarial öhdəlik tələb edirdi?

Digər tərəfdən, Ramazan Səlimov birinci dəfə qəbz aldığı halda ona pul verməmişdisə, niyə 2-ci dəfə notarial təsdiq tələb edirdi? Məntiqlə əksinə olmalı deyildimi? Birinci dəfə R.Səlimov onu aldatmışdısa, H.Əliyev bu dəfə pulu əlinə aldıqdan sonra sənəd verəcəyini deməliydi. Ancaq sabiq hakim bu məntiqi kənara qoyaraq iddia edir ki, o, pul almadığı halda bu dəfə notarial qaydada hazırlanan müqaviləyə qol çəkib. Özü də Ramazan Səlimov heç Bakıda olmaya-olmaya: “Müqaviləni hazırlamağı tapşırdım Ərəstuna (6 saylı notariat kontorunun müdiri-red.). Ramazanla telefonla əlaqə saxladım. O da Qusarda olduğunu, Bakıya yalnız sabah gələ biləcəyini dedi... Dedi sabah Bakıya gələrəm, qol çəkib pulu verərəm”.

Daha sonra isə Həsən Əliyev iddia edir ki, Ramazan Səlimov Bakıya gəlir, müqaviləni götürür, Mahaçqalada bankdan pul köçürəcəyini deyib, gedir. Nağıl deyilmi?

“Bir qəpik də almadığı” şəxsə 300 min manat verməyə razılaşır! - Günahı yoxdursa, nədən qorxurdu?

Keçək Həsən Əliyevin üçüncü iddiasına. Yəni sabiq hakimin özünun “tələyə” salınaraq aldadıldığına, şər-böhtanla üzləşdiyinə, hüquq-mühafizə orqanlarındaki bəzi vəzifəli şəxslərin Ramazan Səlimovla birləşərək, ondan külli miqdarda pul qopardığına dair iddialarına. Bu zaman o, 16-cı polis bölməsinin rəisi Hikmət Usubovu, Nərimanov rayon prokuroru Fikrət Mahmudov və prokuror müavini Cavid Quliyevi Ramazan Səlimovla əvvəlcədən əlbir olmaqda ittiham edir. Ancaq ardınca özü etiraf edir ki, R. Səlimov polis bölməsinə ondan şikayət edir. Üstəlik də ortaya 600 min manat iddiasını təsdiqləyən sənədlər qoyur. Maraqlıdır, bu halda polis bölməsi necə cinayət işi açmaya bilərdi?

Həsən Əliyev onu da etiraf edir ki, bölmə rəisi və rayon prokuroru əvvəlcə onun Səlimovdan aldıqlarını qaytarmasına çalışırlar: “Hikmət Usubov yanımdaca Mahmudova zəng vurdu, telefonu mikrofona qoydu. Fikrət Mahmudov da dedi ki, Həsən Əliyevə şərait yaradın, vətəndaşın pulunu ödəsin, bizə heç nə lazım deyil.

Maraqlıdır ki, Ramazan Səlimovdan pul almadığını iddia edən H. Əliyev, daha sonra ona 300 min manat ödəməyə razılaşdığını, hətta 250 min manatını verdiyini deyir. Sual ounur: əgər doğrudan da Həsən Əliyev R.Səlimovdan, iddia etdiyi kimi, bir qəpik də almamışdısa, onda niyə ona 300 min manat verməyə razılaşır, hətta üstəlik prokuroru da “razı salmağa” çalışırdı?

Həsən Əliyev absurd iddialara çıxış etdiyini özü də qəbul edir. Sitat: “Bu qərarım çoxuna, lap elə sizə də bəlkə çox qəribə görünə bilər. Axı pul almadığım adama niyə pul ödəməli idim, eləmi? Amma mən sonda buna da razı idim... Fikirləşdim ki, dostdan-qohumdan 300 min manat yığıb verim, təki canımı bu şərbazlardan qurtarım”.

