Almaniyada irqçi hücuma məruz qalan Azərbaycan vətəndaşlarının sayı məlum olub

2019-cu ildə Almaniyada 23 Azərbaycan vətəndaşı irqçi və siyasi motivli hücuma məruz qalıb.

Bu barədə “Report”un Avropa bürosunun sorğusuna cavab olaraq Almaniya Federal Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bu hadisələr zamanı həmvətənlərimizdən 1-i ölüb, 2-si ağır olmaqla, 20-si müxtəlif bədən xəsarətləri alıblar.

Hücuma məruz qalan Azərbaycan vətəndaşları 25-47 yaş arasında olublar. Həmin faktlar Almaniyanın Şimali Reyn Vestfaliya, Bavariya və Saksoniya əyalətlərində qeydə alınıb. Sonuncu hadisə 33 yaşlı qadının ölümünə səbəb olub. Hadisə Lemqo şəhərində qeydə alınıb. Naməlum maskalı velosipedçi yanan əskini yaxınlıqdan keçən azərbaycanlı qadının başına atıb. Qadın aldığı yanıq xəsarətləri nəticəsində ölüb.

Almaniya DİN-in məlumatına görə, ötən il ölkədə 41 177 siyasi motivli cinayət hadisəsi törədilib. Bu, 2018-ci illə müqayisədə siyasi cinayətlərin 14 faiz artdığını göstərir.

Almaniyanın daxili işlər naziri Horst Seehofer bildirib ki, 2019-cu ildə qeydə alınan 22 342 siyasi motivli cinayətin yarısından çoxu radikal millətçilər tərəfindən törədilib.

O, sağçılar tərəfindən törədilən cinayətlərin 2018-ci ilə nisbətən 2019-cu ildə 9,4 faiz artdığını vurğulayıb.

Nazir radikal millətçilərin törətdikləri cinayətlərin 63,8 faizinin təbliğat, 13,7 faizinin təxribatçı insanlar, 4,9 faizinin əmlaka ziyan və 4,4 faizinin zorakılıqla bağlı hadisələr olduğunu bildirib.

İrqçi və siyasi motivli cinayətkarlığa qarşı mübarizə kontekstində işlərin aparıldığını deyən H.Seehofer payızda bu çərçivədə mühüm tədbirlər görəcəklərini və gələn ilin əvvəlində bunun Federal Məclisdə müzakirə edəcəklərini diqqətə çatdırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar