Dövlət Təhlükəsizliyi Xidməti (DTX) bir-birinin ardınca müxtəlif dövlət orqanlarında əməliyyatlar keçirir, korrupsiya əməllərində şübhəli bilinən məmurlar həbs olunur. Xüsusi yeri icra başçıları tutur. Ötən ilin oktyabrından başlayan bu əməliyyatlar nəticəsində həbs olunanların əksəriyyəti icra başçılarıdır.

Bu əməliyyatlar ayrı-ayrı rayonlara rəhbərlik edən şəxslərin onminlərlə, yüzminlərlə manat rüşvət aldığını, korrupsiyaya yol verdiyini üzə çıxarır. Sosial şəbəkələrdə yazılanlardan belə qənaətə gəlmək olar ki, gördüklərimiz icra başçılarının əyri yolla əldə etdiyi sərvətinin kiçik hissəsidir.

İmişliyə rəhbərlik etmiş Vilyam Hacıyevin həbsindən çox keçməyib. 15 ildir icra başçısı postunu tutan 62 yaşlı məmur rüşvət sayəsində xeyli daşınmaz əmlak, var-dövlət əldə edə bilib. Vilyam Hacıyevin Bakıda Teymur Əliyev küçəsində, "Milyonerlər məhəlləsi” kimi tanınan ərazidə dəyəri 25 milyon dollar olduğu bildirilən imarəti var. Hacıyevin paytaxtın mərkəzi ərazilərində mənzillərini sadalamaq olar. O, icra başçısı olduğu illər ərzində yemədən-içmədən bütün məvacibini yığsaydı, metronun "Sahil” stansiyasının yaxınlığındakı beşotaqlı mənzili ala bilməzdi...

İmişlinin keçmiş icra başçısının Həsən Əliyev (keçmiş İnqilab) küçəsində də imarəti, Gəncədə, İmişlidə, Birləşmiş Ərəb Əmirliklərində, Qazaxıstanda böyük biznesinin olduğu bildirilir. Siyahı o qədər uzundur ki, bir yazını bütünlüklə Vilyam Hacıyevə həsr etmək mümkündür.

Vəziyyəti təhlil edən ekspertlər bu əməliyyatların davam edəcəyi fikrindədir. Bu fikri əsaslandıran əsas arqument də budur ki, icra başçılarının böyük əksəriyyətinin həyat tərzi də, fəaliyyəti də elə həbs edilənlər kimi olub. Ola bilsin ki, kimlərsə bu həbslərdən qorxuya düşərək, əməlinə çəki-düzən verib.

Məsələn, musavat.com-un məlumatına görə, sosial şəbəkələrdə Bərdənin icra başçısı Vidadi İsayevin sərvətilə bağlı paylaşılan məlumatları görəndə bu rayonda yoxsulların çoxluğunun səbəbini anlamaq olur. Həbib Müntəzir adlı facebook istifadəçisinin yaydığı məlumata görə, Vidadi İsayevin paytaxtın müxtəlif yerlərində mənzilləri, obyektləri var. Bahalı avtomobillər, kafelər, retoranlar da öz yerində. Vidadi İsayev bölgələrdə də əzəmətli imarətlər, mağazalar tikdirib. Onun ölkədən kənarda – Rusiyada, Türkiyədə biznesi var:

Bakı, A. Bakıxanov, ev 39 ünvanında xidməti mənzil

H.Zərdabi 3153-cü məhəllə, ev 7, mən. 200 xidməti mənzil

Şərq küç, ev 11B ünvanında xidməti mənzil

Oğluna 100.000 manatlıq çayxana

Kürəkəninə Qaçqın Şəhərciyində ümumi sahəsi 100 kv.metr olan dükan

"Ana və Uşaq” kafesi

"Təchizat BCS” MMC şirkəti

Bərdədə ikimərtəbəli mağaza

Mixaylovka kəndində bir imarət

Ağcakənddə ikinci böyük villa

Xətai rayonu, Babək prospektində 4 mərtəbəli 2 ayrı malikanə

90-GP-555 dövlət nişanlı Toyota Prado

90 GP 555 - Azərbaycan avtomobilləri - AUTO.AZ

Mercedes G63 AMG

Bərdədə Heydər Əliyev parkında kafe

Yevlaxda əzəmətli villa

Yevlax-Bərdə yolunun üstündə balıq vətəgələri

Yevlaxda, Bərdədə, Tərtərdə hektarla torpaq sahələri, iaşə obyektləri, mənzillər

Rusiyada, Türkiyədə biznes və obyektlər

Vidadi İsayev yaxın adamlarını da yaddan çıxarmayıb. İddiaya görə, oğlu, kürəkəni onun sayəsində Bakıda obyekt işlədir. Vidadi İsayevin Baş Prokurorluğun İstintaqa Nəzarət İdarəsinin rəisi Fazil Həsənəliyevlə quda olduğu bildirilir.