Sabiq hakimin bunu cəmiyyətdə mövqeyini, vəzifəsini itirmək istəməməsi ilə izah etməsi isə inandırıcı görünmür. Sual olunur: Günahı yoxdursa, niyə qorxur, tələb olunan pulu verməyə razılaşırdı? Özü də nəzərə alsaq ki, söhbət 3 mindən, 5 mindən deyil, 300 mindən gedir. Hakim maaşı ilə dolandığını iddia edən, heç bir obyektinin olmadığını söyləyən Həsən Əliyev bu qədər pulu borc alaraq ödəmişdisə, necə qaytaracaqdı?

Dıgər tərəfdən, axı o, sıradan bir adam deyil, hakimdir, özünün də dediyi kimi, toxunulmazlığı var. Bölmə rəisi və ya rayon prokuroru günahsız olduğu halda niyə və hansı səbəbdən ondan kiməsə pul veməyi tələb edə bilərdi? Bu ağlasığmaz deyilmi? Axı o bir hakim kimi istədiyi vaxt yuxarı instansiyaları məlumatlandıra bilərdi. Əgər günahsız yerə onu tələyə salmışdılarsa, niyə vaxtında lazımı yerləri məlumatlandırmaq əvəzinə, aparıb Səlimova 250 min manat verir, prokuroru “razı salmağa” çalışırdı?

Əliyev pulu qaytarmamaq üçün ortaya adamlar salıb, bölmə rəisi razılaşmayıb

Deməli, birincisi, ortada Həsən Əliyevi susmağa məcbur edən ciddi faktlar olub. İkincisi, sabiq hakimin dediyi kimi, onu “tələyə” salmayıblar, sadəcə vətəndaşın pulunu ödəməsi üçün ona vaxt verib, şərait yaradıblar. Yəni, əslində Həsən Əliyevə kömək etmək istəyiblər.

Həsən Əliyevin dediklərindən belə bir ehtimal da ortaya çıxır ki, o, əvvəlcə pulu qaytarmamaq üçün ortaya adamlar da salıb, ancaq bölmə rəisi razılaşmayıb: “Məni Ramazanla tanış edən Elman Məmmədovu yenidən axtarıb tapdım, dedim sənin dostun başıma iş gətirib. Elman da polis bölməsinə gəldi. Elmanla Hikmət Usubovun atası dost olublar, bir-birlərini çoxdan tanıyırmışlar. Elman dedi ki, Həsən müəllim ziyalı, mədəni adamdır, belə iş görməz, kiminsə pulunu alıb qaytarmamaq ağlından da keçməz. Amma Hikmət dedi yox, pulu alıb, mütləq qaytarmalıdı”.

Göründüyü kimi, sabiq hakim özü də etiraf edir ki, bölmə rəisi ondan yalnız sənəd verib aldığı pulu qaytarmağı tələb edib, əlavə nəsə istəməyib. Bunun nəyi şantaşdır?

600 mini qaytarmağa razılaşan Həsən Əliyev sonradan niyə fikrindən daşınır?

Həsən Əliyevin bölmə rəisinə olan qəzəbinin səbəbi isə başqadır. Bu haqda “AzPolitika.info”ya daxil olan məlumatları elə sabiq hakimin açıqlamaları da təsdiqləyir.

Belə ki, bölmə rəisi H.Usubovu öz tərəfinə çəkə bilməyən sabiq hakim, pulu qaytarmağa başlayır. Ancaq iddia etdiyi kimi, 300 min deyil, məhz 600 mini qaytarmağa razılaşır. Özünün də dediyi kimi, Səlimova 250 min manat qaytarır: “Ramazana ayrı-ayrı vaxtlarda 100 min, 70 min, 80 min manat məbləğində pul verilib. Bu pulları Ramazana Elman verib.”

