“EVLƏRDƏ ON MİNLƏRLƏ KORONAVİRUS XƏSTƏSİ VAR...” - Həkimdən şok iddialar

Ədalət Rüstəm: “Tibb bacıları evlərə sistem qoşmağa 30-40, hətta 100 manata gedirlər”

Azərbaycanda koronavirus xəstələrinin evdə müalicə olunması müşkülə çevrilib. Xəstəxanaların yalnız ağır vəziyyətdə olan xəstələri qəbul etməsi, yüngül və orta halda olan COVİD-19 xəstələrinin isə sahə həkimləri tərəfindən evlərdə müalicə olunmasına başlanması çətinlik yaradıb.

Doğrudur, son günlərdə epidemiya sönməyə doğru yön alıb, sağalanlar yoluxanları aşkar fərqlə üstələməkdədirlər. Amma yüngül və orta ağır xəstələrin üzünə xəstəxanalar bağlanıb. Ölkədə fəaliyyət göstərən 30-dan çox tibb müəssisəsi sırf koronaviruslu xəstələrin müalicəsi üçün ayrılıb. Özəl tibb müəssisələrindən isə bəziləri bu xidmət üçün tam hazır vəziyyətə gətirilərək xəstələr üçün təhvil verilib.

Bu barədə “Yeni Müsavat”a açıqlama verən həkim Ədalət Rüstəmin sözlərinə görə, evdə müalicə olduqca çətin məsələdir. Onun fikrincə, xəstələri dərmanla Səhiyyə Nazirliyi təchiz etməliydi: “Poliklinikalar və sahə həkimləri vasitəsilə bu iş həyata keçirilməliydi. Sahə həkimlərinin isə koronavirus haqda təsəvvürləri demək olar ki, yox səviyyəsindədir, onlara təlimlər keçirilməyib, dərman təchizatı yoxdur. Ona görə xəstələr də məcbur qalırlar ki, qohum-qonşudan tibb bacıları tapsınlar. Tibb bacıları isə evlərə getmək istəmirlər, yoluxmaqdan qorxurlar.

Bu səbəbdən evlərdə xəstə müalicəsinə getməyə razı olan tibb bacıları yüksək qiymət tələb edirlər. Məsələn, bir sistemi qoşmaq üçün 30-40, hətta eşitdiyimə görə, bəzi hallarda 100 manat istəyirlər".

Doktor hesab edir ki, tibb bacılarının tələbini anlayışla qarşılamaq lazımdır: “Bu da təbiidir, özləri risk altındadırlar, xüsusi geyimləri yoxdur, maska ilə COVİD-19 xəstəsi ilə təmasda olanda yoluxa bilir, nəticədə baha qiymətə evlərə getməyə razılaşırlar. Digər tərəfdən isə evdə müalicə olunan xəstələr həddindən artıq çoxdur. Stasionar qəbul olunan xəstə sayı gündəlik 400 civarındadır. Rəsmi göstəricidə 400 nəfər ətrafında olan rəqəmlər bütün xəstələrin 20 faizini təşkil edir. Qalan 80 faizi gündəlik 3200-3500 xəstə deməkdir. Onlar yüngül və orta ağır xəstələrdir”.

Ədalət Rüstəm

Ə.Rüstəmin dediyinə görə, həmin xəstələr isə ya müalicə olunmaq istəmirlər, TƏBİB-ə və təcili yardıma müraciət etmirlər, ya da onlara deyilir ki, sizi sahə həkimləri evdə müalicə eləsinlər: “Bu cür koronavirus xəstələrinin gündəlik 3500 nəfər olduğunu hesablasaq, 20 günə 70 min koronavirus xəstəsi edir. Əvvəlki 10 günü də əlavə etsək, gəlib 100 minə çıxır. Bu da evlərdə 100 min xəstə edir. Bu qədər xəstəni poliklinikanın və sahə həkimlərinin qarşılamaq potensialı, gücü çatmır. Nəticədə həmin adamlar özləri həkim, tibb bacısı tapmağa məcburdurlar. Onların tapdıqları həkimlər isə telefon vasitəsilə müalicə yazır. Belə xəstələr ailəsi üçün təhlükə mənbəyinə çevrilirlər”.

Qeyd edək ki, üç həftəyə yaxın müddətdə ev şəraitində müalicə olunan 12 min 862 vətəndaş ambulator nəzarətdədir. Bunu Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov deyib. O bildirib ki, həmin vətəndaşlardan səkkiz mindən çoxu laborator testi mənfi olanlar və xəstəxanadan çıxan, müalicəsi evdə davam edən, test nəticələri mənfi olsa da, COVİD-19 xəstələri ilə ünsiyyətdə olanlardır.

Nazirlik rəsmisi qeyd edib ki, poliklinikalar nəzdində yaradılan məntəqələrə 400-500 müraciət olur. Onların əksəriyyəti telefon vasitəsilədir. Bu gün poliklinikalarda götürülən yaxmalar altı minə yaxındır.

Referans Klinik Laboratoriya Mərkəzi COVİD-19 testinin aparılması üçün akkreditə olunmuş laboratoriya mərkəzi olaraq gün ərzində TƏBİB tərəfindən 1000-ə yaxın nümunə qəbul edir, eyni zamanda həm dövlət müəssisələri tərəfindən göndərilən test nümunələrinin yoxlanılması, həm korporativ şirkətlər tərəfindən müraciətlər əsasında filiallar daxilində və yerlərdə nümunələrin alınması, həm də AZAL tərəfindən göndərilən vətəndaşlardan uçuşdan öncə nəticəyə uyğun tibbi arayışların verilməsi məqsədilə götürülən biomaterialın yoxlanılması və nəticələrin TƏBİB-ə düzgün və zamanında ötürülməsinə dəstək göstərir.

Referans Klinik Laboratoriya Mərkəzi göstərilən tibbi xidmət daxilində vətəndaşların kütləvi müraciətlərini nəzərə alaraq AZAL tərəfindən göndərilən vətəndaşlardan uçuşdan öncə nəticəyə uyğun tibbi arayışların verilməsi məqsədilə Səyyar COVİD-19 Nümunə Qəbulu Məntəqəsini istifadəyə verib. Məntəqənin ilk ünvanı Əhmədli qəsəbəsi, Ukrayna dairəsinin yaxınlığındadır. Növbəti dayanacaq məntəqəsi vətəndaşlardan gələn istək üzərinə təyin ediləcək.

Referans Klinik Laboratoriya Mərkəzi olaraq həm Xaçmazda Səyyar Tibbi xidmət qatarı, həm də Bakı və ətraf kəndlərin vətəndaşlarına və şəhərimizin qonaqlarına xidmət göstərmək üçün yaradılan Səyyar COVİD-19 Nümunə Qəbulu Məntəqəsi vasitəsilə testlərin götürülməsi pasiyentlərin klinika daxilində personallarla və digər pasiyentlərlə ünsiyyətini maksimum məhdudlaşdırmaq, eləcə də nəqliyyatın sıxlığını və vaxtı optimallaşdırmaq üçün görülən profilaktik tədbirlərdəndir. Hazırkı karantin şəraitində AZAL uçuşları üçün müraciətlərin səyyar məntəqədə qəbulu klinikalarda və sosial mühitdə sanitar-epidemioloji vəziyyəti nəzarətdə saxlamaq üçün vacib amillərdən biridir.

Laborator müayinə adətən PZR yaxma üsulu ilə aparılır. 24-48 saat ərzində cavablar hazırlanır.

Qeyd edək ki, Azərbaycanda ilk yoluxma fevralın 28-də qeydə alınıb, ay ümumilikdə 3 yoluxma ilə bitib. Martın 12-si ilk ölüm barədə məlumat verilib. Ayın sonunda ümumilikdə 298 nəfərin koronavirus infeksiyasına yoluxduğu, 5 nəfərin vəfat etdiyi açıqlanıb.

Aprelin 10-na koronavirusun milli statistikası belə olub: 991 yoluxma, 10 ölüm.

Aprelin 20-dək 1436 yoluxma, 19 itki rəsmiləşib.

Ay bu nəticələrlə bitib: 1804 yoluxma, 24 ölüm.

Mayın 10-dək 2519 yoluxma, 32 itki qeydə alınıb.

Mayın 20-nə statistika belə olub: 3631 yoluxma, 43 ölüm.

Aya bu nəticələrlə nöqtə qoyulub: 5494 yoluxma, 63 itki.

İyunun 10-na yoluxanların ümumi sayı 8530-a, ölənlərin ümumi sayı 102-yə çatıb.

İyunun 20-nə rəsmi hesabat belə olub: 12238 yoluxma, 148 ölüm.

Ay bu statistika ilə yekunlaşıb: 17524 yoluxma, 213 itki.

İyulun 10-na yoluxanların ümumi sayı 22990 nəfər, ölənlərin sayı 292 nəfər göstərilib.

İyulun 20-nə olan statistika belədir: 27890 nəfər yoluxan, 363 itki.

Martda 5, apreldə 19, mayda 39, iyunda 150, iyulda 150 nəfər koronavirusun qurbanı olub.

635x100

Şərhlər

semed 2020-07-22 14:54:40

koronovirusun gelisi ile beraber poloklinikalarda seker xestelerine verilen AMARIL DERMANI DA YOXA CIXDI ARTIQ 4 AYDI

t.ədalət 2020-07-22 13:17:15

Səhiyyə nazirindən dərman almaq,elə erməni-rus hərbi birləşmələri ilə döyüşmək qədər qəlizdir.

Lətif 2020-07-22 12:57:41

Evdə yatmaq,havasız,günəşsiz,zəif qidalanma immunitet çatışmamazdığında gərib çıxarır,soyuq su içən kimi, soyuq olan kim insan xəstələnir,adını qoyurlar Virusa yoluxub.

Son yazılar