Bəzi ölkələr koronavirusun öyrənilməsi üçün Çinə missiya göndərir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun mənşəyinin tədqiq olunması məqsədilə Çinə missiya göndərəcək.

"Report" xəbər verir ki, bu barədə ÜST-ün Səhiyyə sahəsində fövqəladə vəziyyətlər üzrə proqram direktoru Maykl Rayan bildirib.

"Biz Çindəki həmkarlarımızla müzakirə prosesindəyik. Mənim bildiyimə görə, elmi missiyanın konkret tarixi hələ müəyyən edilməyib. Amma biz müxtəlif ölkələrdən elmi nümayəndələrin iştirakı ilə belə missiyanın keçirilməsi imkanını gözləyirik", - deyə təşkilatın “Twitter”dəki səhifəsində onun sözlərindən sitat gətirilib.

Rayanın sözlərinə görə, missiyanın vəzifəsi koronavirusun mənşəyini anlamaqdan ibarət olacaq. O, həmçinin əlavə edib ki, Çin belə yanaşmaya açıqdır.

Qeyd edək ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 5,5 milyonu ötüb. Bunların 2,3 milyon nəfərdən çoxu sağalıb, 347 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

635x100

Şərhlər

Əli 2020-05-25 23:52:41

ÜST-ə bir sualım var. 347000 adam ölüb. Siz koronavirusu öyrənməyə hələ indi adam göndərirsiniz?

Son yazılar