Qeyd edək ki, “AzPolitika.info”ya Həsən Əliyevə yaxın çevrələrdən daxil olan məlumata görə, sabiq hakim bu pulu qaytarmaq üçün heç də iddia etdiyi kimi borc almayıb, qardaşının adına olan bir obyektini (kafe) satıb - 450 min manata. Bunun da 250 minini R.Səlimova qaytarıb.

Mənbəmiz onu da bildirir ki, Həsən Əliyev məsələnin böyüməsindən qorxaraq, əvvəlcə Səlimovdan aldığı 600 min manatı qaytarmaq niyyətində olub. Sadəcə həmin vaxt başqa məqsədlərlə böyük pullar xərclədiyindən, əlində nağd vəsait olmayıb. Bu üzdən də qardaşının adına olan obyekti satıb. Ordan götürdüyü pulun da 250 minini R.Səlimova qaytarıb, 100 minini isə özünün dediyinə görə, prokurorun müavininə verib.

Həsən Əliyevin sonradan yerdə qalan 350 mini R.Səlimova qaytarmaması 2 səbəblə bağlı olur. Birincisi, ikinci həyat yoldaşı onun adına olan digər obyektlərin satışa çıxarılmasına razılaşmadığından, sabiq hakim nağd pul tapmaqda zorlanır.

Sabiq hakim prokurorla “işi 300 min manatla bitirəməyə” razılaşıb

İkincisi isə, bu işə göz yummaq üçün Nərimanov rayon prokurorunun müavini ilə (ola bilsin prokurorun təlimatı ilə-red.) sövdələşməyə girdiyindən, arxayınlaşır, qalan pulu verməsə belə, problem olmayacağını düşünür. Həsən Əliyevin öz açıqlamaları da bunu təsdiqləyir. Diqət edək: “İşə Nərimanov rayon prokurorunun müavini Cavid Quliyev (artıq işdən çıxarılıb-red.) qoşulmuşdu. Onunla Elman söhbət aparırdı... Bir yandan da prokurorluğun işçisi Taleh prokurorun bu işə göz yumması üçün əlavə 100 min manat verməli olduğumu deyirdi. Məcbur olub buna da razılaşdım. Pulu aparmağa Elmanla Taleh gəlmişdi. 100 min manatın 50 minini maşında onlara verəndə səslərini yazdım... Dedim, 50 mini götürün, 50 min də bir həftəyə kimi düzəldib verəcəm, prokuror bu işdən çəkilsin kənara, Ramazanın da 300 minini düzəldib birtəhər verərəm, daha neyləyim, bir işdir düşmüşəm...”

Mənbənin iddiasına görə, Həsən Əliyev prokuror müavini ilə sövdələşməyə girdikdən sonra 600 min əvəzinə, 300 min qaytarmaq istəyir. Ehtimal ki, qalan 300 mini aralarında bölüşdürmək istəyirlər. Ancaq bölmə rəisi Hikmət Usubov onların bu planını pozur. Bunu sabiq hakimin özü də dolayısıyla təsdiqləyir: “Sonradan Cavidlə telefon danışıqlarımız da oldu. Cavid də demişdi ki, 300 düzəldib Ramazana ver, məsələ qurtarsın getsin. İş o yerə gəlib çıxmışdı ki, Ramazana artıq 250 min manat verilmişdi, 50 min manat qalmışdı, amma o 50 mini tapa bilmirdim.

Sonuncu dəfə Elman deyəndə ki, cəmi 50 min borc qalıb, onda Hikmət Usubov ona belə cavab verib: “Nə 50 min? 600-ə hələ çox var”.

Elman zəng vurub Usubovun bu sözünü mənə çatdırdı. Belə deyəndə Elmandan soruşdum ki, bəs demədinmi prokuror deyirdi İŞİ 300 MİN MANATLA BİTİRƏCƏYİK, indi necə oldu. Elman dedi ki, HİKMƏT RAZILAŞMIR...”

Göründüyü kimi, sabiq hakim özü etiraf edir ki, rayon prokuroru ilə “işi 300 min manatla bitirmək” istəyib, ancaq H.Usubov imkan verməyib. Həsən Əliyevin bölmə rəisi Hikmət Usubova olan qəzəbinin də məhz bununla bağlı olduğu şübhə doğurmur...

Sabiq hakimin sözlərindən belə bir ehtimal da çıxır ki, bu faktın ört-basdır edilməsinin qarşısı da H.Usubov tərəfindən alınıb. O, Həsən Əliyevin Nərimanov prokurorluğu ilə sövdələşməyə girdiyini, Səlimovun pulunun qalanını vermək istəmədiyini görərək, məsələni daha yuxarı instansiyalara çıxarıb. Sitat: “Bundan sonra onlar məsələni Bakı Şəhər Prokurorluğuna çıxardılar. Baş Prokurorluğa da müraciət olundu...”.

Bundan sonrası isə məlumdur.

Bu faktla bağlı cinayət işi açılması niyə ləngidilib?

Həsən Əliyevin yuxarıda qeyd etdiyimiz dördüncü iddiası isə, onun “ən yaxşı müdafiə hücumdur” mövqeyindən çıxış etdiyini söyləməyə əsas verir. Eyni vaxtda 4-5 yüksək vəzifəli şəxsi hədəfə alan, onlara açıq və üstüörtülü mesajlar göndərən sabiq hakim, haqqında vaxtında cinayət işinin açılmaması faktından məharətlə öz xeyrinə istifadə etməyə çalışır. Sitat: “Fərz edək ki, mən bu Ramazanı aldatmışam. Bəs bunun özü maraqlı deyilmi ki, hakim barədə ən aşağı “zveno”ya, aşağı instansiyaya - polis bölməsinə şikayət olunur. Bölmə rəisi və prokuror kimin adamıdır və kimə tabedir - bunlar hamıya bəllidir. Onların hüququ var idimi ki, mənim barəmdə araşdırma aparsınlar? Beş ay məni süründürüb pul tələb etməklə məşğul oldular. Əslində isə bölmə rəisi prokurora məruzə etməli, prokuror da baş prokurora zəng vurub deməli idi ki, belə bir şey var. Sonrasa bütün materiallar Məhkəmə-Hüquq Şurasına göndərilməli idi”.

Həsən Əliyev bu fikirlərində müəyyən qədər haqlı görünür. Həqiqətən, R.Səlimovun müraciətindən dərhal sonra bu faktla bağlı cinayət işi açılmalı idi. Ancaq mediaya verilən məlumatlardan və elə sabiq hakimin öz açıqlamaları da göstərir ki, onun əvvəlcə pulu qaytarmağa söz verməsi, sonra isə prokurorla sövdələşməyə girməsi məsələnin uzanmasına səbəb olub. Yəni, əvvəlcə onun hakim olduğunu nəzərə alaraq, hörmət ediblər, pulu qaytarmaqla işi böyütməməyə çalışıblar. Heç şübhəsiz “yuxarlar” da bundan məlumatlı olub...

Lakin Həsən Əliyevin başqa fikirlərə düşməsi işin şəklini dəyişdirib. Hər halda bölmə rəisi öz vəzifəsini yerinə yetirib, işi prokurorluğa göndərib. İş də məhz prokurorluqda uzanıb, hətta ört-basdır edilməyə çalışılıb. Ancaq Hikmət Usubovun pulun tam qaytarılmasında israr etməsi onların planını pozub. Təsadüfi deyil ki, H. Əliyevlə yanaşı Nərimanov rayon prokuroru Fikrət Mahmudov və prokuror müavini Cavid Quliyev tutduqları vəzifədən azad edilib, haqlarında araşdırma aparılır.

Sabiq hakimin açıq və üstüörtülü hədələrinin arxasında nə dayanır?

Həsən Əliyev vəzifədən çıxarılmasını və haqqında cinayət işi açılmasını MTN-ə müraciət etməsi ilə bağlamağa cəhd edir. Buna görə açıq şəkildə Ali Məhkəmənin sədri Ramiz Rzayevi, Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyevi və Baş Prokurorluğu ittiham edir. Ancaq elə onun öz fikirlərindən görünür ki, bu ittihamların arxasında faktlar deyil, həmin şəxslərlə keçmişə dayanan ədavət və son hadislərlə bağlı incikliyi dayanır. Məsələn, Mahmud Nəbiyevlə münasibətlərinin əvvəldən gərgin olduğunu söyləyir. Ramiz Rzayevi dalbadal plenumları keçirməkdə, onun səlahiyyətinə xitam verməyə çalışmaqda ittiham edir.

Baş Prokurorluğu isə istintaqı onun üzərində qurmaqda, ona rüşvət vermə ilə bağlı ittiham irəli sürməkdə günahlandırır. Ancaq ortada sadə bir həqiqətin olduğunu “unudur” – ona vəzifəyə düzəlmək üçün 600 min manat verdiyini söyləyən və bunu sənədlərlə sübut edən şikayətçi var.

Başqa sözlə, ortada haqqında cinayət ittihamı və bunu təsdiqləyən sənədlər, şahidlər olduğu halda Mahmud Nəbiyevin onu yoxlatdırmasında, Ramiz Rzayevin onun məsələsini Plenuma çıxarmasında, Baş Prokurorluğun ona qarşı ittiham irəli sürməsində təəcüblü heç nə yoxdur. Təbii ki, belə də olmalı idi. Bunun MTN-ə müraciətlə heç bir bağlılığı ola bilməz. Elə MTN də ortada hansısa şübhəli bir məqam olduğunu sezsəydi, işi prokurorluğa göndərməz, özü araşdırardı.

Həsən Əliyev açıqlamasında həm də üstüörtülü bəzi vəzifəli şəxslərə mesaj verir, onları danışmaqla hədələyir: “...mən bilirəm Nərimanov rayon prokurorunun Baş Prokurorluqdakı mövqeyi necədir, ona orada heç kim heç nə deyə bilməz. Çünki nə bölmə rəisi adi bölmə rəisi idi, nə də prokuror. Bunların hamısı müxtəlif vəzifəli şəxslərin qohumları idilər....

... Ad çəkmirəm, amma vaxt gələcək, ad da çəkəcəm. Kimdir o vəzifəli şəxs? Kimdən ehtiyatlanmışam?”

Az-cox məlumatı olan insanlar Həsən Əliyevin əslində kimləri nəzərdə tutduğunu təxmin edə bilir. Bu baxımdan xaraktercə cəsarətsiz insan olduğu deyilən H.Əliyevin ölkənin siyasi rəhbərliyində təmsil olunan şəxslərə qədər uzanan bu hədə mesajinin arxasında nəyin dayandığı maraq doğurmaya bilməz.

Sabiq hakimin bu cür hədələr səsləndirmək üçün əlində hansı əsasların olduğunu bilməsək də, inandırıcı görünmür. Bu baxımdan onun bu hədələri artıq hər şeyini itirdiyi üçün “saman çöpündən yapışmaq çəhdi” kimi izah edilə bilər.

Ancaq bu hadisədən hakimiyyətdaxili qruplaşmaların öz xeyirlərinə istifadə etmək, rəqib qrupun nüfuzuna zərbə vurmaq məqsədilə yararlanmağa çalışmasını da istisna etmək olmaz. Yəni, bir ildir susan Həsən Əliyevin birdən-birə ətrafdakı hər kəsə hədə-qorxu gəlməsi onu buna cəsarətləndirən şəxslərin olduğunu düşünməyə əsas verir.

Bunun Həsən Əliyevə nə isə köməyi dəyəcəkmi, bunu zaman göstərək.

İ. İsmayılbəyli

AzPolitika.info