Pandemiya səbəbindən ticarət mərkəzlərinin və “Mall”-ların fəaliyyətinə qoyulan qadağa bu obyektlərdə çalışan sahibkarları və onların işçilərini çətin duruma salıb. “Xalqlar Dostluğu” metrosu yaxınlığında yerləşən “Maşın bazarı”nda avtomobil ehtiyat hissələrinin satışı ilə məşğul olan sahibkarlar da onların sırasındadır.
Maraqlıdır ki, bu bazarda paytaxtdakı digər bazarlardan fərqli olaraq, çıxışı küçəyə, yola olan mağazaların da işləməsinə imkan verilmir. Yəni bazarın daxilinə heç bir aidiyyatı olmayan, yol kənarındakı dükanların da fəaliyyətinə qadağa qoyulub. Bu da həmin mağazalarda çalışan insanların narazılığına səbəb olub.
Bununla yanşı, qeyd edilməlidir ki, avtomobil hissələrinin satışı pandemiya dövründə fəaliyyətinə icazə verilən sahələr sırasına aiddir.
Lakin “AzPolitika.info”-ya həmin bazarda fəaliyyət göstərən sahibkarlardan daxil olan məlumata görə, onların nəinki yerində, hətta onlayn satış həyata keçirməsinə belə imkan verilmir.
Belə ki, bazarın qarşısında növbə tutan Xətai rayon Polis Şöbəsinə aid polis naryadlarının, hətta mülki geyimdə dolaşan polis işçilərinin öz mağazalarından mal götürüb sifariş daxil olan müştərilərə çatdırmaq istəyən sahibkarları tutaraq, polis bölməsinə apardıqlarına dair məlumatlar var. Baxmayaraq ki, sahibkarlar mağazalarını açıq saxlamırlar, yalnız mal götürmək üçün özləri mağazaya daxil olub, mallarını götürüb çıxırlar.
Xatırladaq ki, Operativ Qərargahın qərarına görə, digər sahibkarlar kimi onlar da sifarişlə satış həyata keçirmək hüququna malikdirlər.
Sahibkarlar ilk növbədə qapısı yola açılan və bazarın daxilinə aidiyyatı olmayan mağazaların fəaliyyətinə icazə verilməsini və polisin heç olmasa onlayn, sifarişlə satış həyata keçirilməsinə imkan yaratmasını xahiş edirlər. Çünki ticarət mərkəzlərinin və bazarların fəaliyyətinə qoyulan qadağanın nə zaman bitəcəyi məlum deyil. Orada çalışan sahibkarların və onların işçilərinin sosial durumu isə günü-gündən ağırlaşır.
AzPolitika.info


Şərhlər