Şəmkir rayon Zəyəm Cırdaxan kənd sakini Aydın Həsənov deyir ki, 3 aydır dializ xəstəsi olmasına baxmayaraq əlillik dərəcəsi ala bilmir.
"AzPolitika.info"-ya müraciət edən şikayətçi müvafiq sənədləri mart ayında Şəmkir rayon Poliklinikasına təqdim etdiyini, amma bu günə qədər cavab ala bilmədiyini bildirib :"Mən evdə işləyən, gəlir gətirən yeganə şəxs idim, həyat yoldaşım və övladlarım işsizdirlər. Dializ xəstəsi olduqdan sonra işimi itirmək məcburiyyətində qaldım. Həftədə 3 dəfə Şəmkirdən Tovuza- Hemodoliz Mərkəzinə gedib dializ olunuram.
Taksi və s. xərclərə hər həftə 70-80 manata qədər pul xərcləyirəm. 3 ayda bütün xərclərimi qohumların yardımı və aldığım borc vasitəsi ilə ödəmişəm. Artıq tükənmişik, səhhətim işləyib pul qazanmağa imkan vermir, birinci qrup əliləm.
Amma əlilliyimi dövlət qurumları təsdiq etmirlər. Bu günlərdə mətbuat vasitəsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSM) müraciət edib etirazımı bildirdim. Oradan dedilər ki, dializ xəstəsi olması ilə bağlı səhiyyə qurumlarından onlara hər hansı müraciət daxil olmayıb".
Vətəndaşın şikayətini araşdırmaq üçün əvvəlcə ƏƏSM-lə əlaqə saxladıq. Nazirlikdən bildirilirdi ki, Aydın Həsənovla bağlı onlara hər hans bildiriş, "forma 88" göndərilməyib. Sistemdə bu barədə hər hansı məlumat yoxdur.
Şəmkir rayon Poliklinkasından isə "AzPolitika.info"-nun sorğusuna cavab olaraq məlumat verildi ki, onlar mart ayından etibarən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tərkibinə veriliblər.
Adıçəkilən qurumun rəhbəri Ramin Bayramlının müvafiq əmri ilə dializ və onkoloji xəstələrə əlillik qruplarının verilməsi ilə bağlı sənədlərin təqdim edilməsi prosesi dayandırılıb. Bunun səbəbləri barədə isə hər hansı izahat verilməyib: "Hazırda 13 dializ xəstəsi və onkoloji xəstə bizə müraciət edib, onlara nə cavab verəcəyimizi bilmirik. Biz sənədləri TƏBİB-in sisteminə vurmuşuq, amma onlar təsdiq etməyiblər".
TƏBİB-in ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Rəvanə Əliyeva "AzPolitika.info"-ya açıqlamasında təsdiq edib ki, qurumun rəhbəri Ramil Bayramlının müvafiq əmri ilə dializ, onkoloji xəstələrə əlillik qruplarının verilməsi ilə bağlı prosesi dayandırıblar.

"Bu qərar ölkədə yaranmış pandemiya vəziyyətinə görə verilib. Nə vaxt bərpa olunacağı isə bəlli deyil, rəhbərliyin bu barədə əmrində qeyri-müəyyən müddət göstərildiyinə görə əlavə məlumat verə bilmərəm"-deyə R. Əliyeva vurğulayıb.
Dializ və onkoloji xəstələrin sosial baxımdan zəif müdafiə olunan, habelə ciddi müalicə xərcləri olan vətəndaşlar olduğunu nəzərə alaraq TƏBİB hansı addımlar ata bilər? Təəssüf ki, bu barədə sualımız da cavabsız qaldı.
Tibb elmləri doktoru, professor Adil Qeybulla problemi şərh edərkən bidlririb ki, hazırda bu sahədə olduqca qəribə vəziyyət yaranıb: "Sizin dediyiniz məsələlərin həlli ilə məşğul olan qurum 2 aydan çoxdur işləmir. İnsanlar, xəstələr qalıblar çarəsiz bilmirlər neynəsinlər. Belə olmaz! Pandemiyadır, başa düşürük, amma vətəndaşların müraciətlərini elektron qaydada həll etməyə nə mane olur axı? Yaxud müvafiq qurumların işçiləri məhdud sayda işə çıxıb insanların müraciətlərini həll etsinlər. Niyə etmirlər axı?!"

Adil Qeybulla deyir ki, sovetdən qalma bütün strukturlarla qurtarmaq lazımdır, əks halda, süründürməçilik, neqativ hallara son qoyulmayacaq, vətəndaş da əziyyət çəkəcək: "Türkiyədə Sosial Güvənlik adlı dövlət qurumu var. Həkim xəstə ilə bağlı məlumatları yazıb ora göndərir, bütün məsuliyyəti də özü daşıyır. Xəstəyə də əlillik dərəcəsi təyin olunur, pensiya, müavinət kəsilir. Bunu Azərbaycanda etmək çoxmu çətindir?!"
AzPolitika.info

Şərhlər