ÇİNƏ QARŞI ABŞ-RUSİYA İTTİFAQI? – “Rusiyanın ABŞ-ın müttəfiqi olması müşkül görünür, amma...”

Bildiyimiz kimi, son illər ABŞ və Çin əlaqələrində ciddi gərginlik yaşanır. Bu qarşıdurma ticarətlə, intellektual mülkiyyətlə və Cənubi Çin dənizi ilə bağlı məsələlərdə özünü daha bariz şəkildə göstərir. Çinin davranışları amerikalıların həyati vacib sferalarına toxunduğu üçün ABŞ-ın Çinə qarş lazımı cavab verməsi ideyası meydana çıxıb. İndi bu ideyanın əhatə dairəsi genişlənir.

Hadisələrin perspektiv gedişi öncəki yeni soyuq müharibəyə bənzəməyəcək. Çünki Sovet İttifaqı Çindən fərqli olaraq, heç zaman ABŞ-a praktik bərabər iqtisadi rəqib olmayıb. Hazırda Çinin ixtiyarında güclü texnoloji potensial var və digər yandan isə Pekin silahlı qüvvələrə yaxşı maliyyə vəsaiti ayırır ki, bu da onu mürəkkəb rəqibə çevirir.

ABŞ-ın 40-dan çox müttəfiqi var. Çinin isə dostu Şimalı Koreyadır. İrəlidəki dönəmlərdə ABŞ-ın qərarlılığı, kreativliyi və digər ölkələrlə əməkdaşlığa hazır olması ciddi sınaqlardan keçəcək. Belə ki, ABŞ-ın alyansları ciddi zərər görüb. Məsələn, Çinin sürətli böyüməsinə görə Avropanın xeyli təhlükəylə üzləşməsinə baxmayaraq, onlar tam olaraq ABŞ-a da güvənmirlər. Yeni soyuq müharibə şəraitində Amerika bu əlaqələri mütləq bərpa etməlidir. Bəlkə də ABŞ strateji planda özünü daha cəsarətli aparmalıdır.

Xeyli vaxtdır ki, ABŞ, Rusiya və Çin arasında üçtərəfli əlaqələr qurulub. Beynəlxalq münasibətlərin klassik nəzəriyyəsinə əsasən, gec və ya tez iki tərəf bir-birinə daha sıx yaxınlaşacaq və üçüncü tərəf üzərində üstünlük əldə etməyə çalışacaqlar.

1949-cu ildə Çin Xalq Respublikası qurulanda Çin Sovet İttifaqı ilə yaxşı münasibətlər yaratdı, amma bundan 10 il sonra onlar arasında dramatik ayrılma baş verdi. 1972-ci ildə ABŞ prezidenti Çin ilə münasibətlər qurmaq qərarına gəldi. Onların yaxınlaşması SSRİ-ni öz strateji hesablarına yenidən baxmağa məcbur etdi.

2000-ci ildə Vladimir Putin Rusiya prezidenti seçiləndə o, ölkənin beynəlxalq arenadakı mövqeyini bərpa etmək istəyirdi. Putinin bu səyləri çərçivəsində Rusiya Amerikanın Asiya və Avropadakı təsirlərinə qarşı dayanmaqdan ötrü, planlı şəkildə Çinlə yaxınlaşdı.

Amma Çinin gücü artdığı üçün müvafiq surətdə Rusiyanın həyəcanı da artdı. Hazırda Rusiyanı ən çox Uzaq Şərq federal dairəsi narahat edir. Oradakı əhalinin sayı 6,2 milyon olduğu halda, Çinin həmin federal dairə ilə sərhəd əyalətlərində 100 milyon adam yaşayır. 1969-cu ildə iki ölkə sərhəddində çoxsaylı əsgər ölümüylə nəticələnən silahlı toqquşma baş vermişdi. Çinin yüksələn iqtisadi-maliyyə zənginliyi indi Rusiyanı 10 dəfə üstələyir ki, bu da Moskvanı narahat etməyə bilməz.

Əgər məsələyə dəyişən geosiyasi kontekstdən yanaşsaq, onda iki ölkənin iqtisadi imkanları arasındakı bu cür natarazlıq Rusiyanı yeni dostlar tapmağa məcbur edəcək.

Sözsüz ki, Rusiyanı ABŞ üçün ideal əməkdaş adlandırmaq olmaz. Rusiyanın Yaxın Şərqdəki fəaliyyətləri, kiberhücumlar vasitəsilə Amerika içərisində fikir ayrılığı salmaq kimi hərəkətlərin davam etdirilməsi narahatçılıq üçün əsas verə biləcək xüsusiyyətlərdən yalnız bir neçəsidir. Amerika Birləşmiş Ştatları Rusiyanın fəaliyyətlərini əngəlləyərək, qətiyyətlə öz maraqlarını qorumalıdır.

Proseslərin gedişi göstərir ki, həlledici anlarda Rusiya beynəlxalq münasibətlərdə özünü tərəddüd edən oyunçu kimi aparır. Amma hər halda Rusiya konkret mövqe ortaya qoymalıdır. Yəni, yeni soyuq müharibə şəraitində o, ya Çinə, ya da Amerikaya yaxınlaşa bilər.

Birləşmiş Ştatlar çətin ki, daha bir böyük dövlətlə qarşıdurmaya girmək istəsin, çünki onlar bütün fikirlərini Çinə doğru cəmləyiblər. Ona görə də, ABŞ Rusiya ilə yeni növ münasibətlər qurulmasını gözdən keçirməlidir. Bu yeni növ münasibətlər Çinin artan gücünə qarşı birlikdə əməkdaşlıq etmək üçün yararlı ola bilər.

Rusiya ilə yaxınlaşmaq üçün mövcud Rusiya-Amerika əlaqələri sahmana salınmalıdır. Bundan ötrü Konqresdəki bir sıra qanunlara dəyişikliklər edilməli və ya onların bəziləri ləğv olunmalıdır. Amerika ilə Çin arasındakı rəqabətin güclənməsinin hansı nəticələrə gətirib çıxarmasını söyləmək çətindir. Lakin bir şey aydındır: əgər Amerika çoxsaylı ölkələrdən geniş əməkdaşlıq dəstəyi alarsa, onda onun uğur qazanmaq şansları artacaq. Hərçənd ki, Rusiyanın ABŞ-ın yaxın müttəfiqi olması müşkül görünür, amma buna baxmayaraq, hər iki ölkə Çinə qarşı önləyici tədbirlər almaqda maraqlıdır. Əgər ABŞ hər iki ölkənin bu oxşar niyyətindən məharətlə istifadə etməyi bacararsa, onda bu, onlara böyük fayda gətirəcək.

Baxaq görək, Amerika bunu etmək qabiliyyətinə malikdirmi?

(“The Hill”-ABŞ)

635x100

Şərhlər

vuqar 2020-06-07 15:10:44

BU GUN DUNYADA ABS CİN VE YA RUSİYANI MUHARİBE YOLU İLE MEGLUB ETMEK QEYRİ MUMKUNDUR! BU REALLIQLAR! MUBAHİSE MÖVZUSUDA DEYİL!

Əli 2020-06-05 11:53:31

Rusiya Amerika ilə strateji tərəfdaş olması qeyri mümkündür. Əgər Amerika Rusiyaya təyyarə daşıyan satsa yalandan müttəfiq ola bilər bəlkə də. Ümumiyyətlə isə bu qeyri mümkündür.

Son yazılar