Menu

“Həmin hadisənin icra hakimiyyətinə heç bir aidiyyatı yoxdur” - Daşkəsən İcra Hakimiyyəti təkzib edir

10.06.2020, 16:26
“Həmin hadisənin icra hakimiyyətinə heç bir aidiyyatı yoxdur” - Daşkəsən İcra Hakimiyyəti təkzib edir

09 iyun tarixli sayımızda Kəlbəcər sakini Atayev Zabil Mansır oğlunun ölkə başçısına və Baş prokurora ünvanladığı və bir nüsxəsi də “AzPolitika.info”-nun elektron poçtuna göndərilən şikayət məktubu əsasında yazı dərc edilmişdi.

Həmin məktuba şikayətçinin şəxsiyyət vəsiqəsinin və Daşkəsən Rayon İcra Hakimiyyəti ilə bağlanılan müqavilənin surəti də əlavə olunmuşdu. Şikayətçi Daşkəsənin icra başçısının müavini Namiq Süleymanovun qanunsuz hərəkətlərilə üzləşdiyini iddia edirdi. Bildirirdi ki, öz köçünü yaylağa apararkən Namiq Süleymanov rayonun giriş postunda onu və ailəsini qanunsuz olaraq, 10 saat müddətində saxlayıb. Bu zaman onun azyaşlı nəvəsi Atayev Yusif Nurlan oğlunu avtomobil vuraraq, ona ağır bədən xəsarəti yetirib. Şikayətçi rayonda yaylaq ərazilərinin pulla satıldığını iddia edərək, ölkə başçısından və Baş prokurordan ümumilikdə Daşkəsən İcra Hakimiyyətinin fəaliyyətinin yoxlanmasını xahiş etmişdi.

Həmin şikayəti dərc edən saytımız orada adı keçən şəxslərin də mövqeyini işıqlandırmağa hazır olduğunu qeyd edib. Bu gün həmin şikayətlə bağlı “AzPolitika.info”-nun elektron poçtuna Daşkəsən Rayon İcra Hakimiyyətinin nümayəndəsi Elmar Əliyevin adından Baş prokurora ünvanlanan məktub daxil olub. Həmin məktubda deyilir: ”Bildiririk ki, mayın 27-də Daşkəsən rayonu ərazisində baş vermiş yol nəqliyyat hadisəsi barədə Daşkəsən rayon Polis şöbəsi tərəfindən rayon İcra Hakimiyyətinə məlumat verilmişdir. Rayon Polis Şöbəsi tərəfindən verilmiş məlumatda bildirilmişdir ki, həmin hadisədə heç bir xəsarət alan və şikayətçi yoxdur.

Müxtəlif xəbər saytlarında və sosial şəbəkələrdə Daşkəsən rayon İcra hakimiyyətinin nüfuzunu ləkələməyə yönəlmiş, aparılan çirkin, qərəzli kampaniyaya münasibət olaraq bildiririk ki, ictimai fikri çaşdıran bu xəbərlər tamamilə yalandır, uydurma və şayiədir. Həmin yol nəqliyyat hadisəsinin Daşkəsən rayon İcra hakimiyyətinə heç bir aidiyyəti yoxdur.”

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol